İlk gündə iki medal qazandıq

İlk gündə iki medal qazandıq
  24 Sentyabr 2013    Oxunub:1744
İndoneziyanın Palembanq şəhərində keçirilən 3-cü İslam Oyunlarının ilk günündə Azərbaycan karateçiləri biri qızıl, digəri gümüş olmaqla iki medal qazandılar.
Gənclər və İdman Nazirliyindən AzVision.az-a verilən məlumata görə, yarışdan sonra yarışların qalibi Ayxan Mamayev və gümüş medalçısı Şahin Atamov qələbə sevinclərini bölüşüblər.

Qalib idmançılarımız haqqında qısaca olaraq bildirək ki, Ayxan Mamayev 1991-ci ildə, Şahin Atamov isə 1986-cı ildə Bakıda anadan olublar. Hər ikisi Bakıxanov qəsəbəsində “Qara qaplan” klubunda məşqlərə başlayıblar. Əvvəllər “Budokan” adlanmış bu klubda Seymur və Şahin Xudaverdiyev qardaşlarının rəhbərlikləri altında karate ilə məşğul olmağa başlayıblar.

Ayxan Mamayev 5 ildir ki, beynəlxalq yarışlarda ölkəmizi təmsil edir. Gənclər arasında 2011-ci ildə dünya, bir il sonra isə qitə çempionu olub. Böyüklər arasında isə 2012-ci ildə Avropa ikincisi və dünya üçüncüsü olub.

İslam oyunlarında 4 görüş keçirən Ayxan ilk iki döyüşdə 8:0, üçüncü döyüşdə 1:0 finalda isə Misir idmançısı Hani Keştaya 9:1 hesabı ilə qalib gəlib. Qeyd edək ki, Kolumbiyada ötən il keçirilmiş dünya oyunlarında həmin idmançı Ayxana 2:1 hesabı ilə qalib gəlmişdi.

Şahin Atamov məşqlərə 9 yaşından başlayıb. 2006-cı ildə şotokanda gənclər arasında dünya çempionu WKF-də isə böyüklər arasında dünya çempionatının gümüş və bürünc medalarını qazanıb. İki dəfə dünya kubokunun qalibi olub.

Bu gün keçirilən yarışlarda ilk döyüşdə 5:3, ikincidə 2:0, yarımfinalda isə 1:0 hesabı ilə qalib gəlib. Yalnız finada iranlı rəqibinə məğlub olan Şahin Azərbaycan komandasının 3-cü İslam Oyunlarında ilk medalını qazanmış olub.


Teqlər:  





Xəbər lenti