Müğənni Elnarə: “Ərim mənə nə deyirsə, o da olur” - MÜSAHİBƏ

Müğənni Elnarə: “Ərim mənə nə deyirsə, o da olur” - MÜSAHİBƏ
  15 Avqust 2013    Oxunub:11287
“Azvision.az”-ın budəfəki qonağı populyar və sevilən müğənni Elnarə Xəlilovadır.
- Son vaxtlar sizi efirdə ancaq aparıcı qismində görürük. Nədənsə müğənnilik fəaliyyətiniz elə bil bir qədər arxa plana keçib. Bu, nə ilə bağlıdır?

- Heç də yox. Mütəmadi olaraq, hər 3 aydan bir yeni mahnı yazdırıram. Sadəcə, ola bilsin ki, pulu hardan qazanıramsa, məni daha çox ordan görürsünüz, yəni bu verilişimdir, harda ki, maaş alıram, daha sonra mütəmadi olaraq çəkildiyim reklam çarxlarıdır. Mahnı oxumaqla artıq pul qazanmaq bir qədər çətindir, belə ki, konsert və albom satışından da pul qazanmaq praktiki olaraq qeyri-mümkündür. Yalnız toylar, şou-proqramlardan müğənni pul qazana bilər ki, onların da sayı bu dəqiqə müğənnilərin sayı ilə tərs mütənasibdir.

- Siz ixtisasca həm də filoloqsunuz. Bəs necə oldu ki, universiteti bitirəndən sonra ixtisasınız üzrə yox, tamam başqa sahə üzrə irəlilədiniz?

- Xeyr, universiteti bitirər-bitirməz mən düz bir il Bakı Slavyan Universitetində elmi isçi kimi işləmişəm. Sadəcə, səhər 9-da işə gəlib, saat 6-da ordan getmək mənlik deyil, çünki mən yaradıcı insanam. Yaradıcı insanı isə çərçivəyə salmaq olmaz. Sağlıq olsun, bəlkə 40-50-dən sonra ixtisasım üzrə işlədim, ona hələ baxarıq , zaman göstərəcək.

- İlk vaxtlarda incəsənətə gəlmək istədiyiniz vaxtlarda ailənizin reaksiyası necə oldu?

- Normal. Mən ailəmdə ilk sənətçi deyiləm. Ulu babam, məşhur xanəndə Məşədiməmməd Fərzəliyev Şahnaz oxuyanda Cabbar Qaryağdı məclislərdə hörmət əlaməti olaraq susarmış... Deyilənlərə görə xalq artisti, rəqqas mərhum Əlibaba Abdullayev, anamın əmisi - zamanında Kral ləqəbilə tanınardı və hal-hazırda Dövlət Rəqs ansamblında oynanılan demək olar ki, bütün rəqslərin quruluşçu olub. Daha sonra anamın əmisi qızı, əməkdar incəsənət xadimi Nailə Mirməmmədli və hələ ki, son dayanacaqda mən özüməm.

- Bu təsadüfən hamının sevimli bəstəkarı Nailə Mirməmmədli deyil ki?

Bəli, həmin Nailə xanımdır (gülür)...

- Nailə xanımdan neçə mahnınız var?

- Bir mahnı.

- Elnarə Xəlilovanı biz son illər tamam başqa ampluada görürük. Bunun ailə qurmaqla bir bağlılığı varmı?

- Siz məni hansısa ampluada yox, yalnız tübikdə görə bilərsiniz. Bəli var, təbii ki, yaş və status öz sözünü deməkdədir.

- Həyatınızdan razısınız?

Bəli. Həyatımdan hədsiz razıyam. Allaha çox şükür!

- Həyat yoldaşınız çox ciddi adam təsiri bağışlayır. Bəs ailədə necədir?

- Elə ailədə və həyatda da kifayət qədər ciddidir.

- Bəs bu, sizə sənətinizlə bağlı problem yaratmır ki? Yəni siz sənətdə olan birisiniz, həmişə göz önündəsiniz. Bu arada narazılıq yaratmır ki?

- Heç vaxt heç bir narazılıq olmayıb. Çünki ərim mənə nə deyibsə, o da olub.

- Bəs nə vaxtsa sənətdən imtina etməyinizi istəsə?

- Heç vaxt məndən belə bir şey istəyə bilməz, çünki o zaman məni mən də öldürmüş olar, onu da gözəl bilir, çünki özü də yaradıcı insandır.

- İlk tanışlığınız xatirinizdədir? Necə baş tutub?

- “Space” TV-də “Çardaq” verilişi uzun-uzadı Qarabağ problemindən danışdıq. Sonda məndən avtoqraf aldı. İndiyənə kimi saxlayır.

- Övladlarınızın adlarını kim qoyub?

- Burlaxatun, Harun və Önder Xaqanini mən, Tugəri isə o. Cahangirsə hər 3-nün soyadıdır.

- Bəs uşaqlarla işləmək çətin olmur ki? Köməyiniz var?

- Çox çətindir. Hələ ki, bağça və anam köməyimə gəlir.

- Şou-biznesdə sizə "qəhrəman ana" adı vermək olar?

- Ən gənc qəhrəman ana (gülür). Belə ki, xalq artisti Mələkxanım Əyyubova 4 uşaq anasıdır. Əməkdar artist Gülyanaq xanım, əməkdar artist Fidan Hacıyeva üç və Nurada üç. Bildiklərim bunlardır hələ…(gülür)

- Ən gənc qəhrəman ana kimi digər gənc analara və ya ana olmağa hazırlaşanlara öz təcrübənizdən nələri paylaşardınız?

- Vallah, nə deyim, baxır hansı istiqamətdə. İlk növbədə ana olsunlar, vəssalam.

- Amma indi çoxları çox uşaqliqdan qaçır, daha çox karyera barədə düşünürlər.

- Mən göründüyü kimi qaçmıram. Çoxları 1 uşaq dünyaya gətirir və itir. Sözüm tək yerli ulduzlara aid deyil. Məşhur dünya ulduzları Kristina Aquilera, Şakira, Meraya Keri, Alsu, Qlukoza ve bir cox aktrisalar, Culiya Roberts və s. doğdular və çox normal olaraq uşaqlarını böyütməklə məşğuldurlar. Çünki bu uşaq oyuncağı deyil.

- Yemək proqramının aparıcısı olmaq kimin ideyası idi?

- ATV-nin rəhbərliyinin.

- Yəqin biş-düşü yaxşı bacarırsınız?

- Yəqin.

- Ən yaxşı bişirdiyiniz yemək hansıdır bəs?

- Plov, dolma, dovğa, ləvəngi.

- 3 uşaqdan sonra kilolarınıza necə nəzarət etdiniz?

- Nəzarət edə bilmədim axı. 10 kilo artıq çəkim var.

- Açıqlamalarınızın birində geyimlərimi həyat yoldaşım seçir demisiniz, doğrudur?

- Tam olaraq yox, təbii ki, amma onun fikri mənimçün maraqlıdır.

- Bir az da yaradıcılığınıza keçək, indi kimlərlə işləyirsiniz? Hansı bəstəkarlarla?

- Hazırda Vüqar Camalzadənin rəhbərliyilə Xalq Çalğı Alətləri ilə xalq mahnılarından ibarət bir popuri yazdırmışıq. Bundan oncə İslam Şirvaninin “Sən və Mən” mahnısını ifa etmişəm.

- Sizə görə hazırda şou-biznesdə vəziyyət nə yerdədi?

- Belə də. Vəziyyət “urusca”dır. (gülür)…

- Şou-biznesdə küsülü olduğunuz kimsə var?

- Xeyr. Küsməyi sevmirəm.

Səbinə Məmmədova
Xüsusi olaraq AzVision.az üçün



Teqlər:  





Xəbər lenti