Xocalı faciəsi fransız mətbuatında
Məlumatda Cənubi Qafqazda potensial münaqişə ocaqlarının mövcudluğunun regionun sabitliyinə böyük təhlükə olduğu, SSRİ-nin süqutundan sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin kəskin xarakter aldığı qeyd olunub. Həmçinin sovet ordusunun köməyi ilə Ermənistanın Azərbaycanın əzəli torpağı və mədəniyyət ocağı Dağlıq Qarabağ da daxil olmaqla 20 faiz ərazisini işğal etdiyi, ata-baba yurdlarından silah gücünə qovulan insanların doğma vətənlərində qaçqın və məcburi köçkünə çevrilmələri diqqətə çatdırılıb. Bundan başqa, münaqişənin danışıqlar vasitəsilə həlli ilə ABŞ, Fransa və Rusiyanın həmsədrliyi ilə ATƏT-in Minsk qrupunun məşğul olduğu və bu təşkilatın fəaliyyətinin indiyə qədər heç bir nəticə vermədiyi vurğulanıb.
Məlumatda Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq təşkilatlar tərəfindən pislənilməsi, işğal altındakı ərazilərin dərhal və heç bir şərt qoyulmadan azad olunması barədə BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə dörd qətnamənin qəbul olunamasına baxmayaraq, onların yerinə yetirilməməsi səbəbindən Ermənistanın işğalçılıq siyasətini davam etdirməsindən ətraflı bəhs olunub.
1988-ci ildən başlayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin minlərlə insanın həyatına son qoyduğunun xatırlandığı yazıda “Qafqazın Srebrenitsası” adlandırılan Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə SSRİ-nin 336-cı motoatıcı alayının köməyi ilə silahlı erməni birləşmələrinin günahsız sakinlərə qarşı soyqırım törədilməsi oxucuların diqqətinə çatdırılıb. Nəticədə 106-sı qadın, 83-ü uşaq və 70-i ahıl olmaqla 613 nəfərin amansızlıqla qətlə yetirilməsi, 1275 xocalılının əsir düşdüyü, Srebrenitsadan əvvəl dünyanın Xocalı xalqına qarşı törədilən soyqırımının şahidi olduğu bildirilib. XX əsrin sonunda bu cür vəhşiliklər qəbuledilmə, insan haqlarının aliliyi və toxunulmazlığı bütün insani faciələrə münasibətdə də vahid yanaşma və mühakimənin yürüdülməsinin mütləq olduğu diqqətə çatdırılıb.
Məlumatda münaqişənin həll edilməməsinin Cənubi Qafqazın iqtisadi inkişafına və bölgə ölkələrinin böyük Avropa ailəsinə inteqrasiyasına ciddi maneçilik törətdiyi qeyd olunub. Beynəlxalq Cinayət Məhkəməsinin nizamnaməsinə görə, Azərbaycan ərazisinin işğalı və Xocalı əhalisinə qarşı törədilən görünməmiş soyqırımı cinayətkar hərəkətlərdir. Lakin beynəlxalq ictimaiyyətin laqeydliyi xalqlara münasibətdə ayrı-seçkiliyin olduğu anlamına gəlməklə yanaşı, bəşəri ideyaların ruhuna zidd olduğuna da dəlalət edir.
Məlumatda habelə 21 il keçməsinə baxmayaraq, Xocalı soyqırımı qurbanlarına münasibətdə ədalətin təmin olunmaması da xüsusi qeyd edilib.
Sonda Azərbaycanın münaqişənin ərazi bütövlüyü və beynəlxalq hüquq prinsipləri əsasında dinc yolla həllinə tərəfdar olduğunu dəfələrlə bəyan etməsi və beynəlxalq təşkilatları yaranmış vəziyyətə ciddi münasibət göstərməyə çağırışlar səsləndirməsi diqqətə çatdırılıb.