Qəhrəman şəhidimiz: Erməni generallar onun əmri ilə geri qayıdıblar - VİDEO+FOTOLAR

 Qəhrəman şəhidimiz:  Erməni generallar onun əmri ilə geri qayıdıblar -  VİDEO+FOTOLAR
  11 Yanvar 2021    Oxunub:116813
Vətən müharibəsində xüsusi şücaəti ilə seçilən igid döyüşçülərimizdən biri də Xüsusi Təyinatlı Qüvvələrin baş giziri şəhid Camal İsmayılov olub. Torpaqlarımızın azadlığı uğrunda canını fəda edən hərbçimizə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilib, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. O, Füzulinin, Cəbrayılın, Zəngilanın, Ərgünəş yüksəkliyinin, Hadrut qəsəbəsinin azad olunmasında, həmçinin Laçın dəhlizi istiqamətində hakim yüksəkliyin alınmasında qəhrəmancasına vuruşub, düşmənə sarsıdıcı zərbələr endirib.
Şəhidin həyat yoldaşı Fatimə İsmayılova Azvision.az-a müsahibəsində qəhrəmanımızın həyat yolundan danışıb.



“Camal 1984-cü ilin iyulun 7-də Neftçalanın Həsənabad qəsəbəsində anadan olub. Ailəsi 1986-cı ildə Rusiyanın Krasnoyarsk vilayətinin İqarka şəhərinə köçüb. Orada rus dilində təhsil alıb. 1991-ci ildə yenidən Azərbaycana geri dönüblər və orta məktəbi Neftçalada bitirib. Ailədə 3 uşaq - bir bacı, iki qardaş idilər. Yoldaşım idmançı olmaq istəyirmiş, boks yarışlarında iştirak edirmiş.

O, 2002-ci ildə ordu sıralarına çağırılıb. Orada Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat və rabitəçi qrupuna seçilib. 18 il ərzində müxtəlif təlimlərdə iştirak edib, özünü nəzəri və ya praktiki cəhətdən çox inkişaf etdirmişdi. Rus, ingilis, erməni dilini sərbəst bilirdi. Dağçılıq üzrə kitablar tərcüm edib dərslik hazırlayırdı. Xizəkçiliyi, dağçılığı, paraşütçülüyü peşəkar şəkildə öyrənmişdi.



Türkiyədə 2014-cü ilin may-iyun ayları ərzində paraşütçülük kursunu bitirmişdi. Daha sonra 2015-ci ildə “Turaz Şahini” təlimlərində iştirak etmişdi. Həmin ilin 28 sentyabr-16 oktyabr tarixlərində Gürcüstanda keçirilən “Dağçılıq və xizək” təlimlərində iştirakına görə sertifikat almışdı. 2019-cu ildə isə ABŞ, Pakistan, Gürcüstan, Azərbaycan və Türkiyənin iştirakı ilə keçirilən xüsusi 4-cü korpus təlimlərinə qatılıb, fərqlənmə sertifakatına sahib olub. “Qüsursuz xidmətə görə”, Azərbaycan Respublikası Silahı Qüvvələrinin yubiley medalı, Rusiya Müdafiə Nazirliyinin iştirakçı medalı ilə, ümumilikdə isə 7 dəfə fəxri medalla təltif olunub”.



Baş gizir heç vaxt evdə işi, iştirak etdiyi əməliyyatlar haqqında danışmazdı. Həyat yoldaşı deyir ki, yalnız onun ölümündən sonra necə bir qəhrəmanın xanımı olduğunu bilib.
“Deyirdi, ya şəhid olandan, ya da adi qaydada öləndən sonra mənim haqqımda öyrənəcəksiniz. Ailəsi olaraq bilirdik ki, kəşfiyatçıdır, başqa heç nə. Aprel döyüşlərində də iştirak etmişdi. Amma orada baş verənlərdən bir kəlmə də danışmadı. Sadəcə olaraq silahdaşlarını itirdiyinə görə çox pis olmuşdu. Ondan həmişə "müharibə olsun", "torpaqlarımızı alaq" sözünü eşidirdik.

Camal hər iki dünyasında bəxtəvər insan oldu. Bu dünyada işinin peşəkarı idi, o dünyasında isə şəhidlik zirvəsinə ucaldı. Balalarına “Vətən Müharibəsi Qəhrəmanı” kimi şərəfli bir ad qoyub getdi. Yoldaşım həmişə bizi ölümünə, şəhidliyinə hazırlayırdı. Deyirdi, hərbçilər təqaüdə çıxmırlar, onların kağızları şəhidlikdir. 2007-ci ildə biz nişanlı olanda mənə belə bir şeir dedi:

Bir gün mən olmasam...
Qəribsəyərsən...
O qəmli gözlərin yaş tökərmi heç?
O mənsiz dünyadan nə istəyərsən?
O mənsiz gözlərin yol çəkərmi heç?
Bir küləkli axşam...


Heç nə başa düşmədim, soruşdum ki, bu şeiri mənə niyə deyirsən? Ürəyindən qara qanlar keçə-keçə başa salırdı ki, bir gün mən şəhid ola bilərəm, işim bundan ibarətdir. Evlənəndən sonra gördüm ki, işi doğurdan da çətin imiş. Çox vaxt təlimlərdə, xaricdə olurdu. Evdə olanda isə çalışırdı ki, uşaqlarımıza çox vaxt ayırsın, burada olmadığı günlərin əvəzini çıxsın. Bir yerdə gəzməyə gedirdilər, onların dərsləri ilə məşğul olurdu.



Bizim iki qızımız var. Oğlumuz isə yaxın vaxtlarda doğulacaq. Son günlər uşağa ad qoymaq üçün çox tələsirdi. Mən də deyirdim ki, qızlarımıza belə tez ad qoymamışıq, indi niyə tələsirsən? İstəyirdi ki, övladımızın adını Alp Arslan qoyaq, böyüyəndə idmançı olsun. Deyirdi ki, başıma nəsə gəlsə, bil ki, oğlumla bağlı arzularım budur. Qızlarımızın isə gələcəkdə xaricdə təhsil almalarını planlayırdı. Onların dünya görüşlərinin çox olmasını istəyirdi.



Sentyabrın 24-ü sonuncu dəfə birlikdə yemək yedik və çölə çıxıb bir az gəzdik. Çox fikirli idi. Söhbət etdik, bildirdi ki, bundan sonra sənə çətin olacaq. Biz təlimə gedirik və nə zaman qayıdacağım bəlli deyil. Uşaqlarla birlikdə çantasını hazırladı. Qızları yanında otuzdurub çantasına qoyduğu hansı əşyanın nəyə lazım olduğunu başa saldı. Daha sonra onlara nağıl danışdı. İndi o çanta bizə geri qaytarılıb, amma Camal yoxdur. Bu acıdır, düşünəndə böyük dəhşətdir. İki ay bundan qabaq o çantanı qızları ilə birgə hazırlamışdı.

Mənə dedi ki, bu gecə uşaqların yadında necə qalmışamsa, qoy həmişə məni elə xatırlasınlar. Əgər şəhid olsam, onlara mənim yasımı göstərmə. Müharibənin ən qızğın çağında belə bizimlə sakit-sakit danışırdı, sanki müharibədə deyildi. Övladlarının dərsi, nə etməmizlə maraqlanırdı. Uşaqlar darıxanda danışırıq ki, atamız cənnətdədir. Bizim bu dünyada sınağımız atamızın yoxluğu ilə mübarizə aparmaqdır”.



Camal İsmayılov Vətən müharibəsinin taleyini həll edən uğurlu əməliyyatları və döyüşləri ilə xatırlanır.

Fatimə İsmayılova: “Füzulinin, Cəbrayılın, Hadrutun, Ərgünəş yüksəkliyinin, Qubadlının və Laçına nəzarət edən yüksəkliyin azad olunmasında onun qəhrəmanlığı danılmazdır. Döyüş yoldaşları danışır ki, Hadrutda əməliyyat zamanı erməni rabitə qovşağına qoşularaq güllə atmadan 1500-dək erməni əsgərini başqa istiqamətə yönləndirib. Erməni dilində onların öz rabitəsi ilə düşmənin generallarına əmr verib ki, geri qayıdın. Bununla da onları aldada bilib və həmin mövqelərə bizim əsgərlər yerləşiblər. Daha sonra Hadruta su gətirməyə gediblər. Görüblər ki, digər dəstə mühasirəyə düşüb. Oradan 3 nəfərlə həmin dəstəni mühasirədən çıxarıblar və ermənilərin özlərini pusquya salıblar.



Füzulinin azadlığı uğrunda gedən döyüşlərin birində hərbçi yoldaşını xilas edərkən yaralanıb. Az bir vaxtda xəstəxanada müalicə aldıqdan sonra döyüşlərə yenidən qoşulub. Bizim bundan xəbərimzi olmayıb.

O boyda əraziləri azad etmişdilər, telefonda bir kəlmə deməzdi, adi gün kimi normal, sadə danışırdı. Mən deyirdim, Camal, filan yeri azad etmişik, televizordan elan veriblər. Telefonda gülürdü, hiss edirdim ki, oradadırlar, ancaq mənə heç nə demirdi. Bir kəlmə bildirdi ki, həddindən artıq qəribə hisslərdir, bunu yaşamaq lazımdır. İnşallah yayda gəlib burada istirahət edərik. Pozitiv danışırdı, heç vaxt bizi müharibədədir deyə sıxmırdı”.



Baş gizirin sonuncu döyüşü Laçın dəhlizinə nəzarət edən yüksəkliyin azad edilməsi uğrunda olub.

Şəhid xanımı: “17 nəfər olubar. Camal qrup rəhbəri imiş. Gedib həmin hərbi hissəni ələ keçiriblər. Ancaq qüvvələr qeyri-bərabər imiş. 500 nəfər erməni ilə 17 nəfər hərbçimiz 2-3 saat dayanmadan döyüşüb. Son güllələrinə qədər atıblar. Yoldaşım oktyabrın 19-dan 20-nə keçən gecə həmin ərazidə şəhid olub.

Həmişə fikirləşirdim ki, görəsən, şəhid olanda son anda nə düşünüb? Nəşini gətirəndə məndən soruşdular ki, Fatimə hansı qızınızın adıdır? Dedim, Fatimə mənəm. Bildirdilər ki, son nəfəsində məni adımı çağırıb. Üstündəki “ratsiya” açıq imiş, döyüş yoldaşları onun bu çağırışını eşidiblər.



Təxminən 200 nəfərə yaxın ermənini bıçaqla, boğaraq məhv edib. Hamısını da öldürə-öldürə deyirmiş ki, Xocalının qisasını alıram. Həmişə bildirirdi ki, bu, təkcə torpaq məsələsi deyil, həm də namus işidir. Xocalı soyqırımını qəbul edə bilmirdi. O, bizim namusumuzu, Azərbaycan xalqının üzərindən o ləkəni təmizləyib.

Uşaqlar atalarının yoxluğunu dərk edirlər, ancaq darıxırlar. Deyirəm, atanız kəşfiyyatçı idi, bəlkə də o biri dünyanı kəşf etməyə gedib...”.



















































































Şahanə Rəhimli
Azvision.az


Teqlər: Camalİsmayılov   XTQ   şəhid   qəhrəman  





Xəbər lenti