Bir qrup ictimai-siyasi xadim 30 iyunun “Sevgililər günü” kimi rəsmiləşməsi üçün prezidentə müraciət ünvanlayıb. Müraciətdə 20 yanvar şəhidləri İlham və Fərizənin evləndikləri günün - 30 iyun tarixinin “Sevgililər günü” kimi rəsmiləşdirilməsi üçün müvafiq sərəncam verilməsi istənilib.
Müraciət imzalayanlar sırasında olan millət vəkili, yazıçı Aqil Abbas AzVision.az-a açıqlamasında bildirib ki, belə bir addımın atılmasında məqsəd İlhamla Fərizənin sevgi xatirəsini yaşatmaqdır: “İlhamla Fərizənin sevgisi hamınıza məlumdur. Sevgiləri yolunda canlarından keçiblər. Onların xatirəsinin yaşaması üçün biz bu addımı atdıq. Həmin günü onsuz da bəzi insanlar, telekanallar, qəzetlər qeyri-rəsmi keçirirlər. Yaxşısı budur ki, bu günü rəsmiləşdirək, yüksək səviyyədə qeyd olunsun. Biz müraciət etmişik, qəbul olunacaq-olunmayacaq,o başqa məsələdir. Orada tanınmışların imzaları var. Rəşad Məcid də qol çəkmişdi, onun adı siyahıda var idi, amma mətbuatda adını görmədim. Bu məsələ ilə bağlı parlamentdə də müzakirə olunmuşdu. Parlament deputatları da ayrıca müraciət etmək istəyirdi. Amma indi bir yerdə müraciət olundu, orada millət vəkillərinin də adı var”.
Xalq şairi Zəlimxan Yaqub hesab edir ki, onların xatirələrini əbədiləşdirmək lazımdır: “Mən istərdim ki,bizim də sevgi günümüz olsun. Onlar Leyli Məcnun sevgisindən də artıq bir-birlərini seviblər. Onların sevgilərinin əbədiləşdirmək lazımdır. İnanıram ki, prezidentimiz bu müraciətə sayğı ilə yanaşacaq, burada olan imzalar dövlət adamlarının, xalqın ziyalılarının imzalarıdır”.
Xalq şairi Nəriman Həsənzadə : “Onlar bir-birlərini nece sevirdilərsə, eləcə də vətəni sevdilər. Onların məhəbbəti tək sevgi günü deyil, sevgi epoxasıdır, sevgi dövrüdür, sevgi zəmanəsidir, vətənə, millətə sevgidir, sevdiyin qıza, oğlana sevgidir, məhəbbət nümunəsidir. Əvvəlcədən bu təklifi irəli sürmək ağlımıza gəlməyib. Sonra bizim ziyalılar müraciət etdi, mən də qoşuldum bu xeyirxah işə”.