Pinəçi

Pinəçi
  13 May 2013    Oxunub:2342
Səfurə Çərkəzqızı

(“Həyat hekayələri”)

...Bir pinəçi tanıyırdım. Hər səhər işə gedəndə onu binaların arasında, elə küçədəcə qabağına bir yığın ayaqqabı töküb, işləyən görürdüm. Dərisi qapqara –torpaq rəngindəydi, üz-gözündəki qırışlarsa torpağın üzünə çəkilən əkin cərgələrinə bənzəyirdi. Gözləri o qədər sirli, o qədər dərdli idi...
...Bir gün ona işim düşdü. Ayaqqabıları sellofan torbadan çıxarıb pinəçiyə uzatdım. Əlimdən alıb kənara qoydu, sonra ağlına nə gəldisə, ayaqqabıları çevirib altına baxdı. Birdən-birə sifəti dəyişdi, başını yellədə-yellədə gülümsündü, gözlərini üzümə zillədi. Gözləri həmişəki deyildi, bu dəfə orda sirrdən, dərddən başqa, parıltı da vardı. O parıltı qar altından günəşə boylanan çiçək kimiydi...
...Amma hələ də nə olduğunu anlamırdım.

-Sağ ol, ay bala, ananın südü sənə halal olsun!
Çaşıb qalmışdım:
-Niyə?!
- Sən mənim ürəyimi dağa döndərdin!
- Neylədim axı?!
- Sən ki bu ayaqqabını zığdan, palçıqdan təmizləyib, sonra mənə gətirmisən, sənə halal olsun! Eeey, ay bala, bilirsən, bu dünyada necə gönüqalın adamlar var?! Ayaqqabını, yalan olmasın, yarım kilo palçıqla gətirirlər ki, al, bunu tik. Pinəçi olanda noolar, bəyəm mən adam deyiləm?!

Köks ötürdü. Sonra yenə danışmağa başladı:

-Gərək, insan insana hörmət eləsin. Bax, dayın başına dönsün, bu gün sən məni pinəçilikdən, bax, ora (əliylə başının üstünü, göy üzünü göstərdi) qaldırdın. Get, axşam tərəfi ayaqqabın hazır olacaq, pul-zad da lazım deyil...

... Pinəçidən ayrılıb işə getdim, amma onun gülümsəyən sifəti, işıldayan gözləri heç yadımdan çıxmadı...

...İnsanlar nələrə möhtacdı!!!


Teqlər:  





Xəbər lenti