“Xəzər Lənkəran”, “Qarabağ” və "İnter" ikinci mərhələyə keçdi

 “Xəzər Lənkəran”,  “Qarabağ” və "İnter" ikinci mərhələyə keçdi
  12 İyul 2013    Oxunub:1750
Bu gün Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində ölkəmizi təmsil edən “Xəzər Lənkəran” Maltanın “Slima Uonderers” klubu ilə görüş keçirdib.
Lənkəranın “Mərkəzi” stadionunda keçirilən gərgin mübarizədə yalnız bir qol vurulub. Belə ki, oyunun 29-cu dəqiqədə xorvatiyalı yarım müdafiəçi Marin Orsuliçin sol cinahından qapı qarşısına ötürməsini komandanın kapitanı Rahid Əmurquliyev qola çevirməyə bacarıb. Oyunun qalan dəqiqələrində hər iki komanda qol vurmağa çalışsa da, istəklərinə çata bilməyiblər.

Qeyd edək ki, Maltada keçirilən ilk görüşü 1-1 hesablı heç heçə ilə başa çatdığından, Avropa Liqasının ikinci təsnifat mərhələsinə məhz Azərbaycanın futbol klubu keçdi. Bu mərhələdə “Xəzər Lənkəran” daha güclü rəqibi, İsrailin “Makkabi Xayfa” klubu ilə qarşılaşacaq. Cütlüyün ilk oyunu iyulun 18-i İsraildə, cavab oyunu isə bir həftə sonra, iyulun 25-də “Xəzər Lənkəranın” meydançasında keçiriləcək.

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin keçirilən cavab oyunları çərçivəsində daha bir Azərbaycan klubu növbəti mərhələ çıxmaq uğrunda meydana çıxıb. Belə ki, Tofiq Bəhramov adına Respublika stadionunda Ağdamın “Qarabağ” klubu Makedoniyanın paytaxtı Skopyeni təmsil edən “Metallurq” klubunu qəbul edib. Birinci oyun 0-1 hesabı ilə “Qarabağ”-ın xeyrinə bitdiyindən ağdamlılar cavab oyuna bir qədər rahat çıxa bilərdi. Buna baxmayaraq “Qarabağ” əzmkarlığı göstərərək, doğma meydançada da rəqibin üzərində qələbə çalmağa bacardı. Yarımmüdafiəçi Namiq Yusifovu yerinə meydançaya daxil olan “Qarabağ”-ın hollandiyalı leqioner Leroy Cons oyunun 85-ci dəqiqədə sağ cinahdan ötürülən topu bir toxunuşla rəqibin qapısından keçirtməyə bacarıb. Bununla da, hər iki oyunun nəticələrinə görə rəqibini 2-0 hesabı ilə məğlub edən ağdamlılar turnirin növbəti mərhələ çıxdılar.

İkinci təsnifat mərhələsində “Qarabağ”-ın rəqibi Polşa çempionatında 4-cü yer tutan “Pyast” olacaq. İlk oyun iyulun 18-də Azərbaycanda, cavab oyunu isə rəqibin stadionunda iyulun 25-də keçiriləcək.

Meydançaya sonuncu çıxan Bakının “İnter” klubu Finlandiyada “Mariehamn” klubu ilə üz üzə gəlib. Bakıda keçirilən birinci oyun 1-1 hesablı heç heçə ilə bitdiyindən “bankirlər” nəyin bahasına olursa olsun ya qalib, ya da böyükhesablı heç heçəyə nail olmalı idilər, və klub bunu bacardı. Oyunun 21-ci dəqiqəsində finnlər öz cərimə meydançasında kobud oyuna görə, şimali irlanadiyalı hakim Mervin Smit penalti təyin edib. “İnter”-in gürcüstanlı hücumçusu Baçala Tsxadadze şansını layiqincə dəyərləndirərək, bakılıları önə çıxartdı. “Mariehamn” klubu hesabı bərabərləşdirməyə nə qədər çalışsa da, öz qapılardan ikinci qolu gördü. 86-cı dəqiqədə rəqibin qapıçısı ilə üz üzə qalan Vaqif Cavadov fərqi ikiyə çatdırdı. Oyun 0-2 hesabı ilə “İnter”-in xeyrinə başa çatıb.
Növbəti mərhələdə Kaxaber Tsxadadzenin yetirmələri Norveçin “Tromsö” və Sloveniyanın “Celye” cütlüyün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 18-də Azərbaycanda meydançasında, cavab oyunu isə bir həftə sonra rəqibin meydançasında olacaq.
Beləliklə, Avropa Liqasında Azərbaycanı təmsil edən hər üç klub növbəti mərhələyə yüksəlməyə bacarıb.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti