22 yaşında qalmaq

22 yaşında qalmaq
  15 May 2013    Oxunub:2600
Leyla Əliyeva

Anama deyin, anama deyin, balası gələr
Dağları dələr, gözləri gülər, gülər, gülər...

Nə dağları dəldi, nə də bu 21 ildə nənəmin gözləri güldü... O və onun başdaşı qoyulmayan məzarı dağların o tayında qaldı, biz isə burda... O, uğrunda savaşdığı Ağdama xilaf çıxmadı; uğrunda savaşdığı torpağa da qarışdı... O, bizim yaddaşımızda həmişə heç tamamlaya bilmədiyi 22 yaşında qaldı... Bizsə yaşadıq, böyüdük və artdıq... Günahlarımızı da böyütdük, dərdlərimizi də artırdıq...
Onu nə önündə diz çökən babamın andı, nə də nənəmin onun üçün bişirdiyi, qazan dolusu sevimli yarpaq dolması saxlaya bildi... Ölümünə tələsdi... Necə tələsdisə, hərbi hissəyə çatmamış ermənilərin Ağdama atdığı “qrad”lardan biri də ona nəsib oldu... Yası da elə aramsız atılan qırat mərmilərinin altında, mənim yaddaşımda biz uşaqların gizləndiyi “bombabejiş”də, bir də onunçün bişirələn yarpaq dolmasıyla dolu buludların stol üstdə titrəyən rəqsi ilə keçdi...

Nənəm bir də heç vaxt yarpaq dolması bişirmədi... Bükdüyü ağ kələm dolmalarının arasına düzdü və gizlətdi balaca, qara dolmaları... Qara dolmanın qaralığından qorxdu həmişə nənəm...

Ondan qalan yeganə təsəllli işıqlı uşaqlıq xatirələri, zarafatları və gülüşü oldu...Bir də gülüşü ona bənzəyən qardaşı oğlunda yaşayan adı... Bəlkə də nənəm və babam sonbeşiklərini həmişə xatırlamaq istədikləri kimi xatırladılar...

Bilirsən, dayı, uşaqlığımız ölənə qədər cibində saxladığın, bir parçasını “qrad” qəlpəsinin qopardığı, yanıq cib bloknotunu anam evdən çıxan kimi vərəqləmək, ordakı silah şəkillərinə baxmaq, müharibəni anlamağa çalışmaqla keçdi… Uşaqlığımız bloknota yazdığın sevgi şeirlərinə, qız şəkillərinə baxıb sevdiyin qızı təsəvvür etmək, heç vaxt baş tutmayacaq toyunun xəyalını qurmaq, Rişi Kapura bənzərliyin ucbatından “Bobbi” filmini, “Cənab Leytinant” səslənəndə Şəmistan Əlizəmanlının səsini mamamdan gizlətməklə keçdi...

Sən fotolarda həmişə cavan qaldın... Sən qocalmaq, keçid dövrü, qırışların nə olduğunu bilmədin... Sən kinayəli və vurğulu “qaçqın” sözünü, uzun çörək və su növbələrini görmədin, eşitmədin... Torpağını, evini, yaxınlarını və qəbrini itirməyin, ən əsası Ağdamsız yaşamağın əzabını dadmadın... Biz isə nə oralara gedə bildik nə də burda qala...

Bu gün 22 yaşını tamamlamağının 21 ili tamam olur. Tamam olmayan yaşın mübarək...


Teqlər:  





Xəbər lenti