“Qarabağ”ın şansı qalıbmı? – MÜSAHİBƏ

“Qarabağ”ın şansı qalıbmı? – MÜSAHİBƏ
  29 Avqust 2013    Oxunub:1684
Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində Almaniyada yerli “Ayntraxt”ın qonağı olacaq “Qarabağ”ın Bakıdakı məğlubiyyətin əvəzini çıxmaq ehtimalı yüksək dəyərləndirilməsə də, komandanın sərgiləyəcəyi oyun az maraq doğurmur.
Komandanın sabiq məşqçisi Fatih Kavlak AzVision.az-a müsahibəsində həm ilk oyunu dəyərləndirdir, həm də ikinci matçdakı şanslar barədə danışır.

- “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində “Ayntraxt”la ilk matçını izlədinizmi?

- Ümumiyyətlə, “Qarabağ”ın bu mövsüm Avropa Liqasında keçirdiyi bütün oyunları izləmişəm. Eləcə də “Ayntraxt”la Bakıdakı qarşılaşmanı.

- Sizcə, sabiq komandanızın doğma meydanda uğurlu nəticə qazanmasına nə mane oldu?

- “Qarabağ”ın istənilən oyunu sərgiləyə bilməməsində stadionun ot örtüyünün ideal vəziyyətdə olmaması böyük rol oynadı. Azərbaycan futboluna bu qədər maliyyə axınının olmasına baxmayaraq, stadionların bu vəziyyətdə olması anlaşılan deyil.
Bundan başqa, nəticənin qənaətbəxş olmamasında rəqib komandanın “Qarabağ”ı yaxşı analiz etməsi ilə də əlaqələndirmək olar. “Ayntraxt”ın “Qarabağ”ı ciddi rəqib kimi qəbul etməsi almanların yaxşı nəticə qazanmasını şərtləndirdi.

- Məğlubiyyəti stadionun vəziyyəti ilə əlaqələndirdiniz. Bəs necə oldu ki, “Ayntraxt” oyunun gedişində meydanın vəziyyətinə uyğunlaşaraq qələbə qazandı?

- Etiraf edək ki, Almaniya klubu ilə “Qarabağ” arasında səviyyə fərqi olduğundan “Ayntraxt”ın Bakıdan qələbə ilə qayıtması normaldır. Əgər Ağdam təmsilçisi öz oyununu oynaya bilsəydi, topu özündə daha çox saxlamağı bacarsaydı, o zaman daha yaxşı nəticə qazanması mümkün olardı. “Qarabağ”ın qalib gəldiyi oyunlarda adət etdiyimiz oyun tərzinə üstünlük verərək qalib olması da dediklərimizə sübutdur.

- İlk oyunda iki cavabsız qolla məğlub olan “Qarabağ”dan ikinci matçda uğurlu nəticə gözləməyə dəyər?

- Nəticənin necə olacağını indidən proqnozlaşdırmaq çətindir, amma “Qarabağ”ın ikinci oyunda rəqibdən daha yaxşı oynayacağını düşünürəm. Əgər “Qarabağ”ın oyunçuları ələ düşən imkanları başa verməsə, nəticə qazanmaq mümkün olar.

- İlk oyunla müqayisədə komandamızı daha yaxından tanıyan “Ayntraxt”ın Bakıda qazandığı üstünlüyü əldən verməsi qeyri-real görünmürmü?

- Məncə, əgər rəqib komanda “Qarabağ”ı yaxından tanıdığını düşünürsə, bu amil Ağdam klubunun lehinə ola bilər, çünki ilk oyunda izlədiyimiz “Qarabağ” adət etdiyimiz “Qarabağ” deyildi. Bu isə o deməkdir ki, “Ayntraxt”ın məşqçilər korpusu ilk oyundan sonra “Qarabağ”ı tam öyrənə bilməyib. Amma əgər rəqib komandanın çalışdırıcısı doğurdan da ağdamlılara yaxından bələddisə, o zaman Qurban Qurbanovun komandasının işi çətin olacaq.

- Yeri gəlmişkən, “Qarabağ” ölkə Premyer-Liqasının son turunda daha bir sabiq klubunuz “Qəbələ”yə qalib gəldi. Bu qarşılaşma haqqında fikirləriniz maraqlı olardı.

- Həmin qarşılaşmanı da izlədim. Qurban Qurbanovun Avropa Liqasındakı matçı düşünərək “Qəbələ” qarşısında ehtiyat oyunçulara şans verməsinə baxmayaraq səfərdə qələbə qazanması önəmli idi. Hər halda, qonaqların matça daha daha yaxşı hazırlaşması sözünü dedi.

- Maraqlıdır, ölkəmizin “Qarabağ” və “Qəbələ” kimi iki iddialı komandasında çalışmış Fatih Kavlak ölkəmizdən ayrıldıqdan sonra Azərbaycan klublarından təklif alıbmı?

- Bəzi təkliflərin olması barədə məlumat almışdım, amma sonradan bunlar konkretləşmədiyindən Azərbaycana dönüşüm reallaşmadı.

Tural Məmmədov


Teqlər:  





Xəbər lenti