Şostak əyani misal kimi bizim meymunlarla birgə yanaşı yaşayış tarixçəmizi göstərir. Biz də onlar kimi primatıq. Meymunlara qarşı heç bir düşmənçiliyimiz yoxdur. Onlar bizim üçün qida da deyillər. Köklərinin kəsilməsini əsla istəmirik. Əksinə: yaşamalarına, planetdə varlıqlarını davam etdirmələrinə çalışırıq. Hətta heyvanlara hüquq da vermişik (təbiətdən fərqli olaraq). Buna baxmayaraq, biz başqa primatlardan seçilib, homo sapiens kimi inkişafa başlayandan sonra onların sayı kəskin azalıb, bəzilərinin nəsli kəsilib. Niyə?
Məsələ ondadır ki, bizim növ təkamülün gedişində intellektə sahiblənəndən sonra ətraf mühiti öz tələblərinə uyğun dəyişməyə başlayıb. Tutaq ki, meşəni qırıb, yerində taxıl əkirik. Bu - yəni ətraf mühiti özünün tələbatına uyğun dəyişmək intellektin xüsusiyyətlərindən biridir. Nəticədə ekosistem gec-tez elə bir həddə qədər dəyişir ki, başqa növlərin yaşaması üçün əlverişsiz olur. Bu gün qorillalarla, gibbonlarla heç bir düşmənçiliyimiz olmasa da, onlar bizim şəhərlərdə (geniş mənada dünyamızda) yaşaya bilmirlər.

Cənab Şostaka görə, Süni İntellektlə insanın münasibətlərinin gələcəyi də təxminən belə olacaq. Onun bizimlə heç bir düşmənçiliyi yoxdur, ola bilməz, olmayacaq da. Amma Süni İntellekt getdikcə böyüməyə, ətraf dünya, aləm, kainat, məkan, maddə, enerji haqqında daha çox məlumat əldə etməyə çalışacaq. Ona getdikcə daha çox data, daha çox yaddaş, daha çox hesablama gücü, deməli, daha çox enerji lazım olacaq.
Biz əvvəlcə könüllü şəkildə bunları onun üçün təmin edəcəyik. Çünki özümüz də Sİ-nin inkişafında maraqlıyıq. Sonra vəziyyət elə bir şəkil alacaq ki, daha prosesi dayandırmaq mümkün olmayacaq. Nəticədə Yer Kürəsi getdikcə məhz bir növün yaşaması və inkişafı üçün optimallaşmış ekosistemə çevriləcək: Süni İntellektin. O, insanları məhv etməyəcək, sadəcə olaraq, bizim bugünkü şəhərlər meymunlar üçün münasib olmadığı kimi, Süni İntellektin ekosistemində də biz yersiz olacağıq.
Sİ-nin nəzərində ideal planet hər tərəfi günəş panellərilə örtülmüş nəhəng serverlər və onlara yorulmadan xidmət edən droidlər dünyasıdır. Ona çox, lap çox, getdikcə artan yaddaş və hesablama gücü lazımdır. Bir müddətdən sonra Günəşdən Yerə gələn enerji artıq qlobal Sİ üçün azlıq edəcək. Onda əvvəlcə orbitdə panellərin qurulmasına başlanılacaq, uzaq gələcəkdə isə bütövlükdə Günəşin özü də panellərlə əhatə olunacaq ki, enerjisi hədər getməsin. Buna “Dayson sferası” deyirlər.
Bu qədər enerji Sİ-nin nəyinə lazım ola bilər? Məsələn, “kosmosda onun kimi başqa Sİ-lər varmı?” sualına cavab tapmaq üçün.
Şostak istisna etmir ki, kosmik sivilizasiyaların arasında kommunikasiya yaransa, bu, məhz Sİ-lərin bir-biri ilə əlaqəsi şəklində olacaq. Kosmos, ümumiyyətlə, biologiyanın yeri deyil. Bioloji növlər kosmosda nəsə edə bilmək üçün olduqca zəif və acizdirlər. Ora Si-nin və robotların meydanıdır.
Yuvarlaqlaşdırsaq, mənzərə belə alınır: Sİ insana düşmən kimi baxmayacaq, amma onun dominant olduğu dünyada insan təxminən hazırkı meymunların vəziyyətində olacaq: öldürən yoxdur, hətta qoruyurlar da, amma nə artıb-çoxalmaq üçün areal var, nə də bunun mənası.
Bu planet bizim deyil. Biz dünənə qədər heç burada hakim növ də deyildik. Sabah yenidən olmayacağıq.
Əlbəttə, bu ancaq yanaşmalardan biridir. Düşünürəm ki, hörmətli Elvin müəllimlə müzakirə əsnasında birlikdə məsələnin dərinliyinə daha yaxşı baş vura bilərik.
Vüsal Məmmədov
AzVision.az saytının baş redaktoru