“Qarabağ” üçün alman sınağı– TƏHLİL

“Qarabağ” üçün alman sınağı– TƏHLİL
  21 Avqust 2013    Oxunub:1673
Cari Avrokuboklar mövsümünün ikinci təsnifat mərhələsindən etibarən Avropa səhnəsində tək qalan “Qarabağ” indi beynəlxalq arenadakı yeganə ümid yerimizdir. İlkin təsnifat mərhələsində Makedoniya "Metallurq"unu, ardınca isə Polşa “Pyast”ını sıradan çıxaran Ağdam təmsilçisi üçüncü mərhələdə İsveç “Gefle”sinə yerini göstərdi. İndi növbə Almaniyanın “Ayntraxt” komandasınındır.

Qrup mərhələsini adlamaq üçün Frankfurt təmsilçisini mübarizədən kənarlaşdırmaq lazımdır. Bunun üçün isə ilk olaraq “Qarabağ” iki gün sonrakı ev qarşılaşmasında münasib nəticə qazanmalıdır.

Xatırladaq ki, bu qarşılaşma iki ölkə klublarının beynəlxalq miqyasda ikinci qarşılaşması olacaq. Buna qədər 2010-2011-ci illər mövsümündə Avropa Liqasının play-off mərhələsində Dortmund “Borussiya”sı ilə qarşılaşan “Qarabağ” hər iki oyununda (4:0; 1:0) rəqibinə yenilmişdi.

Rəqibi yaxından tanıyaq

Almaniyanın ən köklü klublarından olan və əsası 1899-cu ildə qoyulan “Ayntraxt” tarixi ərzində bir dəfə Almaniya çempionu adını qazanıb. Bundan 54 il öncə qızıl medallara yiyələnən komanda 4 dəfə (1974, 1975, 1981, 1988) isə Almaniya kubokuna sahib çıxıb. 1991/92 mövsümündə bundesliqanın gümüş medallarını qazanan klub ölkə daxilindəki uğurlarla yanaşı, vaxtilə Avrokuboklarda da adından söz etdirib. Belə ki, “Ayntraxt” 1967-ci ildə İntertoto, 1980-ci ildə isə UEFA kubokunu qazanmış, 1960-cı ildə Çempionlar Kubokunun (indiki Çempionlar Liqasının) finalında, 1976-cı ildə UEFA Kubokunun yarımfinalında mübarizəni dayandırmışdır.

“Qarabağ”ı zəif rəqib sayan almanlar siayasətdən də yazdı

Gözlənildiyi kimi, “Qarabağ”ın “Ayntraxt”a rəqib olmasından sonra Almaniya mətbuatında da komandaların şansları barədə yazılar dərc olunmağa başladı. Hətta püşkatmadan sonra Azərbaycan futbolundan bəhs edən yazı təqdim edən "kicker" saytı tanınmış azərbaycanlı hakim Tofiq Bəhrəmovun 1966-cı ilin dünya çempionatının funalındakı idarəçiliyinə də toxunmuşdu.
Digər diqqət çəkən məqam isə odur ki, Almaniyanın əksər media orqanları Frankfurt təmsilçisini cütün aşkar favoriti sayır. Hətta bu yaxınlarda qarşılaşma ilə bağlı yazı dərc edən Bild.de saytı “Ayntraxt”ın “Qarabağ”ı Avropa səhnəsindən siləcəyini iddia etmişdi. Ən maraqlısı isə “Ayntraxt”ın rəsmi saytının Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumat yaymasıdır. Düzdür, almanlar Ağdamın ermənilər tərəfindən işğal olunduğunu yazmayıblar. Sadəcə bildirilib ki, “Qarabağ” siyasi səbəblərə görə Ağdamda yox, Bakıda oynayır. Halbuki daha öncə təmsilçimizlə qarşılaşan polyaklar və isveçlilər "Qarabağ"In ev oyunlarını Bakıda keçirməsini ermənilərin Ağdamı işğal etməsi ilə əlaqələndirmişdilər. "Ayntraxt"ın saytı isə "siyasi səbəblər" sözünü işlədib.

“Qarabağ” necə oynamalıdır?

Bəlkə də 2011/12 mövsümünün yekunlarına əsasən bundesliqaya yüksələn “Ayntraxt”ın elitadakı ilk mövsümdəcə Avropa Liqasına vəsiqə qazanması gözlənilməz olduğundan rəqibin “Qarabağ”ın “dişinə görə” olmasını düşünməyə əsas verir. Amma hər halda, Almaniya kimi futbol ölkəsini təmsil etməsi rəqibi ciddiyə almaq üçün yetərli səbəbdir.
Bəs görəsən, “köhlən atlar” mərhələ adlamaq üçün hansı oyun üslubuna üstünlük verməlidir?

Rəqibin oyun üslubuna diqqət yetirsək, komandanın hücumları əsasən cinahlardan qurduğunu deyə bilərik. Deməli, “Qarabağ”ın futbolçuları ilk növbədə “Ayntraxt”lıların cunah keçidlərinə mane olmalıdır. Bu baxımdan Stefan Ayqneri qabaqlamalı olan Ansi Aqoli və Tokaşi İnuinu zərərsizləşdirməli olan Maksim Medvedevin üzərinə böyük iş düşəcək. Komandamızın mərkəz müdafiəçiləri isə 1,96 sm boya malik olan Aleksander Mayeri diqqətdən yayındırmamalıdır.

Elə dayaq yarımmüdafiəçisi Sebastyan Rode də “Qarabağ”a təhlükə yaradacaq futbolçular sırasındadır. Yarımmüdafəçi 2012/13 mövsümündə 1766 ötürmə verib ki, bu “qartallar”ın heyəində ən yüksək göstəricidi. Özü də həm hücumlara qoşulan, həm də müdafiəyə yardım edən Rodenin ötürmələrinin 85,5%-i ünvanına çatıb. Yəni komandada oyun quruculuğu məhz Sebastyanın üzərinə düşür. Ona pressinq tətbiq edib hücumları başlamasına mane olmaq əsas şərtlərdəndir.“Ayntraxt”ın güclü müdafiə xəttinə malik olduğunu demək olmaz. Odur ki, Qurban Qurbanovun yetirmələri arxa xəttdəki boşluqlardan istifadə etməlidir. Xüsusən cinah keçidləri zamanı mövqeyində boşluqlar buraxan Bastian Oçipka və Sebastyan Yunqun yer aldığı sağ və sol cinahlardan rəqib üçün təhlükə yarada bilərik. Zədə səbəbindən matçı buraxacaq Reynaldo Silvanın yoxluğunda bu nə qədər çətin olsa belə...

Biri sonuncu, biri birinci

Qarşılaşmanın nəticəsinə təsir edə biləcək məsələlərdən biri də komandaların psixoloji hazırlığıdır. Bu mənada tərəflərin yeni mövsümə necə başlaması az önəm kəsb etmir. Əhval-ruhiyyə baxımından müqayisə aparsaq, təmsilçimizin daha yaxşı durumda olduğunu demək olar. Belə ki, Topaz Premyer-Liqasının yeni mövsümünə uğurla başlayan və geridə qalan üç qarşılaşmada maksimum nəticə qazanan ağdamlılardan fərqli olaraq “Ayntraxt” turnir cədvəlinin sonuncu sırasındadır. Məlumat üçün bildirək ki, Frankfurt təmsilçisi yeni mövsümün ilk matçında səfərdə “Herta”ya 6:1, mövsümün ikinci qarşılaşmasında isə evdə “Bavariya”ya 1:0 hesabı ilə yenilmişdi.

“Qarabağ” üçün polşalı

Xatırladaq ki, bu gün saat 21:00-da başlayacaq matçı polşalı Şimon Marçinyak idarə edəcək. 32 yaşlı FİFA referisinə kömək edəcək həmyerlilərinin adı hələ dəqiqləşməyib.
Məlumat üçün bildirək ki, Marçinyak ötən il sentyabrın 11-də millimizin Portuqaliya ilə DÇ-2014-ün seçmə mərhələsindəki qarşılaşmanın da hakimi olub. Həmin matçda yığmamız 0:3 hesabı ilə uduzub.

Tural Məmmədov


Teqlər:





Xəbər lenti