“Qızıl balıq” diplomatiyası

“Qızıl balıq” diplomatiyası
  18 İyun 2013    Oxunub:11237
Azərbaycana qarşı yaradılan lobbiçilik mexanizminin pərdəarxasında nələr gizlənir


2010-cu ildə 10-dan artıq beynəlxalq qeyri-hökumət təşkilatı Azərbaycanda ifadə azadlığının müdafiəsi məqsədilə Azərbaycan üzrə Beynəlxalq tərəfdaşlıq qrupu yaratdılar. Həmin qrup bu problemin milli hökumətlər və beynəlxalq təsisatlar qarşısında aktuallaşdırılması üzrə səylərin birləşdirilməsi üçün QHT koalisiyası idi.

Bu qrupa Britaniyanın “Article 19” və “İNDEX on Censorship”, ABŞ-ın “Freedom House” və Jurnalistləri Müdafiə Komitəsi, Norveçin “Human Rights House” Fondu, Danimarkanın “Media Diversity İnstitute” təşkilatı, beynəlxalq təşkilatlardan isə “Human Rights Watch”, WAN-İFRA (Beynəlxalq Naşirlər və Redaktorlar Assosiasiyası), İPİ (Ümumdünya Mətbuat İnstitutu), Beynəlxalq Jurnalistlər Federasiyası və “Sərhədsiz reportyorlar” daxil idi.

Azərbaycanda ifadə azadlığının müdafiəsi məqsədilə belə bir tərəfdaşlıq qrupunun yaradılması ideyası daha çox 2007-2008-ci illərdə jurnalist həbslərindən və bu problemin beynəlxalq təşkilatlarda, ilk növbədə Azərbaycanın 1999-cu ildən bəri üzvü olduğu Avropa Şurasında aktuallaşmasından doğmuşdu. İfadə azadlığı problemini aktuallaşdırıb gündəmə gətirmək üçün oxşar koalisiyalar paralel olaraq digər problemli ölkələr, məsələn, Rusiya, Belarus, İtaliya, Xorvatiya və s. üzrə də yaradılmışdı. Tərəfdaşlıq qrupunun fəaliyyəti əsasən Açıq Cəmiyyət İnstitutunun London ofisi tərəfindən dəstəklənirdi.

Lakin əsas vəzifəsi yalnız fundamental dəyərlərin, o cümlədən, ifadə azadlığının müdafiəsi (bunu 2010-cu ildə qəbul olunan proqram xarakterli Bakı bəyannaməsi də göstərir) olan bu qrupun fəaliyyəti sonradan ayrı müstəviyə - siyasi lobbiçilik müstəvisinə sürüşdü. Beynəlxalq tərəfdaşlıq qrupu faktik olaraq Azərbaycan hökumətinə siyasi təzyiq göstərilməsi prosesinə cəlb olundu. Bu qrup öz səylərini bir ölkənin Avropanın siyasi qurumlarında gözdən salınmasına yönəltdi və Azərbaycan dövlətinə qarşı faktiki olaraq məqsədyönlü lobbiçilik fəaliyyətini həyata keçirməyə başladı.

Bu qrupun fəaliyyətinin siyasi çalarları özünü alman deputat Kristofer Ştrasserin “Azərbaycanda siyasi məhbuslar” adı verilən məşhur məruzəsinin müzakirəsi zamanı əyani şəkildə göstərdi. Əslinə qalsa, adı cənab Ştrasserin siyahısında yer alan şəxslərin əksəriyyətinin Azərbaycanda ifadə azadlığının pozulması probleminə heç bir aidiyyatı yox idi. Buna baxmayaraq Beynəlxalq tərəfdaşlıq qrupu AŞ PA-dakı Almaniya nümayəndə heyətinin təşəbbüsü ilə başladılan siyasi layihənin lobbiçiliyi prosesinə qoşuldu.

Görünür, Beynəlxalq tərəfdaşlıq qrupunun fəaliyyətindəki bu açıq-aşkar dəyişikliyin nəticəsi idi ki, əvvəllər bu qrupa daxil olan təşkilatların çoxu lobbiçilik səylərindən faktiki olaraq məsafə saxlamağa başladılar. Lobbiçilik fəaliyyəti azsaylı təşkilatların ümidinə qaldı.

Beynəlxalq tərəfdaşlıq qrupunun fəaliyyətindəki bu dəyişiklik ona gətirib çıxardı ki, orada təmsil olunan təşkilatların çoxu aktiv fəaliyyətdən geri çəkildi. Bu sırada 2010-cu ildə Azərbaycan üzrə Beynəlxalq tərəfdaşlıq qrupunun yaradılmasının əsas təşəbbüskarı olan Danimarkanın “İnternational Media Support” (mətbuata dəstək üzrə beynəlxalq qeyri-hökumət təşkilatıdır) təşkilatını, həmçinin Ümumdünya Mətbuat İnstitutunu, Beynəlxalq Jurnalistlər Federasiyasını, Jurnalistləri Müdafiə Komitəsini və ifadə azadlığının müdafiəsi, hökumətlər tərəfindən təqib olunan jurnalist və bloqqerlərin hüquqlarının qorunması uğrunda fəaliyyət göstərən digər qurumları göstərmək olar.

2011-ci ildə Azərbaycan həbsxanalarında məhz peşəkar fəaliyyətinə görə həbs olunmuş heç bir jurnalist qalmamışdı. İnternetin və sosial şəbəkələrin mütləq azadlığı ideyasını elan edən və bunu həyata keçirən Azərbaycan jurnalist və bloqqerlərin total şəkildə təqib edildiyi əksər ölkələrdən fərqli olaraq, beynəlxalq hüquq müdafiəçilərindən ötrü öz aktuallığını itirib. Sözsüz ki, Azərbaycan həbsxanalarında məhkum edilmiş jurnalistlər hələ də var. Beynəlxalq tərəfdaşlıq qrupunun yerli tərəfdaşları onları vicdan məhbusu və söz azadlığının qurbanları kimi təqdim etməyə çalışır. Amma problemin bu şəkildə şərh və təqdim olunması reallığın təhrif edilməsi deməkdir. Çünki həbsxanalarda qalmaqda davam edən jurnalistlər peşəkar fəaliyyətinə heç bir aidiyyəti olmayan səbəblər üzündən həbs ediliblər. Onların çoxu aztirajlı qəzetlərin naşirləri və qeyri-populyar internet saytlarının rəhbərləridir. Onlar uzun illər ərzində reketliklə məşğul olublar və ictimai rəydə jurnalistikanın nümayəndələri kimi qəbul edilməyiblər.



Bir çox təşkilatlar, o cümlədən ABŞ-ın “Human Rights Watch”, Norveçin “Human Rights Foundation” təşkilatı, “Article XIX” və sonradan bu qrupa qoşulan hüquq müdafiə təşkilatı “Amnesty İnternational” alman deputat K.Ştrasserin məruzəsinin AŞ PA-da qəbul olunması məqsədilə Avropa parlamentarlarına təzyiq göstərməyə yönəlik lobbiçilik fəaliyyətini bir sıra siyasi motivlərin təsiri və Açıq Cəmiyyət İnstitutunun maliyyə dəstəyi ilə davam etdirirdilər. Bu koalisiyanın azərbaycanlı tərəfdaşları üç yerli QHT idi - Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu, İnsan Haqları Klubu və Media Hüququ İnstitutu.

Məlumatlı mənbələrin fikrincə, Ştrasserin məruzəsinin qəbul olunması Almaniya hökumətinin, o cümlədən kansler Angela Merkelin əsas məqsədlərindən biri idi. Onlar bununla alman dövlətinin iqtisadi maraqlarını və Transqafqaz regionundakı “boru kəmərləri ambisiyasını” həyata keçirmək üçün Azərbaycan hökumətinə siyasi təzyiq göstərmək məqsədi güdürdülər.
Ştrasserin məruzəsinin müzakirəsi ərəfəsində Almaniya kansleri A.Merkel AŞ PA rəhbərliyindən şəxsən xahiş etmişdi ki, Parlament Assambleyasının yanvar sessiyasındakı səsvermə zamanı səs çoxluğunun əldə olunması üçün əlindən gələni etsin. Almaniya hökuməti Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təsisatına Nabucco-West danışıqları ərəfəsində Azərbaycan hökumətinə təzyiq göstərməyin effektiv aləti kimi baxırdı (Azərbaycan qazının nəqlinə dair sənədlər A.Merkel hökuməti ilə ciddi problemlər ucbatından hələ də imzalanmayıb). Məhz bu səbəbdən də Almaniya hökumətinin bütün diplomatik səyləri Azərbaycan hökumətinə Avropa Şurası vasitəsilə təzyiq göstərməyin institusional mexanizminin yaradılmasına yönəlib. 2010-cu ildə Bakıda yaradılan və sıralarında Qərb QHT-lərini də birləşdirən Beynəlxalq tərəfdaşlıq qrupu bu strateji missiyanın həyata keçirilməsi üçün göydəndüşmə idi.

Almaniya diplomatiyası bəzi Qərb QHT-lərini (yuxarıda haqqında bəhs etdiyimiz həmin alleqorik “qızıl balıq diplomatiyasını” həyata keçirən qurumları) öz məkrli və neoimperialist siyasətini reallaşdırmaq aləti qismində seçərək bütün qüvvə və imkanlarını Avropanın ictimai rəy təsisatlarında Azərbaycanın odioz, eybəcər obrazını yaratmaq yönündə səfərbər etdi.

Avropa Şurasına üzv ölkələrdə yüzlərlə siyasi məhbus ola-ola Beynəlxalq tərəfdaşlıq qrupunun hədəf kimi yalnız Azərbaycandakı vəziyyəti seçməsi faktını yoxsa başqa necə izah etmək olar?!

Bu təşkilatların çoxu Avropa Şurasının praktik olaraq yalnız bir ölkəsindəki vəziyyəti tənqid etməyi özlərinə hədəf seçmişdi. Özündə hüquq müdafiəçilərinin bütöv dəstəsini birləşdirən bu QHT koalisiyası ildə dörd dəfə xüsusi missiya ilə AŞ PA-ya yollanır. Onlar bu səfərlər zamanı üzərlərinə qoyulmuş yeganə bir vəzifənin icrası ilə - ipə-sapa yatmayan, ikili standartları rədd edən deputatların “beynini yumaqla” məşğul olur, bu zaman yalnız “Avropa Şurasının yeganə problemli ölkəsi olan” avtoritar Azərbaycandakı vəziyyətdən söz açırlar.

“Qızıl balıq diplomatiyası”nı yürüdən bu şəxslərin məntiqinə görə, Avropa Şurasının üzvləri arasında hakimiyyəti qüdrətli oliqarxlar tərəfindən qəsb edilmiş avtoritar ölkələr daha yoxdur. Bu QHT-lər avropalı parlamentarlarla görüşlərində Rusiyadakı siyasi məhbuslar problemini müzakirə etmirlər. Türkiyə həbsxanalarında 120 jurnalistin və bloqqerin olmasına göz yumurlar. Timoşenko problemini inkar edirlər. Macarıstanda jurnalistlərin təqib olunmasından danışmırlar. Rumıniyadakı despotik dövlət kriminalı sistemini inkar edirlər. Fransada prezidentin dostlarının strateji KİV-ləri dinc yolla zəbt etməsi barədə danışmaqdan imtina edirlər. Almaniya həbsxanalarında etnik zəmində baş verən qətl və işgəncə hallarını uydurma hesab edirlər. Ermənistanda dinc nümayişçilərin güllələnməsi və siyasi edamlar isə onların nəzərində poliarxik demokratiyanın dirçəlməsi deməkdir. Qitənin yalnız bir ölkəsinə uzun illər ərzində bu qədər qeyri-sağlam maraq və diqqət göstərməyi başqa nə cür izah etmək olar?!

Alman diplomatik maşını tərəfindən sırınan qətnamə layihəsinin əleyhinə səs vermiş AŞ PA deputatlarının ölkələrindən olan hüquq müdafiəçiləri də tez-tez bu missiyaya qoşulurlar. Və öz ölkələrində bu deputatlara qarşı qəribə “ifşaedici kampaniyalar” aparılır. Onlara xor baxırlar, onları gözdən salırlar, hədələyirlər. Onlara Azərbaycanın tənqidə məruz qaldığı qətnamələrin əleyhinə bir daha səs verməməyi məsləhət görürlər. Hər halda AŞ PA-dakı Beynəlxalq tərəfdaşlıq qrupunun fəaliyyət təcrübəsi boyunca Azərbaycandan başqa hansısa bir ölkədə insan haqları məsələsi üzrə hələ heç bir xüsusi missiya qeydə alınmayıb.

“Kürü diplomatiyası” adlanan və böyük hay-küy doğuran qalmaqallı məruzə 2011-ci ilin yanvarından etibarən bir sıra Qərb QHT-lərinin əvvəlki tərəfdaşlıq qrupunun bazası əsasında yaranmış lobbiçi qrupun ideoloji platformasına çevrildi. Bu məruzə “European Stability İnitiative” tədqiqat institutu tərəfindən hazırlanmışdı.

(Ardı var)
salmondiplomacy.com saytının materialları əsasında


Teqlər:  





Xəbər lenti