Ruhaninin Ermənistan siyasəti necə olacaq? – TƏHLİL

Ruhaninin Ermənistan siyasəti necə olacaq? – TƏHLİL
  10 İyul 2013    Oxunub:2010
Ötən ay İranın Ermənistandakı səfiri M.Rəisi mətbuat konfransı keçirərək Ermənistana ucuz qaz verməyə, İran-Ermənistan dəmiryolunu tikməyə, digər iqtisadi layihələr reallaşdırmağa hazır olduğunu bildirdi. İran Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmağa hazırdır.

Dağlıq Qarabağ məsələsində bütün dövlətlərin mövqeyi dəyişilsə də, İranın mövqeyi hələ ki, dəyişilməyib. İranın Qarabağ məsələsi ilə bağlı mövqeyində baş verən dekorativ dəyişiklik Azərbaycanın artan gücü ilə əlaqəlidir. Eyni zamanda, İran Azərbaycanı aldatmaq istəyir ki, İran ermənilərə nə qədər çox kömək edərsə, bu, Dağlıq Qarabağ məsələsində İranın mövqeyini gücləndirəcək.

İranın Ermənistanda güclənən mövqeyi sonda Qarabağ məsələsində Azərbaycanın faydasına çevriləcək. Əlbəttə, haçansa İran normal müsəlman dövləti olacaq və ya İrandakı azərbaycanlılar xeyli güclənəcək. Bu halda İran Azərbaycana dəstəkdən fərqli mövqe nümayiş etdirə bilməz. Hələ ki, bu gün gəlməyib. İranın müddətini başa vuran prezidenti M.Əhmədinecad 8 illik prezidentliyində heç bir dövlətə Ermənistana etdiyi qədər yaxşılıq etməyib:

ı) M.Əhmədinecad Ermənistana 3 dəfə səfər edən yeganə İran prezidentidir ;

ıı) M.Əhmədinecad dünyada yeganə prezidentdir ki, Ermənistan prezidenti S.Sərkisyanın İrana səfər etməsinə hədiyyə əta edib: birinci dəfə 20 milyon dollar, ikinci dəfə 60 milyon dollar;

ııı) Alternativ avtomobil yolu M.Əhmədinecadın dövründə çəkildi;

ıv) İran-Ermənistan qaz kəməri M.Əhmədinecadın dövründə layihələşdi, İranın hesabında maliyyələşərək çəkildi. İndi bu kəmərin Ermənistan hissəsi RF-ə məxsusdur;

v) 3 ədəd yüksək gərginlikli İran-Ermənistan elektrik xəttinin çəkilməsi layihələndirildi. 3 xətdən 2-si İranın vəsaiti hesabına tikilib, fəaliyyətdədir;

vı) Təbriz-Yerevan neft məhsulları kəməri İrandan asılı olmayan səbəblərdən reallaşdırılmır. RF Ermənistanın yanacaq sahəsini özəlləşdirib.

vıı) “Şimal-Cənub” dəhlizinin avtomobil yolunun layihələşdirilməsi və tikintinin başlanması M.Əhmədinecadın dövründə oldu;

vııı) İran-Ermənistan dəmiryolunun texniki-iqtisadi əsaslandırılması tam hazırdır. Əvvəlki qiymətlə bu dəmiryolunun çəkilməsi 2,5-3 milyard ABŞ dolları vəsait tələb edir. İndi daha bahalaşıb. M.Əhmədinecad hökuməti bəyan etdi ki, Ermənistan öz ərazisində İran-Ermənistan dəmiryolunun tikintisinə başlayan kimi İran öz ərazisində dəmiryolunu çəkməyə başlayacaqdır. Bu dəmiryolunun təxminən 1/4-i Ermənistan ərazisinə düşür;

ıx) Mehri SES-in tikintisi başlandı. İran bu SES-in tikintisinə 330 milyon dollar vəsait ayırdı. İndi smeta xərcləri bahalaşaraq 500 milyon dollar olub. M.Əhmədinecad hökuməti bu halda da Mehri SES-in tikiləcəyini bildirdi;

x) Mehri SES təkcə iqtisadi və ya energetik layihə deyil. İran Mehri SES-in tikintisinin və fəaliyyətinin təhlükəsizliyini öz üzərinə götürüb. Mehri SES Azərbaycanın işğal olunmuş ərazilərinə söykənib. Mehri SES-in tikintisinin və fəaliyyətinin təhlükəsizliyinə İran təminat verməklə Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasına təminat vermiş olur;

xı) İran “Qaz əvəzinə elektrik enerjisi” layihəsi reallaşdırır. İndi İrana həmin elektrik enerjisi lazım deyil. Amma Ermənistana faydalı olduğu üçün reallaşdırır. Hər il 1,2 mlrd m3 qaz Ermənistanda elektrik enerjisinə (1 m3 qaz = 3 KVt) çevrilib İrana qayıtmalıdır. Ermənistan RF-in qorxusundan bu imkanın yalnız 1/3-dən istifadə edir;

xıı) İran Ermənistanın ictimai-siyasi mühitinin təxminən 80%-ni maliyyələşdirir. Bu maliyyələşmə gizli yolla aparılır. Ermənistanın ictimai-siyasi mühitinə İranın xərclədiyi pul Fələstində bəzi qruplaşmalara xərclədiyi pulla müqayisə oluna bilər;

xııı) M.Əhmədinecad xristian Ermənistanı və müsəlman İranını eyni mədəniyyətin daşıyıcısı elan etdi.

M.Əhmədinecadın dövründə İran heç bir müsəlman qonşusu ilə münasibətləri bu səviyyədə inkişaf etməyib; İran-Ermənistan münasibətləri öz “qızıl dövrünü” yaşayıb.

İranın Ermənistana qoyduğu investisiya və bu dövlətlə illik mal dövriyyəsi Fələstinə qoyduğu investisiya və mal dövriyyəsindən 10-15 dəfə çoxdur. M.Əhmədinecad ermənilər qarşısında götürdüyü yalnız bir - Azərbaycanda İranın 5-ci kolonunu yaratmaq öhdəliyini yerinə yetirə bilmədi. Əgər M.Əhmədinecadın dövründə iranpərəst qüvvələr Azərbaycanda güclənsəydi, Dağlıq Qarabağla bağlı proseslərin inkişaf dinamikası indikindən əks istiqamətdə baş verəcəkdi.

Hazırda Qarabağ tənzimləməsində inkişaf dinamikası düzgün istiqamətdədir: İran və Ermənistan zəifləyir, Azərbaycan güclənir. Ermənilərə görə, yeni prezidentin seçilməsi İran-Ermənistan münasibətlərini dəyişməyəcək, çünki İranın xarici siyasətini prezident deyil, ali dini lider müəyyənləşdirir – o, isə dəyişilməyib.

S.Sərkisyan İranın yeni seçilmiş prezidenti S.Ruhanini təbrik etdi və onun təbrik məktubuna dərhal cavab aldı.

Yeni prezidentin seçilməsi İrandakı erməniləri ruhlandırıb. İran parlamentində erməni mənşəli deputat K.Xanlaryan S.Ruhaniyə etdiyi müraciətdə ermənilərin İranın daxilindəki inkişafından bəhs olunmaqla yanaşı S.Ruhaniyə Türkiyəyə daha artıq təzyiqlər etmək tövsiyə olunur.

Təbrizin imamcüməsi S.Şəbüstərinin Azərbaycandan gedən nümayəndə heyətini qəbul edərkən Dağlıq Qarabağın Azərbaycana məxsusluğu ilə bağlı səsləndirdiyi fikirlər Ermənistan mətbuatında geniş işıqlandırılsa da, ajiotaj yaratmadı. Hər halda, Ermənistan mətbuatında həm Rusiyanın, həm də İranın eyni vaxtda Ermənistandan uzaqlaşıb, Azərbaycan yaxınlaşması ilə bağlı fikirlərə rast gəlmədik.

Siyasi İnnovasiyalar və Texnologioyalar Mərkəzinin (SİTM) hesabatından
Xüsusi olaraq AzVision.az üçün



Teqlər:  





Xəbər lenti