Avtovağzal bayrama hazırlaşır - Gediş haqqı artacaq? (VİDEOXƏBƏR)

Avtovağzal bayrama hazırlaşır - Gediş haqqı artacaq? (VİDEOXƏBƏR)
  07 Dekabr 2016    Oxunub:6620
“Əlverişsiz hava şəraiti ilə əlaqədar və təhlükəsizlik səbəbindən Bakı Beynəlxalq Avtovağzalından Bakı-Şamaxı istiqamətində reyslərə məhdudiyyətlər qoyulub. Bu istiqmaətdə hərəkət edən avtobusların yolu dəyişdirilib”.
Bunu AzVision.az-a Nəqliyyat Nazirliyininin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı deyib. O bildirib ki, Şamaxı yolu buz bağlandığından bu qərar qəbul olunub. “Günorta saatlarında yolda vəziyyət yaxşı olanda hərəkətə icazə verilir. Amma 2-3 gün ərzində axşam saatlarında avtobusların hərəkətinə icazə verilməyəcək. Avtovağzaldan ən sonuncu reys rayonlara axşam saat 6-da yola düşür. Lakin bu günlərdə həmin reyslər təxirə salınıb. Digər reyslər gündəlik fəaliyyətini normal davam etdirir və heç bir problem yoxdur”.

Ş.Mehmanqızı bildirib ki, Bakı Beynəlxalq Avtovağzalı Yeni illə əlaqədar dekabrın 15-dən başlayaraq gücləndirilmiş iş rejiminə başlayacaq: “Çalışacağıq ki, yolda qalan olmasın və hər kəs rayonlara rahat getsin. Sərnişin təlabatı, təhlükəsizlik və digər məsələlər hər biri təmin olunacaq”.

Yeni il günlərində və şaxtalı havalarda qiymətlərin sürücülər tərəfindən süni qaldırılmasına gəlincə, Ş.Mehmanqızı buna ciddi nəzarət olunduğunu deyib.

“Qiymətlər Tarif Şurasının müəyyənləşdirdiyi kimidir və kassaların yanındakı lövhələrdə yazılıb. Amma hansısa sərnişin bir saat əvvəl gəlib kassadan bilet almaq istəmir və yaxud gözləmək istəmədiyi üçün sürücüdən yer istəyir. Bu zaman qayda pozuntusu baş verir.

Biz vətəndaşlardan xahiş edirik ki, özləri buna şərait yaratmasınlar. Bu halların qarşısını almaq üçün mütəmadi olaraq mübarizə aparırıq. Qiymətlərin aşağı olması əslində nəqliyyat xərclərini ödəmir. Bəzən sürüclər buna görə özlərinə haqq qazandırır”.

Ş.Mehmanqızı qeyd edib ki, nəqliyyat xərcləri kifayət qədər bahalaşıb və biletdən alınan gəlir xərlcəri ödəmir. “Bu səbəbdən sürücülər biletin qiymətini əlavə olaraq qaldırdıqları üçün bunu səbəb gətirirlər. Ümid edirik ki, bu məsələlər yaxın vaxtlarda yoluna düşəcək. Amma biz Avtovağzal rəhbərliyi tərəfindən komissiya yaratmışıq ki, hər reysdə nəzarət olsun. Bakı Beynəxlalq Avtovağzalı tərəfindən keçən il qiymətlərin artırılması ilə bağlı Tarif Şurasına müraciət olunub, hələki qərar olmayıb. Tarif Şurası qərar verməsə, qiymətlərdə dəyişiklik olmayacaq”.



Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti