İsa Qəmbərə hücumda xarici kəşfiyyat izi

İsa Qəmbərə hücumda xarici kəşfiyyat izi
  25 Fevral 2013    Oxunub:1679
“İsa Qəmbərin cənub bölgəsinə səfərinə qarşı mənim tərəfimdən hansısa sui-qəsd planının hazırlanması barədə məlumatlar tamamilə cəfəngiyatdır, mənə qarşı xüsusi təxribatdır. Mənim İsa Qəmbərin bölgəyə səfəri ilə heç bir əlaqəm yoxdur”.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Azərbaycanın cənub bölgəsi üzrə nümayəndəsi Hacı Qəni Axundzadə (Sədi) deyib.

Sui-qəsd anlayışının İslamda haram olduğunu bildirən Q. Axunzadə siyasi məsələlərə qarışmadığını bildirib: “20 ildir, ictimaiyyətdə söz sahibiyəm və heç vaxt da sözümü aşkar deməkdən çəkinməmişəm. Mən elə bir adam deyiləm ki, hansısa hərəkəti törədim və arxasından qaçım. İsa Qəmbərə nəsə demək, nəsə eləmək lazım olsaydı, çəkinmədən, aşkarda bunu edərdim. Bunu eləməyə savadım da, həyat təcrübəm də çatır”.

QMİ nümayəndəsi bildirib ki, onun adının belə məsələlərdə hallanması son vaxtlar bölgədə meydana çıxmış, xarici dövlətin sifarişi ilə fəaliyyət göstərən, ölkəni qarışdırmağı planlaşdıran dindarlar tərəfindən ortaya atılıb: “Bu qruplar son vaxtlar Lənkəran mərkəz olmaqla, qonşu kəndlərdə, qəsəbələrdə daha da fəallaşıb. Onlar son vaxtlar hansısa hadisə baş verən kimi məscidlərə toplaşır, müzakirələr aparırlar. Bu dindarlar özü də sabit məscidlərə yox, ajiotajlı məscidlərdə toplaşırlar. Adətən də, azyaşlı gənclərdən istifadə edirlər. Təəssüf ki, həmin gənclər də həqiqəti başa düşməyib siyasi oyunbazların, xarici kəşfiyyatın dəyirman daşına çevriliblər”.

Q. Axundzadə bildirib ki, bu qruplar sosial şəbəkələrdə çağırışlar, qəsəbə və kəndlərdə divarlara elanlar yapışdırmaq və digər vasitələrlə ətraflarına adamlar toplayırlar.

QMi nümayəndəsinin sözlərinə görə, son olaylarda da onun adını QMİ nümayəndəsi, iqtidar nümayəndəsi kimi mənfi obrazda hallandırmaqla, həmin qruplar Azərbaycan müxalifətini də öz tərəfinə çəkmək istəyir: “Onlar mənim dövlətə, dövlətçiliyə sədaqətimdən istifadə edərək təxribat yaratmaq istəyirlər. Amma mən həmişə dövlətə sədaqətli olmaqla yanaşı, heç vaxt müxalifətin işinə də qarışmamışam. Ümumiyyətlə, bu dindarlar mənim dövlətçilik mövqeyimdən istifadə edərək, adımı hallandırmaqla, müxalif düşərgəyə təsir etmək istəyirlər ki, onlar da həmin dindarların tərəfinə keçsinlər”.

“Cənub bölgəsində xarici ölkəyə xidmət edən müxalif dindarların fəallaşmasında İran tərəfinin təsiri ola bilərmi” sualına isə Q. Axundzadə cavab vermək istəməyib.
(apa)



Teqlər:





Xəbər lenti