Rüstəm İbrahimbəyovun gəlməməkliyi

Rüstəm İbrahimbəyovun gəlməməkliyi
  31 İyul 2013    Oxunub:1587
Və yaxud kino çəkmək əvəzinə kino çıxardan adamın tragikomediyası

Sahib Alıyev

Xeyli vaxtdır ki, bu ölkədə bir Rüstəm İbrahimbəyov tragikomediyası yaşanır. Sırağa gün feysbukdakı statusumda da yazmışdım, kino çəkmək əvəzinə kino çıxartmağa başlayan Rüstəm İbrahimbəyov deyəsən nə etdiyinin fərqində deyil. Fərqində deyil ki, milçəkdən bal arısı olmadığı kimi, qanunsuz verilmiş torpağı əlindən alındığına görə siyasətə baş vuran adamdan da prezident çıxmaz.


Özü də bu adam baş vurduğu sahədə tam naşıdırsa. Soruşula bilər ki, bir halda belədir, onda nədən beləsinin personasına bu qədər diqqət yetirilir. Necə deyərlər, can onun cəhənnəm tanrının qoy nə edir-etsin. Kimdir Rüstəmi prezident seçən? Belə olmağına doğrudan da belədir.

Amma məsələ burasındadır ki, İbrahimbəyov tragikomediyasının ikinci, yəni komediya hissəsinin “qəhrəmanı” ancaq özüdürsə, birinci hissəsinki toplum (xalq yazmağa əlim gəlmir) olaraq bizik. Niyə?

Gəlin, öncə İbrahimbəyovun bir neçə ay bundan öncə “Rosbalt” agentliyinə verdiyi intervüdə bizim yaralı yerimiz olan Dağlıq Qarabağ problemi ilə bağlı dediklərinə nəzər salaq.

Tragediya

“Dağlıq Qarabağın kimin olması məsələsi danışıqlar və müzakirə predmetidir, münaqişənin hərbi yola həlli böyük cinayətdir” . Bu sözləri azərbaycanlı deyir. Özü də o azərbaycanlı ki, bu ölkənin rəhbəri olmaq istəyir. Ermənilər zəbt edilmiş torpaqlarla bağlı konstruktiv danışıqlar aparılmasını istədiyini bildirən prezidentlərini - Levon Ter-Petrosyanı devirdilər. Özü də komandasındakılar. Bizdə isə guya siyasətdə saç-saqqal ağardan İsa, Əli, Rəsul və digərləri hətta ermənilərin belə özlərininki olduğunu rəsmləşdirməyə (Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını nəzərdə tuturam) tərəddüd etdikləri halalca torpaqlarımızın kimə məxsusluğunun dəqiq bilinmədiyini deyən birini özlərinə lider seçərək “liderlər lideri” edir və prezident kürsüsündə əyləşdirmək istəyirlər.

Doğrudur, Rüstəmə dəstək verən bu adamların xalq arasında elə də hörmətləri yoxdur və onların bu kino çıxardanı özlərinə lider seçmələri heç nəyi dəyişməyəcək. Fəqət axı bunlar xaricdə Azərbaycan müxalifətinin təmsilçiləri kimi tanınırlar. Və əgər bir ölkənin müxalifəti özlərinə Dağlıq Qarabağın kimə məxsusluğunun dəqiq bilinmədiyini deyən birini “liderlər lideri” seçərək onun dövlət başçısı postuna əyləşməsini istəyirlərsə, belə görüntü yaranır ki, Azərbaycan xalqının bir hissəsi də bunla razıdır. Yəni razıdır ki, Dağlıq Qarabağın bizim olub-olmadığı hələ dəqiq deyil. Bax, belədə həmin əcnəbilər bizdən soruşa bilərlər ki, elə isə nəyin davasını aparırsınız? Bir halda ki özünüz də bilmirsiniz Dağlıq Qarabağ sizindir ya yox, onda bu yazıq ermənilərdən nə istəyirsiniz? Budur tragediya.

Komediya

Kimin dəstəkləməsindən asılı olmayaraq, təbii ki, əgər səsi bu xalq verirsə, nə İbrahimbəyov nə də onun çevrəsindəkilərin heç birinin prezident seçilmək şansları yoxdur. Onlar özləri də bunu gözəl bilir və bütün səylərini də heç də aralarından kiminsə prezident seçilməsinə yox, keçiriləcək seçkinin legitimliyini şübhə altına salmağa yönəldblər. Məhz o üzdən neçə aydır ki, Rüstəm İbrahimbəyov Azərbaycana gəlmək istədiyini, ancaq gəlsə tutulacağından qorxduğunu deyir. Görünür “Amerikadakı (amma Amerikadakımı?) ağıllı məsləhətçiləri” ona söyləyirlər ki, qorxaqdan lider olmaz, sən arada bir mütləq heç nəyə baxmayaraq Bakıya dönəcəyni bildir. O da hər ayın əvvəlində gəlişinin anonsunu verir və qalır qaldığı yerdə. Eynən Rəsul Quliyev kimi.

Bəli, Rüstəm İbrahimbəyov hazırda bir az Rəsul Quliyevə, bir az da Behbuda bənzəyir. Yəqin çoxunuz bilmirsiniz hansı Behbuda ona görə də onun kimliyini ərz etmək zorundayam.

Bir 50-60 il bundan əvvəl adını çəkməyəcəyim dağ kəndinə arandan bir kişi öz ailəsilə köçüb gəlir. Gələn kimi də bəlli olur ki, onun xanımı balacaboy və eybəcər olmaqla yanaşı, həm də bədxasiyyətdir. O üzdən də tez-tez qonşuları ilə aralarında dava düşür. Hər dəfə də dalaşanda həmin xanım yeni köçüb gəldikləri kənddəkiləri Behbud adlı qardaşı ilə hədələyirmiş. “Behbud gəlsin, görün sizin nəslinizi yer üzündən necə siləcək” deyirmiş. Beləliklə, yavaş-yavaş orada bir Behbud xofu yaranır. Kimisi onun yolunu qorxu, kimisi də maraqla gözləyirmiş. Qadın qonşuların artıq Behbud adı gələndə ehtiyat etdiklərini görüb keçir ərini də onunla hədələməyə. Bir dəfə, iki dəfə. Yenə günlərin birində həyətdə nəyinsə üstündə ərlə arvad arasında dava düşür. Və qadın yenə başlayır ki, qoy Behbud gəlsin gör səni nə günə salacaq. İndiyədək özünü bir təhər saxlayan kişi bu dəfə dözə bilmir açır sandığı tökür pambığı. Və qonşular kişinin sözlərindən anlayırlar ki, sən demə Behbud metr yarım boyu olan, fəqir, bir qarın çörəyə onun-bunun qapısında nökərçilik edən bir adamdır.

Şurəvilər (milli ŞURAdakılar)in hakimiyyəti Rüstəm İbrahimbəyovla hədələmələrini görəndə adamın yadına həmin Bebbud əhvalatı düşür. Amma məsələ burasındadır ki, hakimiyyətdəkilər bu Behbudu, yəni Rüstəm İbrahimbəyovu yaxşı tanıyırlar.

Kino çəkən İbrahimbəyovun çıxartdığı kinonun komik tərəfi də bax budur. Amma, ancaq və lakin... bütün tragikomediyalarda olduğu kimi, burda da tragik tərəfi daha ağır basır.





Teqlər:  





Xəbər lenti