Həm qrant, həm qonorar

Həm qrant, həm qonorar
  22 İyun 2013    Oxunub:1448
“Beynəlxalq təşkilatlar pulsuz hüquqi yardım göstərilməsi üçün qrant ayırır, hüquqşünaslar isə sonradan əlavə xidmət haqqı alırlar”
Vəkil Əsabəli Mustafayev bir müddət əvvəl Avropa Məhkəməsində müdafiə etdiyi bir qrup məhbusu özü məhkəməyə vermək niyyətinə düşmüşdü. Səbəb həmin şəxslərin vəkilin pulunu vermək istəməmələri idi. Bəs niyə onlar vəkilin pulunu vermək istəmirlər ki?

Əsabəli Mustafayev hesab edir ki, istənilən xidmətin əvəzini müştəri ödəməlidir: ”Bəzən elə olur ki, müştərinin imkanı olmur və vəkil görürsə ki, bu işdə perspektiv var, maraqlıdır, gələcəkdə Avropa Məhkəməsində uğur qazana bilər, onda özü investisiya yatırır. Prosesin müəyyən xərclərini özü çəkir. İşi Avropa Məhkəməsinə qədər aparır və uğur qazananda çəkdiyi zəhmətinn xərclərin əvəzini müştəridən alır. Ancaq müştəri vəkilə pul ödədiyinə dair qəbzi Avropa Məhkəməsinə təqdim edərək, pul ödədiyini sübut etsə, qurum həmin pulu onun özünə qaytarır”,- deyə o, AzVision.az-a bildirib.

Əsabəli Mustafayev vəkillərin Avropa Məhkəməsində apardığı işin müqabilində beynəlxalq təşkilatlardan qrant aldıqlarını təkzib edir: “Konkret kiminsə müdafiəsinə beynəlxalq təşkilatın qrant ayırdığından xəbərim yoxdur”.

Vəkil Muxtar Musayev də deyir ki, beynəxalq təşkilatalar vəkillərə qrant ödəmək kimi ümumi öhdəlik götürməyiblər: “Lakin hər hansı təşkilat özü istədiyi halda müəyyən qrantların təyin edilməsilə bağı vəsaitlər ayıra bilər. Bu fəaliyyət məcburi xarakter daşımır. Mən şəxsən o işlə bağlı heç vaxt pul almamışam”.

- Əsabəli Mustafayev məsələni özü qəzetdə açıb, qəzetdə də bağlamalıdır.- bunu AzVision.az saytına 2003-cü il oktyabr hadisələri ilə əlaqədar məhkum olunmuş və Avropa Məhkəməsinin qərarında adı çəkilən keçmiş müsavatçı, hazırda Açıq Cəmiyyət Partiyasının, Milli Şuranın üzvü Ramiz Quliyev deyib. O bildirib ki, vəkillə aralarında anlaşılmazlıq olub. Və yaranan narazılıq elə mətbuat qarşısında da çözülməlidir:
- Əvvəlcə Əsabəli Mustafayevin bizi məhkəməyə verməyini gözlədik ki, hər şey orada aydınlaşsın. Hər halda, məhkəmə o qərarı verə bilərdi ki, biz, yoxsa Əsabəli bəy haqlıdır. Mənə çatan məlumata görə, iki gün öncə Əsabəli bəy deyib ki, bir anlaşılmazlıq olub, kimsə yanlış informasiya çatdırıb, ona görə də əsəbləşib. Bu gün və ya sabah mətbuatda çıxış edəcək ki, burada bir anlaşılmazlıq olub və bizim aramızda heç bir problem qalmayıb. Mən bilmirəm Əsabəli müəllimə nə demişdilər, necə demişdilər. Amma heç kim əxlaqi, insani tərəfdən onun çəkdiyi zəhməti yerə vurmaq istəməz. Ən azı insanın özü rahat olmalıdır ki, bu adam məndən yana əziyyət çəkir, mən də indi onun qarşılığını verirəm. Ancaq məhkəməyə verərəsə, hər halda, bizim də məhkəmə qarşısnda deyəcəklərimiz var.

Əsabəli Mustafayevin Avropa Məhkəməsində müdafiə etdiyi digər müsavatçı Bəhruz Əsədbəyli isə bildirir ki, problemin yaranamasına səbəb hüquqi və dəftərxana xərclərinin göstərilməməsidir:
- Mənim Əsabəli bəylə heç bir problemim olmayıb. Sadəcə olaraq, siyahıda onun qonorarlarını verənlərin də adı var. Qeyd edim ki, 9 nəfərin işi 4 iş kimi sayılır, yəni 6-sı bir qrup kimi, 3 nəfərdə bir-bir gedir. Ona görə də, qrup şəklində ortaq məxrəcə gəlmək mümkün olmayıb. Həmçinin Əsabəli bəyin bu işləri birinci olub, Avropa Məhkəməsinə ilk dəfə biz çıxmışıq. Bu səbəbdən orada bir az naşılıq da olub. Yəni hüquqi və dəftərxana xərcləri göstərilməyib. Amma ondan sonrakı məhkəmə proseslərinin hamısında bu xərclər qeyd olunub.

Vəkil Əsabəli Mustafayev isə hər iki müvəkkilinin verdiyi açıqlamalara bu cür münasibət bildirib:
- Ramiz Quliyevin hansı anlaşılmazlığı nəzərdə tutduğunu mən bilmirəm. Son zamanlar onunla danışmamışam. Ancaq müsahibəsini oxumuşam. Orada minnətlə deyib ki, “mən Əsabəliyə heç nə borclu deyiləm, insanlıq xətrinə 500-1000 avro verə bilərəm. Almasa da heç verməyəcəyəm”. Mən ondan sonra müsahibə verib demişəm ki, istənilən məsələnin çözülməsinə hazıram. Ancaq hələ ki, razılşama, danışıq yoxdur. O fikirləşir ki, məsələ artıq həll olunub. Qoy fiikirləşsin və konkret addım atsın.
Bu məsələlər əslində əvvəlcədən də çözülmüşdü. Sadəcə kimisə ayırmaq, körpüləri yandırmaq istəmirdim, ad da çəkmirdim. İndi isə ad çəkəcəyəm: Ramiz Quliyev, Emin Hüseynli, Elşad Məmmədli ilə məsələ hələ də çözülməmiş qalıb.

Vəkil deyir ki, bu, pul məsələsi deyil, münasibət və etibar məsələsidir: “Hamı bilir ki, işi görmüşəm və udmuşam. Vəkil iş görübsə onun haqqı ödənilməlidir. Çünki onları indiyə kimi nə dəfətxana xərcləri, nə də ki, tərcümə xərcləri maraqlandırırdı. Biz onlara əziyyət verməmişik, hamısını özümüz etmişik. İndi hazır olandan sonra hərə bir söz deyir. Əsas yanaşmadır ki, kimsə səndən ötrü əziyyət çəkib. Belə bir anda “sən vaxtında məndən pul istəməmisən”,- deyib, vəkili ittiham eləmək düzgün deyil. Mən bilirdim ki, bu adamların pulu yoxdur. Eyni zamanada, siyasi fəallar ilə işləmək prinsipi ayrıdır. Fikirləşirik ki, işi udacağıq və gələcəkdə həmin xərclərin əvəzi ödəniləcək. Maddi, mülkü məsələlər olanda əvvəlcədən pullarını alıb, sonra onlarla işləyirik. Ancaq görünür ki, gələcəkdə siyasi fəallara yanaşmanı da korrektə etməli olacağıq”.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov isə saytımıza açıqlamasında bildirib ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycandan verilən şikayətlərin əksəriyyətində çıxış edən hüquqşünasların hüquqi xidmət göstərilməsi barədə müqavilələr şərti olaraq pulsuz xarakter daşıyır. Yəni müqavilənin şərtlərinə görə, müştəri hüquqşünasa yalnız o halda xidmətlərin haqqını ödəyir ki, Avropa Məhkəməsi onun xeyrinə qərar çıxarsın.

“Belə vəziyyət yalnız Azərbaycandan olan hüquqşünaslarla baş verir. Zənnimcə, heç bir vəkil və ya hüquqi nümayəndə təmənnasız hüquqi yardım göstərmir. Bu isə onu deməyə əsas verir ki, həmin hüquqşünaslar həm pulsuz hüquqi yardım göstərmək üçün beynəlxalq təşkilatlardan qrant alır, həm də əlavə olaraq müştərilərdən, dolayısı ilə isə dövlətdən xidmət haqqı götürürlər. Söhbət hansısa müəyyən işin aparılması üçün qrant alınmasından getmir. Beynəlxalq təşkilatlar pulsuz hüquqi yardım göstərmək üçün qrant ayırır, hüquqşünaslar isə bu qrant üzrə fəaliyyət göstərərək sonradan əlavə xidmət haqqı alırlar”,- deyə Çingiz Əsgərov bildirib.

Şəhanə Rəhimli


Teqlər:  





Xəbər lenti