"28 May"da kondisioner sistemi quraşdırılacaq

"28 May"da kondisioner sistemi quraşdırılacaq
  23 May 2013    Oxunub:1384
2011-2015-ci illər Dövlət Proqramına uyğun olaraq, yenidən qurulan "28 May" stansiyasının əsas giriş pavilyonundan sonra platforma səviyyəsində də söküntü işləri planlı şəkildə davam etdirilir.

Bakı Metropolitenindən AzVision.az verilən məlumata görə, hazırda stansiya üzərində qurulacaq yeni konstruksiyanın sütunlarının qoyulması üçün bünövrə işləri yerinə yetirilir və izolyasiya olunur. Yeni konstruksiya əvvəlkindən 2 metr hündür olacaq, giriş pavilyonu 150 kvadratmetrə qədər genişlənəcək, həmçinin kassa zalının həm xarici, həm də daxili görünüşü dəyişdiriləcək.

Bundan əlavə, zalın ümumi hündürlüyünün artması həm də tavan üstü ilə ventilyasiya işlərini yerinə yetirməyə şərait yaradacaq. Yeri gəlmişkən, burada tam yeni ventilyasiya sistemi qurulacaq və kondisionerləşdirmə də tətbiq olunacaq. Bu sistemlər platforma səviyyəsində yerləşən otaqlarda və eskalator maşın zalında quraşdırılacaq.

Yuxarı vestibüldə yerləşəcək stansiya rəisinin otağı, istirahət və nəzarət otaqları, həmçinin tibb məntəqəsinin arakəsmələri artıq inşa olunub. Burada daxili kanalizasiya xətti də tam yenilənir.


Teqlər:  





Xəbər lenti