Azərbaycanda Rektorlar Şurası yaradılacaq - (VİDEOXƏBƏR)
Nazir əlavə edib ki, bu il ali təhsil müəssisələrinə rekord sayda tələbə qəbul edilib: “Təhsil sahəsində görülən tədbirlər nəticə etibarilə təhsilin əhatəliliyinin və keyfiyyətinin artımına istiqamətlənib. İldən-ilə ölkədə tələbə adını qazanan gənclərimizin sayı artır. Belə ki, 2016-cı ildə mülki ali təhsil müəssisələrinə rekord sayda – 35.304 nəfər tələbə qəbul edilib. Bu göstərici ötən il ilə müqayisədə 6,7% çoxdur. Qəbul olanların sayının yüksəlməsi məktəb təhsilinin keyfiyyətinin və vətəndaşlarımızın şüurunda təhsilin bir dəyər kimi əhəmiyyətinin artdığını təsdiq edir”.
Mikayıl Cabbarov daha sonra təhsil sisteminin qarşısında duran vəzifələrdən, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası ilə bağlı görülən işlərdən, təhsildə keyfiyyətin təminatı üçün innovativ yanaşamaların əhəmiyyətindən və akkreditasiyanın rolundan danışıb. "Sənədin missiyası ölkənin modernləşməsi üçün vacib olan insan kapitalının inkişaf etdirməkdir. Bu sənədi qəbul edərkən bəzi çağırışlarla rastlaşmaşmışdıq. Təhsil sahəsində vahid idarəetmə sistemi mövcud deyildi, təhsil müəssisələri və onların rəhbərlərinin fəaliyyət nəticələri əmək bazarının nəticələri ilə uyğun prioritetlər sırasında deyildi. Boloniya sisteminə keçid islahatı ali təhsil müəssisələrinin fəaliyyətinin maliyyələşmə islahatı ilə ölçülürdü. Bu da öz növbəsində ali təhsil müəssisələri və onların rəhbərləri qarşısında obyektiv çətinlik yaradırdı. Azərbaycanda güclü mərkəzləşdirilmiş vahid tələbə qəbulu sistemi olduğu təqdirdə ölkənin qoşulduğu beynəlxalq müqavilələrə əsasən xaricdə əldə edilən ali təhsil diplomlarının tanınması prosesi həddindən artıq liberal idi”.
Nazir qeyd edib ki, qarşıdakı illərdə sosial-iqtisadi və mədəni inkişaf yollarını müəyyənləşdirən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında ənənəvi iqtisadiyyatdan “bilik iqtisadiyyatı”na keçidin əsasının qoyulması, bunun üçün həlledici amil olan insan kapitalının inkişafının ön plana çəkilməsi nəzərdə tutulub: "2013-cü ildə "Azərbaycan təhsilinin inkişafı üzrə Dövlət Strategiyası" qəbul olunub. Sənədin missiyası ölkəmizin modernləşdirilməsi üçün zəruri olan insan kapitalını inkişaf etdirmək və bununla Azərbaycanın beynəlxalq rəqabət qabiliyyətini yüksəltməkdən ibarətdir. Təhsildə şəffaflığın təmin edilməsi keyfiyyət standartlarının tətbiqi üçün əsas şərt olduğundan bu sahəyə diqqətin artırılması və təhsil müəssisələrinin rəhbərlərinin fəaliyyətinin qiymətləndirilməsinin meyarına çevrilməsi nəticəsində əvvəllər mövcud olmuş bir çox neqativ təcrübələr aradan qaldırılıb. Təhsil Nazirliyinin ötən ilin kollegiyasında müzakirə olunduğu kimi bu ilin sonuna kimi ölkəmizdə Rektorlar Şurasının yaradılması üçün bu ay təsis iclasının keçirilməsini nəzərdə tutulur. Ümid edirik ki, belə bir orqanın mövcudluğu ali təhsil problemlərinin həllinə yardım göstərəcək, Təhsil Nazirliyi və təhsil mütəxəssisləri ilə bununla bağlı keçirilən ictimai müzakirələr ali təhsilə aid mövzuların, məsələlərinin həllinə töhfə verəcək".
Akkreditasiya sahəsində görülən işlərə toxunan nazir bildirib ki, Azərbaycanda təhsil müəssisələrinin akkreditasiyasına ilk dəfə 2004-cü ildə başlanıb, bununla bağlı 2 dəfə - 2004-cü və 2010-cu illərdə tənzimləyici qaydalar qəbul olunub. "Hökumətin qərarı ilə düz 1 il bundan əvvəl - 2015-ci noyabrın 18-də Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi yaradılıb. İdarənin formalaşdırılması ilə paralel tənzimləyici sənədlər üzərində də işə başlanılıb. Yeni akkreditasiya qaydaları Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlar (ESG) sənədinə əsaslanır. Sənədin hazırlanmasına Finlandiya (FINNEC) və Estoniyanın (EKKA) akkreditasiya agentliklərinin ekspertləri cəlb olunub".
Aytən Zəhra
AzVision.az