Çempionlar Liqası: Kim daha şanslıdır?- TƏHLİL

Çempionlar Liqası: Kim daha şanslıdır?- TƏHLİL
  17 Sentyabr 2013    Oxunub:1811
Nəhayət, bu gün futbol azarkeşlərinin çoxdan gözlədiyi UEFA Çempionlar Liqasının qrup mərhələsi start götürür. Bu dəfə də 32 komandanın mübarizə aparacağı ən nüfuzlu klub turnirində həmişə olduğu kimi, hərəsində 4 komanda olmaqla 8 qrupda münasibətlərini aydınlaşdırılacaq.

Təbii ki, Çempionlar Liqasının iştirakçılarının şansları müxtəlifdir. Turnirin favoritləro də var, auysayderləri də.Deməli, Çempionlar Liqasının iştirakçılarının şanslarına diqqət yetirməyə dəyər. Gəlin, sözügedən turnirin iştirakçılarının şanslarına ayr-ayrı qruplar şəklində nəzər salaq.

A qrupu

1 .“Mançester Yunayted”
2. “Şaxtyor”
3. “Bayer” L.
4 “Real” S.

A qrupunda yer alan komandalardan ikisi ötən mövsüm də Çempionlar Liqasının iştirakçıları sırasında idi. İngiltərənin “Mançester Yunayted” klubu ilə Ukraynanın “Şaxtyor” komandasından fərqli olaraq Almaniyanın “Bayer” (Leverkusen) kollektivi Avropa Liqasında çıxış etmiş, A qrupunun digər komandası “Real”(Sosyedad) isə ötən mövsüm ümumiyyətlə Avrokuboklarda çıxış etməmişdi. Qrupda hansı komandanın favorit olmasına gəlincə, İngiltərənin “Mançester Yunayted” komandası ilk pilləyə əsas namizəddir.

Ötən mövsüm son 27 ildə “qırmızı şeytanları” çalışdıran Aleks Ferquyussonun vəzifəsindən ayrılmasından sonra Devid Moyes tapşırılan İngiltərə təmsilçisinin yeni baş məşqçinin rəhbərliyi altında necə oyun sərgiləyəcəyi maraq doğuran məqamalardan olsa da, “oturuşmuş heyət”ə malik komandanın çempionluğa əsas namizədlərdən olmasına şübhə yeri yoxdur. Xatırladaq ki, ötən mövsüm yer aldığı H qrupunu 12 xalla tamamlayan “Mançester Yunayted” 1/8 finalda Madrid “Real”ına məğlub olaraq mübarizəni dayandırmışdı.

Qrupda ikinci sıranı tutmağa isə Ukraynanın “Şaxtyor” komandası daha yaxın görünür. Ötən mövsüm yer aldığı E qrupunu 10 xalla başa vuraraq mərhələ adlayan və 1/8 finalda son mövsümün vitse-çempionu “Borussiya” (Dortmund) komandasına uduzan “şaxtaçılar” son illərdə qazandığı təcrübə hesabına digər iki komandanı qabaqlamağa borcludur.
A qrupunun digər iki komandasının hədəfi isə ilk növbədə “Şaxtyor”u büdrətməyə çalışacaq. La-Liqanın ötən mövsümünü dördüncü sırada başa vurmaqla Çempionlar Liqasına vəsiqə qazanan və pley-off mərhələsində Fransanın “Lion” klubunu hər iki oyunda üstələməklə qrup mərhələsinə adlayan sosyedadlılar Leverkusen “Bayer”inə nisbətən sürpriz etməyə daha yaxındır.

B qrupu

1. “Real” M.
2. “Yuventus”
3. “Qalatasaray”
4. “Kopenhagen”

Çempionlar Liqasında ən çətin qruplardan sayılan B qrupunda yer alan “Real” (Madrid) və “Yuventus” ilk iki pillə üçün əsas favoritlər hesab olunsa da, ötən mövsüm Çempionlar Liqasının 1/4 final mərhələsində məhz Madrid “Real”ına yenilərək mübarizəni dayandıran “Qalatasaray”ı da hesabdan silmək olmaz. “Sarı-qırmızılar”ın qrupdan çıxmaq iddiası asan məsələ kimi görünməsə də, Avroliqaya vəsiqə qazandıran üçüncü pilləni tutması realdır. Qrupun ən zəif təmsilçisi isə Danimarka çempionu “Kopenhagen” sayılır.

C qrupu

1. “Benfika”
2. PSJ
3. “Olimpiakos”
4. “Anderlext”

C qrupunun ən güclü komandası heç şübhəsiz, Fransa çempionu PSJ-dir. Məhz bu üzdən Paris təmsilçisinin qrupun ilk pilləsini kiməsə güzəştə getməsi inandırıcı deyil. Məlumat üçün bildirək ki, PSJ ötən mövsüm Çempionlar Liqasında 1/4 final mərhələsinə qədər irəlləmiş və “Barselona”ya məğlub olaraq mübarizəni dayandırmışdı. Digər vəsiqə uğrunda isə həm “Olimpiakos”un, həm “Anderlext”in, həm də “Benfika”nın şansları var. Sözügedən komandalardan hansının nisbətən daha şanslı olduğuna gəlincə, Portuqaliyanın “Benfika” komandasını bir addım öndə olduğunu demək olar. Xatırladaq ki, ötən mövsüm sözügedən turnirin qrup mərhələsini üçüncü pillədə tamamlayan “Benfika” həmin mövsüm Avroliqnın finalına qədər irəlləmişdi. Digər komandalara gəlincə, Yunanıstanın “Olimpiakos” komandası qrup mərhələsini üçüncü, Belçika “Anderlext”i isə son pillədə başa vurmuşdu.
D qrupu

1. “Bavariya”
2. MOİK
3. “Mançester Siti”
4. “Viktoriya”

Son çempionun yer aldığı D qrupunda başqa komandanı ilk pilləyə əsas namizəd göstərməyə dəyməz. Ən əsası da həm “Bavariya”nın oyun planında rəqiblərindən aşkar üstün olması belə deməyə əsas verir, həm də qrupda iddialı komandaların sayı çox deyil. Bu mənada son çempionla az-çox mübarizə apara biləcək komanda kimi İngiltərənin “Mançester Siti”ni göstərmək olar. Elə növbəti mərhələyə vəsiqə verən ikinci pilləni tutması gözlənilən kollektiv də İngiltərə təmsilçisidir. Avroliqaya vəsiqə uğrunda mübarizə isə Rusiyanın MOİK və Çexiyanın “Viktoriya” komandaları arasında gedəcək ki, burda da moskvalılar daha şanslı sayılır.
E qrupu

1. “Çelsi”
2. “Şalke 04”
3. “Bazel”
4. "Styaua"

Avroliqanın son qalibi olan “Çelsi” qrupun əsas favoriti sayılır. E qrupunun əsasən orta səviyyəli kollektivlərdən təşkil olunması da “zadəganlar”ın qrupu lider kimi tamamlamaq şansını artıran məqamlardandır. Komandaya yeni mövsümdən etibarən Joze Mourinyonun başçılıq etməsi də İngiltərə təmsilçisinin üstünlüyü kimi qiymətləndirilməlidir. Xatırladaq ki, “Çelsi” ötən mövsüm Çempionlar Liqası ilə elə qrup mərhələsindəcə vidalaşmışdı. E qrupunda ikinci sıraya əsas namizəd isə Almaniyanın “Şalke 04” komandasıdır. Bundesliqa klubu hər nə qədər qeyri-sabit çıxış edən komanda olsa da, sözügedən klubun Almaniya təmsilçisi olması rəqiblərin “Şalke”ni ciddi qəbul etməsini şərtləndirməlidir. Hər halda, Jens Kellerin “drujinası”nın ötən mövsüm Çempionlar Liqasının 1/8 final mərhələsinə qrup qalibi kimi yüksəlməsi sıradan fakt deyil. E qrupunun digər iki komandası – “Bazel” və “Styaua” isə ən yaxşı halda Avropa Liqasına vəsiqə uğrunda mübarizə apara bilər ki, bu baxımdan da İsveçrə “Bazel”i daha üstün görünür.
F qrupu

1. “Arsenal”
2. “Marsel”
3. “Borussiya”
4. “Napoli”

F qrupunda turnirin son qalibini səfərdə yenə bilən yeganə komanda “Arsenal”ın, son mövsümün vitse-çempionu “Borussiya”nın və İtaliyanın yüksəlişdə olan komandası “Napoli”nin, eləcə də Fransanın iddialı klubu “Marsel”in yer alması qrupun “ölüm qrupu” kimi xarakterizə olunmasına şərait yaradır. İlk baxışdan Dortmund “Borussiya”sı və London “Arsenal”ı qrupun favoriti sayılsa da, İtaliyanın “Napoli” komandasını da zəif rəqib kimi qəbul etmək olmaz. Başqa sözlə, “Napoli”nin iki komandadan birini qabaqlaması sürpriz kimi qiymətləndirilməməlidir. “Ölüm qrupu”nun ən zəif komandası isə Fransanın vitse-çempionu “Marsel” hesab olunur.

G qrupu

1. “Porto”
2. “Atletiko” M.
3. “Zenit”
4. “Austriya”

G qrupunda 1/8 finala yüksəlməyə iddialı üç komanda yer almaqdadır. Həm İspaniyanın “Atletiko”, həm Portuqaliyanın “Porto”, həm də Rusiyanın “Zenit” komandası növbəti mərhələyə yüksəlməyi hədəfləyir. Komandaların şanslarına gəlincə, “Atletiko” (Madrid) və “Porto” bir addım öndədir. Rusiya “Zenit”i isə ən pis halda Avropa Liqasına vəsiqə qazanmağa borcludur. Qrupun digər komandası “Austriya”nın mərhələ adlaması isə möcüzə olardı.
H qrupu

1. “Barselona”
2. “Milan”
3. “Ayaks”
4. “Seltik”

Püşk bu dəfə də “Barselona”nı ötən mövsüm qrup mərhələsində bir qarşılaşmada uduzduğu Şotlandiyanın “Seltik” və 1/8 finalda ilk oyunda yenildiyi “Milan”la eyni qrupa saldı. Qrupun digər komandası isə Hollandiyanın “Ayaks” komandasıdır. Amma ötən il olduğu kimi, bu dəfə də “Barselona”nın tanış rəqibləri üstələməsi gözləniləndir. H qrupundan ikinci vəsiqənin sahibinin isə İtaliyanın “Milan” komandası olacağı daha inandırıcıdır. Əgər Milanın eyniadlı komandası imkanlarından aşağı çıxış etməsə “Ayaks” və “Seltik” yalnız Avroliqaya vəsiqə uğrunda mübarizə aparmalı olacaqlar.

Tural Məmmədov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti