Şenol Günəş millimizə nə verə bilər? – TƏHLİL

Şenol Günəş millimizə nə verə bilər? – TƏHLİL
  11 Oktyabr 2013    Oxunub:1973
Futbol üzrə dünya çempionatının seçmə mərhələsi sona yaxınlaşdıqca milli komandamızın baş məşqçisi Berti Foqtsun yığmadakı gələcək taleyi də daha qızğın şəkildə müzakirə olunmağa başlayıb.

Düzdür, məsələ ilə bağlı AFFA İcraiyyə Komitəsi son qərarını vermədiyindən, yığmanın gələcək perspektivi barədə danışmaq hələ tezdir. Amma hadisələrin inkişafının bizi Foqtssuz dönəmə apardığına demək olar ki, şübhə yoxdur.

Artıq millinin “sükanı arxasına” keçməyə namizədlərin adı da uzun zamandan bəri mətbuatın dövriyyəsindədir. Amma milliyə namizədlərin heç də hamısı yerli futbol ictimaiyyətinə məlum deyil. Belə ki, AFFA-nın sözügedən postu yerli çalışdırıcıya əmanət edəcəyi gözlənilsə də, federasiya rəsmilərinin Türkiyə millisinin sabiq baş məşqçisi Şenol Günəşlə danışıqlar aparması, belə demək mümkünsə, aydın səmada şimşək kimi çaxdı.

Yayılan məlumatlara görə, Şenol Günəşin namizədliyi AFFA-ya azərbycanlı menecer Adil Mirzəzadə tərəfindən irəli sürülüb. Federasiya ilə danışıqlar aparan Mirzəzadə yerli futbol funksionerlərimizlə razılıq əldə etdikdən sonra türkiyəli mütəxəssislə əlaqə qurmaq üçün “Gol sportmenagement” menecerlik şirkətinin nümayəndələrinə müraciət edib. Bundan sonra Almaniyada fəaliyyət göstərən adıçəkilən şirkəin rəhbəri Süleyman Mərcanın vasitəsi ilə Şenol Günəşlə əlaqə yaratmaq mümkün olub.

Daha doğrusu,“Gol sportmenagement” menecerlik şirkətinin Türkiyədəki nümayəndəsi Ayxan Yaşılbaş Şenol Günəşlə görüşərək məşqçinin mümkün təklifə münasibətini öyrənib. AFFA-nın gözlənilən təklifi ilə prinsipcə razılaşan 61 yaşlı mütəxəssisə rəsmi təklifin millinin qarşıdakı oyunlarından sonra edilməsi ilə bağlı ilkin razılıq əldə olunub. Hətta hazırda bir neçə klubdan təklif alan Günəşin milli komandamızın baş məşqçisi olmaq ehtimalını nəzərə alaraq digər variantları arxa plana keçirdiyi haqqında söyləntilər dolaşmaqdadır.

Təbii ki, Berti Foqtsun əvəzləyicisi kimi Şenol Günəşin adının hallanması bizi Terkiyənin idman mediasının bəzi nümayəndələri ilə əlaqə saxlmağa və tanınmış türkiyəli mütəxəssisin millimizin “sükanı arxasına” keçmək və uğur qazanmaq perspektivini dəyərləndirməyə sövq etdi. Mövzu ilə bağlı fikirlərini öyrəndiyimiz qardaş ölkənin media nümayəndələrinin düşüncələri isə aşağıdakı kimi oldu:

Kərəm Öncəl (“TRT” kanalının əməkdaşı):

- Şəxsən mən Şenol Günəşin Azərbaycan milli komandasının baş məşqçisi postunu tutmasını istərdim. İnsani keyfiyyətlər baxımından yaxşı, pozitiv enerjili adam olduğu kimi, məşqçi kimi də bacarıqlıdır. Məncə, Azərbaycan yığmasında uğur qazana bilər.

Oğuz Dizər (“Fanatik” qəzetinin əməkdaşı):

- Şenol Günəş məşqçi kimi özünü təsdiqləmiş, milli komanda ilə dünya çempionatının bürünc mükafatını qazanmış mütəxəssisdir. Amma hər hansı komanda ilə uğur qazanmaq üçün çalışdırıcının karyerasının uğurlarla zəngin olması yetərli deyil. Bu məsələdə məşqçiyə vaxt verilməsi, ona lazımi şəraitin yaradılması, adaptasiya prosesinin uzun çəkməməsi, səviyyəli futbolçu nəslinin olması və s. önəmlidir. Əks halda, dünyanın ən bacarıqlı məşqçisini bu posta gətirsən belə, arzulanan hədəfə çatmaq mümkün olmayacaq.

Süleyman Rodop (“TV 8” kanalının əməkdaşı):

- İndiki durumda Şenol Günəşin Azərbaycan milli komandasından gələn təklifi qəbul etməməsi üçün ciddi səbəb yoxdur. Bu məsələdə məşqçinin hazırda işsiz olması da böyük rol oynaya bilər. Əgər adıçəkilən mütəxəssis komanda ilə uğur qazanacağına inansa, razılığa gəlmək çətin olmaz. Amma məncə, sizin milli komandaya “uğur acı” olan gənc mütəxəssislər başçılıq etməlidir. Nisbətən yaşlı məşqçilər bu tip ikinci dərəcəli futbol ölkələrinə daha çox asan qazanc dalınca gəlirlər. Şenol Günəşin qardaş ölkədə uğur qazanmaq ehtimalına gəlincə, burada əsas məsələ Azərbaycan Futbol Federasiyasının Günəşin qarşısında hansı hədəfi qoyacağıdır. Amma istənilən halda, gələn seçmə mərhələdə hansı rəqiblərlə mübarizə aparacağı bəlli olmadığından indidən bu yöndə proqnoz vermək asan deyil.

Yalçın Türk: (“Fotomaç” qəzetinin əməkdaşı):

- Şenol Günəş Türkiyə milli komandası ilə dünya çempionatının bürünc medalını qazanmaqla məşqçi kimi səviyyəsini ortaya qoymuşdu. Amma klub karyerasında uğurun davamını gətirə bilmədi. Amma bununla belə, Azərbaycan milli komandasında uğur qazanmaq ehtimalını yüksək qiymətləndirirəm.

Əhməd Özər (“Markafutbol.com” saytının redaktoru):

- Türkiyə milli komandası ilə dünya çempionatında üçüncü yerə sahib çıxması onun nəyə qadir olduğunu göstərir. Məhz bu üzdən Şenol Günəşin Azərbaycan yığmasında da uğur qazanacağını düşünməyə əsas var. Məncə, Şenol Günəş sizin milli komandanı daha iddialı komandaya çevirə biləcək mütəxəssisdir.

Sonda onu da xatırladaq ki, AVRO-2012-nin seçmə mərhələsinin ardından da Azərbaycan milli komandasının baş məşqçisi postu üçün Şenol Günəşin namizədliyi gündəmə gəlmiş, hətta çalışdırıcı ilə şifahi razılıq da əldə olunmuşdu. Amma daha sonra AFFA-nın almaniyalı Berti Foqtsu vəzifəsində saxlamağa qərar verməsi türkoyəli mütəxəssisin yığmamıza gəlişini əngəlləmişdi.

Tural Məmmədov
AzVsion.az üçün



Teqlər:





Xəbər lenti