Naci Şensoy: “Neftçi”məni baş məşqçi etməlidir” - MÜSAHİBƏ

Naci Şensoy: “Neftçi”məni baş məşqçi etməlidir” - MÜSAHİBƏ
  18 İyul 2013    Oxunub:1826
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək Bakının “Neftçi” komandasının Albaniyanın “Skenderbeu” klubu ilə qarşılaşması ərəfəsində olduğu kimi, qarşılaşmadan sonra da ölkəmizdə Albaniya futboluna yaxından bələd olan futbol adamlarına maraq olduqca artıb.
Belələrindən biri də son iki mövsümü Albaniyanın"Bilis" komandasının baş məşqçisi kimi çalışmış Tovuzun “Turan” komandasının sabiq baş məşqçisi Naci Şensoydur.
Türkiyəli mütəxəssislə söhbətimizdə həm “Neftçi”- “Skenderbeu” qarşılaşmasına, həm də digər məsələlərə dair suallarımıza aydınlıq gətirdik.

- Bakıda keçirilən qarşılaşmanı izləmək imkanınız oldumu?

- Yox, təəssüf ki, “Neftçi”- “Skenderbeu” qarşılaşmasına tam baxa bilmədim. Amma matçın epizodlarını izləmək imkanım oldu.

- Sizcə, “Neftçi”nin favorit olduğu qarşılaşmada qələbə qazanmasına nə mane oldu?

- Gözlənildiyi kimi, qonaqların matçdakı əsas hədəfi qapısının toxunulmazlığını qorumaq idi və bunu da bacardılar. “Neftçi”yə gəlincə, komandanız oyun ərzində üstün tərəf olsa da, qol epizodlarından yararlana bilməməsi uğursuzluğu şərtləndirdi. Şübhəsiz ki, nəticənin istənilən kimi olmamasında Nikolas Kanalesin komandadan ayrılmasının və yeni transfer olunan Marvin Platyenin kollektivə uyğunlaşmamasının da təsiri az olmadı.

- İlk oyundan əvvəl matçın favoriti “Neftçi” sayılırdı. Bəs indi necə, flaqmanı üstün tərəf saymaq olarmı?

- Püşk atıldıqdan sonra əksər futbol adamları kimi mən də cütün favoriti kimi “Neftçi”ni görürdüm. Amma bununla belə, rəqibə də yuxarıdan aşağı baxmaq olmazdı. Artıq doğma meydanda oynayacaq “Skenderbeu”nun mərhələ adlamağa daha yaxın olduğunu deyə bilərəm. Amma “Neftçi”nin bu tip oyunları necə oynamaq lazım olduğunu bildiyini də unutmaq olmaz. Komandanın beynəlxalq təcrübəsinin rəqibdən çox olması işinə yarıya bilər.

- Hər iki ölkədə çalışmış məşqçi kimi iki ölkə futbolunu necə xarakterizə edərdiniz?
- İki ölkə futbolunu müqayisə etsək, yığma səviyyəsində Albaniya, klub səviyyəsində isə Azərbaycan futbolunun üstün olduğunu deyə bilərik. Hər halda, Albaniya millisinin dünya çempionatına vəsiqə qazanmaq şanslarını saxlaması belə deməyə əsas verir. Klub komandaları baxımından isə “Neftçi”nin Avroliqaya vəsiqə qazanması Azərbaycanın üstünlüyündən xəbər verir.

- Necə düşünürsünüz, “ağ-qaralar” mərhələ adlamaq üçün nələrə diqqət etməlidir?

- İkinci qarşılaşmanın səfərdə olmasının “Neftçi”yə çətinlik yaradacağı dəqiqdir. Rəqibin heyətində nigeriyalı Nureddin Orelesi eləcə də yeni transferlər Gilman Lika və Jetmir Sefanı nəzarətsiz buraxmaq olmaz. Bundan başqa, xorvatiyalı hücumçu Pero Pejiçə diqqət ayırılmalıdır. Bu forvard xüsusən doğma meydanda daha yaxşı çıxış edir.

- Bəs flaqmanın zəif cəhətləri kimi nələri qeyd edə bilərsiniz?

- Düzü, mənim üçün bu barədə danışmaq çətindir. Uzun müddətdir ki, “Neftçi”nin matçlarını tam izləmək imkanım olmayıb və buna görə bu suala cavab verməyə çətinlik çəkirəm.

- Yeri gəlmişkən, Albaniya futboluna yaxından bələd olan bir məşqçisiniz. Maraqlıdır, “Neftçi”nin nümayəndələrindən kimsə ilk oyundan əvvəl sizdən “Skenderbeu” haqqında məlumat almışdımı?

- Yox, “Neftçi”nin məşqçilər korpusundan mənimlə əlaqə saxlayan olmayıb.

- Bəs qarşı tərəfdən sizin vasitənizlə “Neftçi” ilə maraqlanan olubmu?

- Səmimi deyirəm ki,“Skenderbeu” komandasının məşqçilər korpusu da bu məsələ ilə bağlı mənimlə əlaqə saxlamayıb.

- Yeri gəlmişkən, sizin yaxın gələcəkdə “Skenderbeu”nun baş məşqçi təyin olunacağınız haqqında söyləntilər dolaşmaqdadır. Bu nə dərəcədə doğrudur?

- Açığı, belə bir məsələnin olduğunu mən də eşitmişəm, amma mənə rəsmi təklif ünvanlanmayıb. Ancaq “Skenderbeu” klubunun prezidenti Ardian Takayın mənim işimi bəyəndiyini bilirəm. Onun özü bunu dəfələrlə etiraf edib.

- Maraqlıdır, Albaniya çempionundan rəsmi təklif gəlsəydi, qəbul edərdinizmi?

- Rəsmi təklif olsaydı, məsələni müzakirə etmək olardı. Sözsüz ki, Albaniya çempionu olmuş komandanı çalışdırmaq mənim üçün qürürverici hadisə olardı.

- Maraqlıdır, əgər “Skenderbeu”nun baş məşqçisi kimi “Neftçi” ilə qarşılaşmaq imkanınız olsaydı, mərhələni adlaya bilərdinizmi?

- Mən sizdən tam fərqli bir sual gözləyirdim. Mən ötən mövsüm “Bilis”in baş məşqçisi kimi “Skenderbeu”ya qarşı ikisi ölkə kubokunda, ikisi isə çempionatda olmaqla dörd oyuna çıxmışam və bu matçlardan üçü heç-heçə yekunlaşdığı halda, bir görüşdə “Bilis” qələbə qazanmışdı. Odur ki, əgər “Neftçi” “Skenderbeu”nu mübarizədən kənarlaşdırmaq istəyirsə, təcili məni baş məşqçi vəzifəsinə gətirməlidir (gülür). Zarafat bir kənara qoysaq, onu deyə bilərəm ki, əgər rəqib komandanın baş məşqçisi olsaydım komandamın “Neftçi”ni keçəcəyinə söz verə bilməzdim. Amma üstünlüyün Albaniya komandasında olduğunu qəbul etməliyik. Bu üstünlükdən yararlanmaq olardı. Əmin olun ki, “Skenderbeu”nu çalışdırsaydım Albaniya çempionu indikindən daha güclü klub olardı. Komanda gələcəkdə Avropada da sözünü deyən kollektivə çevilə bilərdi.

- Siz vaxtı ilə “Turan” komandasının da iddialı komandaya çevirəcəyini demişdiniz, amma belə olmadı. Hələ üstəlik, sizin UEFA-ya şikayətinizin ardından Tovuz klubundan 6 xalın silinməsinə şahidlik etdik.

- Keçmiş komandamın belə vəziyyətini düşməyini heç istəməzdim. Çünki bu kluba qarşı emosiyalarımı Azərbaycanda hamı çox yaxşı bilir. Ancaq onu unutmaq lazım deyil ki, mən “Turan”la yox, onun sabiq prezidenti Musa Süleymanovla problem yaşamışdım. Bu, 2 il öncə prezident postunda olan həmin şəxsə açılmış məhkəmə prosesi idi. Ancaq bu müddətdə Süleymanov istefa verəndən sonra məsələ mənim vəkilimlə “Turan” arasında müstəviyə keçdi. Belə ki, vəkilim mənə 30 min dollar verdi və bundan sonra mənim bu proseslə əlaqəm qalmadı. Amma onu da deyim ki, əgər Musa Süleymanovun postundan gedəcəyini bilsəydim “Turan”a qarşı bu addımı atmazdım.

- Maraqlıdır, bu qədər qalmaqaldan sonra yenidən “Turan”da çalışmaq istərdinizmi?

- Yuxarıda da qeyd etdiyim kimi, mən “Turan”ı və onun azarkeşlərini çox sevirəm. İnşallah, Tovuz təmsilçisi əvvəlki gücünü bərpa edər. Mənim istəyimə gəlincə, “Turan”da yenidən işləməyin əleyhinə olmazdım.

- Yeri gəlmişkən, “Bilis”dən ayrıldıqdan sonra Azərbaycan klublarından hər hansı bir təklif almısınızmı?

- Mənim adım Azərbaycan klubları ilə demək olar ki, hər zaman hallanır. Amma hazırda heç bir komandanızdan real təklif almamışam.

Tural Məmmədov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti