Klublarımız transferlərə nə qədər xərcləyib? - ARAŞDIRMA

 Klublarımız transferlərə nə qədər xərcləyib? - ARAŞDIRMA
  03 Sentyabr 2013    Oxunub:2329

Artıq mövsümlərarası transfer dönəminin qapandığından xəbərdarsınız. Bu isə o deməkdir ki, komandalar mövsümün dövrələrarası fasiləsinə kimi hazırkı heyətləri ilə mübarizə aparmalı olacaqlar. Təbii ki, transfer dönəmində Azərbaycan klublarından da transfer bazarındakı fəaliyyətinə görə xüsusi “çəki”yə malik olanlar da oldu, öz ətalətini saxlayanlar da. Gəlin, iddialı ölkə klublarının son transfer dönəmindəki fəaliyyətinə nəzər salaq.



“Neftçi”

Yeni mövsüm öncəsində əsas forvardı Nikolas Kanalesi itirən, Julius Vobayı isə BƏƏ-nin “Əl Şaab” komandasına icarəyə verən son çempionun yollarını ayırdığı digər futbolçular əsas heyət üzvü sayılmadığından, “ağ-qaralar”ın ötən mövsümkü heyətini qoruduğunu demək olar.

“Xalq komandası”nın yeni transferlərinə gəlincə, yerli futbolçulardan Vasif Əliyevi sıralarına qatan flaqman bundan başqa, Latviyanın “Metallurq” klubundan qapıçı Pavel Doroşevsi, Braziliyanın “Vitoriya” kollektivindən müdafiəçi Karlos Kardosonu, Belçika “Kortriyk”dan yarımmüdafiəçi Ernest Nforu və Hollandiyanın “Neymegen” klubundan hücumçu Melvin Platyeni transfer edib.

“Neftçi”, məşhur “transfermarkt.com” saytının hesablamalarına görə, yeni gələnlər üçün təxminən 2 milyon 500 min avro xərc çəkib. Xatırladaq ki, saytın təqdim etdiyi transfer məbləğlərinə əsasən flaqmanın mövsümlərasrası dönəmdəki ən bahalı transferi kamerunlu Ernest Nfordur ki. onun da transfer qiyməti 1 milyon avrodur.

Xatırladaq ki, “transfermarkt.com” saytının məlumatına görə, flaqman Vasif Əliyevin taransferinə görə 100, Pavel Doroşevsə görə 300, Karlos Kardosoya görə 600, Melvin Platyenin transferinə görə isə 800 min avro xərc çəkməli olub.

“Qarabağ”

Son illərdə əsasən yerli futbolçulara bel bağlayan ötən mövsümün vitse-çempionu yeni mövsüm öncəsində isə bir neçə azərbaycanlı futbolçudan imtina etdi. Elnur Abdulov, Emin İmaməliyev, Zaur Həşimov, Əfran İsmayılov və Vaqif Cavadov kimi yerli futbolçularla yanaşı, milliləşdirilmiş Branimir Subaşiç, eləcə də əcnəbilərdən Emeka Opara və Kristian Torreslə əməkdaşlığa son qoyan “Qarabağ” heyətini gücləndirmək üçün isə Hollandiya “Neymegen”indən Leroy Corcu, Yunanıstanın “Olimpiakos” klubundan Çumbinyonu, Almaniya “Bohum”unun ikinci komandasından Nikolas Gelaşvilini və İordaniyanın “Şabab Al Ordon” komandasından Ulriş Kapolonqonu transfer etdi. Yeni mövsümdə dörd legionerə “qucaq açan” ağdamlılar bu transfer üçün ümumilikdə 2 milyon 550 min avro xərcləyib.

“Transfermarkt.com” saytının məlumatına görə, ən bahalı transferi braziliyalı Çumbinyo olan “köhlən atlar” yarımmüdafiəçinin xidmətindən yararlanmaq üçün 1 milyon 250 min avro ödəniş etdiyi halda, komandanın digər tarnsferləri Leroy Corc 700 min avroya Nokolas Gelaşvili və Ulriş Kapolonqo isə hərəyə 300 min avroya bölgə komandasının sıralarına qatılıb.

“İnter”

Ötən mövsüm mükafatçılar sırasına düşməsinə baxmayaraq nəticədən məmnun qalmayan paytaxtın “İnter” komandasının ciddi dəyişikliklər asdanasında olduğu bəlli idi. Bunun məntiqi nəticəsi kimi cari mövsümün startına qədər komandadan nə az, nə çox , düz 14 futbolçu göndərildi. Əvəzində isə icarədən qayıdanları nəzərə almasaq, “bankirlər”ə 9 futbolçu qoşuldu.

“Qarabağ”dan Vaqif Cavadovu “Bohum”dan Aleksandr İaşvilini, Tbilisi “Dinamo”sundan Mikel Alvaro Salazarı, “Sibir”dən Matiya Şpiçiçi, “Nea Salamis”dən İvan Alexandro Benitesi,“SKA-Energiya”dan Laşa Salukvadzeni,“Buduçnost”dan Junior Flavio Beki, “Braqantino”dan Joao Paulo de Souza Dantası və “Mattersburq”dan İlço Naumoskini transfer edən “bank təmsilçisi” sözügedən futbolçuların transferinə ümumilikdə 2 milyon 950 min avro xərcəlyib.

Məlumat üçün bildirək ki, “transfermarkt.com” saytının məlumatına görə, paytaxt təmsilçisinin yeni transferləri arasında ən bahalısı 700 min avro qiyməti olan ispaniyalı Mikel Alvaro Salazar, ən aşağı transfer qiyməti olan futbolçusu isə Mikel Alvaronun həmvətəni İvan Alexandro Benitesdir ki, onun da transfer qiyməti 50 min avrodur.

“Bakı”

Cari mövsümə yeni baş məşqçi Milinko Pantiçin rəhbərliyi altında başlayan və mövsün öncəsi klubun sabiq çalışdırıcısı Bondar Bandeviçin dönəmində komandaya cəlb olunan əksər oyunçularla yollarını ayıran “Bakı” Əfran İsmayılov, Mindauqas Kalonas, Yure Travner, Giorqos Pelagias, Mario Alvares, Ruben Qonzales, Elilton Arauxu dos Santos Etto, Alberto Noquera kimi futbolçuları sırasına qatdı.

Yeni taransferlərin keçidinə ümumilikdə 2 milyon 275 min avro pul xərcləyən “zolaqlılar” ən çox ispaniyalı Ruben Qonslalesin keçidi üçün pul xərcləməli oldu. 31 yaşlı orta xətt oyunçusunun “Bakı” ilə müqavilə imzalaması komandaya 700 min avroya başa gəldi. Məlumat üçün bildirək ki, paytaxtın eynadlı komandasının yeni transferləri arasında ən ucuz qiymətə komandaya cəlb etdiyi oyunçu isə kipirli Georgios Pelagiasdir. Xatırladaq ki, “transfermarkt.com” saytı 28 yaşlı arxa xətt oyunçusuna 75 min avro qiymət qoyub.

“Qəbələ”

Yeni mövsümdə tanınmış rusiyalı məşqçi Yuri Syomini baş məşqçi postuna gətirən “Qəbələ” mövsümöncəsi Rəşad Abdullayev, Vurğun Hüseynov, Anar Nəzirov, Aleksandr Çertoqanov, Rövşən Əmiraslanov, Luka Jinko, Çin), Ceyhun Sultanov, Rey Məmmədbəyli, Daniel Lopez Kruz, İfeanyi Emeqara, Mustafa Dabo, Yaşar Abuzərov, Elnar Kərimov və Kristian Pulhakla yollarını ayırdı. Qarşısına ən azı Avroliqaya vəsiqə qazanmaq vəzifəsi qoyulan “qırmızı-qaralar”ın yeni transferlər siyahısı isə əsasən əcnəbi futbolçular təşkil edir.

Elita klublarından İbrahima Niasse, Nizami Hacıyev və Vlodimir Levini (hamısı “İnter”) və David Pietrzkeviç (“Simurq”) sıralarına qatan şimal təmsilçisi bundan başqa, Donetsk “Metallurq”undan Lorentso Ebesilio və Leonardo da Silva Souza , Rusiya “Kuban”ından Əbdülvahid Afolabi, Türkiyə “Dənizlispor”undan Rail Məlikov kimi oyunçularla güclənib.

“Transfermarkt.com” saytının hesablamalarına görə, Qəbələnin eyniadlı komandası yeni oyunçuların keçidinə ümumilikdə 3 milyon 150 min avro xərcləyib. Xatırladaq ki, sözügedən saytın hesablamalarına görə, komandanın ən bahalı transferi keçidi komandaya 1milyon 400 min avroya başa gələn Leonardo da Silvadır.

“Simurq”

Ötən mövsüm qənaətbəxş çıxışı ilə yadda qalan “Simurq” cari birincilikdə də iddiasını sürdürmək niyyətindədir. Bu məqsədlə transfer çalışmalarına da xüsusi önəm verən zaqatalalılar David Pietrzkeviç, Dmitri Kramarenko, Qərib İbrahimov, Aleksandr Şemonayev, Rasim Ramaldanov, Zdravko Popoviç,Tomislav Buşiç, Mario Bojiç, Marçin Burxardt, Mehman Məmmədov, Qafar Qafarov və Elçin Süleymanovla əməkdaşlığa son qoyan “sarı qaralar” əvəzində isə yerlilərdən Orxan Səfiyaroğlu, Taqim Novruzov, Amil Ağacanov, Rövşən Əmiraslanov, Tural Axundov, Məhərrəm Hüseynov və Cavad Kazımovu, əcnəbilələrdən isə Pavel Kapsa, Patrik Osiako, Raul Kostin, Draqan Çeran və İdan Veitzmanı sıralarına qatdı. “Transfermarkt.com” saytının məlumatına görə yeni mövsüm üçün oyunçu keçidlərinə təxminən 3 milyon 775 min avro xərcləyən komandanın ən bahalı transferi İsrailin Ber Şeva şəhərini təmsil edən “Hapoel”indən alınan Patrik Osiakodır ki, onun da transfer qiyməti 650 min avrodur.

“Xəzər Lənkəran”

Bu il yaranmasının 10 illiyini qeyd edən “Xəzər Lənkəran”ın taransfer fəaliyyətinə önəm verəcyi əvvəldən gözlənilən idi. Məhz bu üzdən “ağ-yaşıllar”ın transferə ən çox pul xərcləyən kollektiv olması sürpriz olmadı. Akif Tağıyev, Robert Alviz, Gökhan Güleç, Lusiano Olquin və Dimitrios Sialmasla mövsüm başa çatan kimi, Eder Bonfim, Adrian Pit, Toni Doblas və Marin Orsuliç iləysə Avroliqadakı məlum uğursuzluqdan sonra yollarını ayıran cənub klubu heyətini gücləndirmək üçün isə ümumilikdə 4 milyon 600 min avro xərcləməli oldu. Komandanın ən bahalı transferi isə yaxınlarda “Adanaspor”dan alınan və transfer qiyməti 1 milyon 500 min avro civarında olan kamerunlu Mbila Etamedir.

Elita təmsilçilərinin transfer siyasətinin klubların səviyyəsinə, onların oyun üslubuna təsirsiz ötüşməyəcəyi dəqiqdir. Amma kimin transfer fəaliyyətinin faydalı, hansı komandanın aldığı oyunçuların gərəksiz olduğunu isə Premyer-liqanın qarşıdakı turları göstərəcək.

Tural Məmmədov
Xüsusi olaraq AzVision.az üçün



Teqlər:





Xəbər lenti