İsrail futbolçsundan Azərbaycan millisinə məsləhətlər

  İsrail futbolçsundan Azərbaycan millisinə məsləhətlər
  06 Sentyabr 2013    Oxunub:1619
Sabah dünya çempionatının seçmə mərhələsində İsrail milli komandasının qonağı olacaq Azərbaycan yığmasının səfərdən üzüağ qayıtması üçün rəqibi yaxşı təhlil etməsi əsas şərtlərdəndir. Bu üzdən rəqibi yaxından tanımaq üçün bu komandanın oyununu izləmiş şəxslərin dediklərinə ehtiyac var.

Hər halda, hazırda İsrail çempionatında oynayan futbolçulardan birinin dilindən çıxanları eşitmək maraqlı olardı. Bu məqsədlə Azərbaycan futbol məktəbinin yetirməsi olan və son iki mövsümdə İsrail çempionatında top qovan Emil Kitelmanla əlaqə saxladıq.

- İsraillə Azərbaycan yığmalarının oyunundan hansı nəticəni gözləyirsiniz?
- Mən bu oyunda Azərbaycan milli komandasının qələbə qazanmasını istəyirəm. Amma reallıq budur ki, İsrail yığması daha güclüdür. Üstəlik, meydan sahiblərinin qarşıdakı dünya çempionatına vəsiqə qazanmaq şansı davam etdiyindən İsrail seçməsinin daha çox qələbə istəyində olacağını düşünürəm.

- Rəqibin zəif cəhətləri kimi nələri göstərmək olar?
- Fikirimcə, İsrail milli komandasının zəif cəhətləri çox deyil. Daha çox bu komandanın üstün tərəflərindən danışmaq olar.

- Sizcə, İsrail millisinin üstün cəhətləri hansılardır?
- Xüsusən yarımmüdafiə və hücum xəttinin güclü olduğunu düşünürəm.

- Sizcə, milli komandamız İsrail yığması ilə oyunda hansı oyun üslubuna üstünlük verməlidir?
- Məncə, Azərbaycan milli komandası dünya çempionatına vəsiqə qazanmaq şanslarını itirdiyindən artıq komanda üçün itiriləsi bir şey yoxdur. Odur ki, Azərbaycan millisi İsraillə oyunda hücum futboluna üstünlük verməlidir.

-İsrail futbol ictimaiyyətinin nümayəndələri yığmamız haqqında hansı fikirdədilər?
- Ölkə futbolunun inkişafda olduğundan xəbərdardırlar. Azərbaycan millisinə ciddi rəqib kimi baxırlar. Amma oyundan üç xalla ayrılmağa borclu olduqlarını düşünürlər.

- İlk oyundan öncə İsrail mediası Vaqif Cavadov və Elvin Məmmədovu təhlükəli oyunçular kimi qiymətləndirmişdi. Hər iki oyunçunun İsrailə qarşı oynamaması rəqib düşərgədə necə qiymətləndirirlir?
- Düzü, hələ bu barədə bir şey eşitməmişəm. Amma əgər şəxsi fikirimi soruşsanız, deyə bilərəm ki, hər iki oyunçu millinin əsas simalarından sayılsa da, onları əvəzləyəcək futbolçuların da yaxşı çıxış edəcəyini düşünürəm.

- Yeri gəlmişkən, rəqibin heyətində Yussi Benayun, Beram Kayal, Rami Gerşon, Eden Ben-Basat, Avi Rikan və Tomer Hemed kimi oyunçuların olmaması millimiz üçün nə dərəcədə üstünlük sayıla bilər?
- Məncə, bunu üstünlük kimi qiymətləndirməyə dəyməz, çünki rəqibin bütün mövqelərdə 2-3 güclü futbolçusu var. Bəlkə də 2-3 il bundan əvvəl olsaydı, Benayunun və digərlərinin çıxış etməməsini İsrail yığması üçün ciddi itki saymaq olardı, amma indi belə demək olmaz.

- Bildiyimizə görə, siz həm də İsrail vətəndaşısınız. Sirr deyilsə, bu oyunda hansı komandaya azarkeşlik edəcəksiniz?
- Mən Azərbaycanda anadan olmuşam və Azərbaycan milli komandasının şərəfini qorumuşam. Bu üzdən doğma ölkəmin əsas millisinə azarkeşlik edəcəm.

- İsrail futboluna yaxşı bələd olan bir futbolçusunuz. Maraqlıdır, Azərbaycandan səninlə əlaqə saxlayaraq rəqib haqqında məlumat alan olubmu?
- Futbol federasiyası və ya milli komanda səviyyəsində maraqlanan olmayıb. Amma idman mediasından maraqlananlar olub.

- Yeri gəlmişkən, hazırda İsrailin hansı komandasının formasını geyirsiniz?
- Hazırda “Netanya” klubunun üzvüyəm. Amma yeni təkliflər aldığımdan klubumu dəyişmək ehtimalım var.

Tural Məmmədov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti