Kim daha şanslıdır? - TƏHLİL

 Kim daha şanslıdır? - TƏHLİL
  07 Sentyabr 2013    Oxunub:1506
İsrail matçında xeyrimizə olan və olmayan məqamlar
Məlum olduğu kimi, bu gün futbol üzrə Azərbaycan milli komandası gələn il Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə İsrail milli komandası ilə qarşılaşacaq. Cari seçmə tsikldə artıq bir dəfə qarşılaşdığımız və 1:1 hesablı heç-heçənin qeydə alındığı İsrail millisi bizim üçün yad rəqib sayılmır. İş orasındadır ki, bu gün baş tutacaq matç İsrail milli yığma komandası ilə ümumilikdə beşinci görüşümüz olacaq. Deməli, iki komanda arasında indiyə qədər keçirilmiş oyunlardakı qazandığımız təcrübəyə və avstriyalıların cari seçmə mərhələdəki çıxışına əsasən müəyyən nəticələrə gələ bilərik. Məhz bu səbəbdən bugünkü matçda lehimizə və əleyhimizə işləyəcək məqamlara ayrı-ayrılıqda aydınlıq gətirməyə çalışacağıq.

Lehimizə olan amillər

Komandamızın lehinə olan ən önəmli məqam özünəinam hissinin bərpa olunmasıdır. Son hazırlıq matçında Malta üzərində qazanılan höyükesablı qələbənin futbolçulara mənəvi güc verdiyi danılmazdır. Bundan başqa, yığmamızın son iki səfər qarşılaşmasında uduzmaması da millimiz üçün əlavə üstünlükdür.

Yuxarıda da qeyd etdiyimiz kimi, sözügedən qarşılaşma tərəflərin birinci dueli olmayacaq. Deməli, rəqibə bələd olnağımız ilk görüşdə oyunçularımızın yol verdiyi xətalardan və sərgilədiyi arzuolunmaz keyfiyyətlərdən dərs çıxarmağımıza şərait yaradır.

Oyundan əvvəl İsrail futbol ictimaiyyətinin nümayəndələri arasında aparılan sorğuda respondentlərin əksəriyyətinin İsrail millisindən böyükhesablı qələbə gözləməsi qarşı tərəfdə motivasiya əskikliyi yarada bilər ki, bu da milli komandamızın lehinə işləyə bilər.

Azərbaycan millisinin gələn il Braziliyada düzənlənəcək dünya çempionatına qatılmaq şanslarını itirməsi də önəmli faktorlardandır. Düzdür, milli komandamız istənilən halda, uğurlu nəticə qazanmağa çalışacaq. Amma yığmamızın qarşısında yüksək tapşırıqların həllinin durmadığı da unudulmamalıdır. Məhz bu amil Berti Foqtsun “drujinası”nın matça daha rahat çıxmasını şərtləndirəcək ki, bu da oyunda yaxşı nəticə qazanmağa yardımçı ola bilər.

Yığmamızla oyundan üç gün sonra səfərdə Rusiya millisi ilə qarşılaşacaq Eli Qutmanın yetirmələrinin şimal qonşumuzla oyunöncəsi bizimlə görüşə nisbətən formal oyun kimi yanaşması və qarşıdakı matçı düşünərək yetərincə güc sərf etməməsi milli komandamızın xeyirinədir.

Bu gün keçiriləcək qarşılaşmada rəqibin Yossi Benayun, Tomer Hemed, Eden Ben-Basat, Beram Kayal, Avi Rikan və Rami Qerşon kimi oyunçularından faydalana bilməməsi də bizim üçün əlavə üstünlük ola bilər.

Əleyhimizə olan amillər

Milli komandamızın səfər oyunlarında istənilən kimi çıxış edə bilməməsi oyunöncəsi komandamızın əleyhinə olan ən önəmli məqamlardandır.

Komandamızın Bakıdakı qarşılaşmada İsrail millisini büdrətməsi (1:1) millimizdə arxayınlıq yarada, rəqib komandanın isə matça daha ciddi yanaşmasını şərtləndirə bilər ki, bu da əsas yığmamız üçün heç də yaxşı sonluq vəd etmir.

Yığma komandamızın əsas üzvlərindən olan Vaqif Cavadov və Branimir Subaşiçin cəza, Əfran İsmayılovun zədə, Elvin Məmmədovun isə məşqçinin etimadını qazana bilməməsi səbəbindən matçı buraxacaq olması komandamız üçün ciddi itki sayıla bilər.

Rəqib komandanın dünya çempionatına çıxmaq şanslarını saxlaması daoyunöncəsi İsrail yığması üçün üstünlük hesab oluna bilər.

Milli seçmə komandamızın baş məşqçisi Berti Foqtsun millimizdəki gələcək taleyinin sual altında olmasını da komandamızın ziyanına işləyən nüans kimi qəbul etmək olar. Hər halda, müqaviləsinin yenilənməyəcəyini düşünən çalışdırıcının komandasını matça istənilən kimi kökləməsini gözləmək sadəlöhvlük olardı.

Tural Məmmədov




Teqlər:  





Xəbər lenti