Milli Məclisdə Filippin parlamentinin komitə sədri ilə görüş keçirilib - FOTOLAR

Milli Məclisdə Filippin parlamentinin komitə sədri ilə görüş keçirilib -    FOTOLAR
  03 May 2024    Oxunub:735
Mayın 3-də Milli Məclisdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Filippin parlamentinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin sədri Maria Reyçel Arenas ilə görüşlər keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a verilən məlumata görə, Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun qonaqla görüşündə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı prosesi” çərçivəsində keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bəşəriyyəti narahat edən çağırışların müzakirə edildiyi, səmərəli fikir mübadiləsinin aparıldığı mühüm qlobal platformaya çevrildiyi qeyd olunub, Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfələri vurğulanıb.

Söhbətdə Azərbaycanın parlaq Qələbəsi ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra ölkəmizin regionda sülhün möhkəmləndirilməsi, Ermənistanla münasibətlərinin normallaşdırılması istiqamətində təşəbbüsləri, atılan addımlar barədə danışılıb, eləcə də Azərbaycanla Filippin arasında əlaqələrin, əməkdaşlığın dərinləşdirilməsi, parlamentlərarası təmasların inkişaf etdirilməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonra Milli Məclisin Filippinlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Müşfiq Cəfərov qonaqla görüşüb.

Tərəflər VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə keçirilməsindən məmnunluqlarını ifadə ediblər, tədbiri Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına növbəti parlaq töhfəsi kimi dəyərləndiriblər.

Söhbətdə Azərbaycanla Filippin arasında münasibətlərin inkişaf perspektivləri müzakirə olunub, parlamentlərarası əlaqələrin möhkəmləndirilməsində qarşılıqlı səfərlərin, parlamentlərdə fəaliyyət göstərən dostluq qrupları arasında təmasların əhəmiyyəti vurğulanıb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

AzVision.az

Qalereya




Teqlər: Milli-Məclis   Filippin   görüş  





Xəbər lenti