Əziz Əliyevin Güney Azərbaycan missiyası – ARAŞDIRMA, SƏNƏDLƏR

Əziz Əliyevin Güney Azərbaycan missiyası – ARAŞDIRMA, SƏNƏDLƏR
  08 Oktyabr 2013    Oxunub:13072
...Əziz Əliyevin qrupunun Cənubi Azərbaycandakı fəaliyyəti orada milli şüurun formalaşmasına, Milli-azadlıq ruhunun alovlanmasına təkan verdi. Azərbaycan tarixinin ən şanlı səhifələrindən sayılan 21 Azər inqilabında Əziz Əliyevin Cənub missiyasının böyük təsiri var idi...

Bir neçə il bundan əvvəl mərhum akademik, görkəmli ictimai-siyasi xadim İmam Mustafayevin şəxsi arxivində araşdırma apararkən əlyazması şəklində olan bir neçə sənəd diqqətimi cəlb elədi. Azərbaycanın iki görkəmli şəxsiyyətinin Əziz Əliyevin və İmam Müstafayevin xətti ilə yazılmış adi dəftərxana kitabının vərəqlərində tariximizin bir parçası həkk olunmuşdu.

Sənədlər 1941-42-ci illərdə Sovet Ordusu tərkibində Cənubi Azərbaycanda fəaliyyət göstərmiş “Əziz Əliyevin qrupu”nun fəaliyyətinin bəzi məqamlarına aydınlıq gətirir.
1941-ci il avqust ayının 25-də Sovet qoşunları İran ərazisinə yeridildikdən 10 gün sonra-sentyabr ayının 5-də Cənubi Azərbaycan məsələsini müzakirə etmək üçün M.C.Bağırov Moskvaya çağırıldı. Moskva danışıqları zamanı razılıq əldə edildi ki, Azərbaycan SSR-də səfərbər edilmiş partiya, sovet, hüquq-mühafizə, təsərrüfat və mədəniyyət işçilərinin mərhələlərlə Cənubi Azərbaycana göndərilməsinə başlanılsın.

Beləliklə, Azərbaycan KP MK katibi Əziz Əliyevin rəhbərliyi altında xüsusi qrup yaradıldı. Dövlət Müdafiə Komitəsinin göstərişinə əsasən polkovnik-komissar Əziz Əliyev Təbrizdə yerləşmiş 47-ci ordunun Hərbi Şurasının üzvü oldu və ona geniş səlahiyyətlər verildi.

47-ci ordunun 23-cü korpusunda batalyon komissarı vəzifəsini icra edən İmam Mustafayev də “Əziz Əliyev qrupu”nun tərkibində idi. Batalyon Cənubi Azərbaycanın şimal-qərb ərazilərinə - əsasən də Urmiya vilayətinə nəzarət edirdi. Başqa regionlarından fərqli olaraq, bura çox mürəkkəb bir ərazi idi. Burada azərbaycanlılarla yanaşı bir neçə etnik qrupun yaşaması təxribatçı qüvvələrin və alman kəşfiyyatının milli-etnik zəmində toqquşmalar yaratmaq ehtimalını gücləndirirdi.

Həmin dövrdə baş verən hadisələri tam aydınlığı ilə çatdırmaq, eyni zamanda bu sənədlərin oxucular üçün maraqlı olacağını nəzərə alaraq, onları olduğu kimi təqdim edəcəyik.

Haqqında söhbət açdığımız birinci sənəddə - Əziz Əliyevin İmam Mustafayevə göndərdiyi (çox güman ki, məxfi) 28 dekabr 1941-ci il tarixli məktubunda Urmiya vilayətində yaranmış gərgin vəziyyətdən narahatçılığı yer alır və ona konkret tapşırıqlar verilir:

“Yoldaş Mustafayev!
Bizdə olan məlumata görə, kürdlər özlərini layiqincə aparmırlar. Xüsusən də Həsən Telo söyləyirmiş ki, onları Bakıda silahlandıraraq göstəriş veriblər ki, heç bir hakimiyyət orqanına tabe olmasınlar. Bu cür təxribatçıları təcili olaraq qayda-qanuna tabe olmağa dəvət etmək lazımdır. Əgər bundan sonra da bu cür fitnəkar əməllərini davam etdirsələr ən ciddi ölçülər götürərik. Elə indi bütün başçılarla əlaqə saxla və hamısını xəbərdar et. Bundan əlavə, danışırlar ki, qeyri-kürd millətindən olanlara kürd paltarı geyindirib silahlandırırlar və onlara müxtəlif fitnəkar tapşırıqlar verirlər. Heç olmasa bir fakt aşkarlayıb, onları ifşa eləmək lazımdır. Yuaşa barədə polkun komissarı ilə danışılıb. O sənə deyəcək. Bir sözlə ehtiyatlı olmaq və onların sizi təxribata çəkməsinə imkan verməmək lazımdır”.


Urmiya vilayətində qayda-qanunun bərpa olunması sahəsində Əziz Əliyev tərəfindən verilmiş tapşırıqların necə yerinə yetirilməsi, İmam Mustafayev tərəfindən tərtib olunmuş raportda öz əksini tapıb. Ancaq burada bir maraqlı məsələyə diqqətinizi cəlb etmək istəyirəm ki, arxivdə raportun iki nüsxəsi var. Güman ki, dəftərxana kitabında əllə yazılmış bu raportlardan birinin çap maşınında üzü çıxarılaraq Əziz Əliyevə göndərilib. Ancaq onlardan hansının əsas variant olduğunu müəyyən etmək mümkün deyil. Variantlarda məzmun təxminən eyni olsa da elə maraqlı məqamlar var ki, bu nüsxələrin birində və ya digərində göstərilməyib. Ona görə də həmin məqamları da ümumiləşdirərək bir sənəd şəklində diqqətinizə çatdırmağı lazım bildik. (Maraqlananlar üçün sənədlərin surəti məqalənin sonuna əlavə olunur).



“Hərbi Şuranın üzvü,
polkovnik-komissar yol. Ə. Əliyevə

Urmiya vilayətindəki siyasi vəziyyət haqqında


Urmiya vilayətinin general-qubernatoru Sərtib Küpəl kürdlər qayıtdıqdan sonra belə bir şaiyə yaymışdı ki, guya kürdlər hamısı silahlanıbdır. Onlar “əcəm”ləri öldürmək və qarət məqsədilə Urmiya şəhərinə və kəndlərinə basqın edəcəklər. Bu təxribata cavab olaraq kürdlər Azərbaycan kəndlərinə gedərək oradakı nüfuzlu şəxslərlə görüşdülər və izah etdilər ki, kürdlər onlarla qardaş kimi yaşamaq istəyirlər və başqa millətlərlə düşmən münasibətdə olmaq istəmirlər. Bunun və bizim izahat işimizin nəticəsində bu təxribatın qarşısı alındı. Kürdlər tərəfindən heç bir düşmənçilik hərəkətlərinə yol verilməməsi, əksinə əhalinin qorxmadan bir-birinə qonaq getmələri azərbaycanlılar və kürdlər arasında qarşılıqlı etimadı gücləndirdi. Belə hallara da rast gəlinirdi ki, türk kəndlərində bəzi adamlar kürd paltarı geyərək öz kəndlilərinə hücum edir və onları qarət edirdilər. Bu təxribatların üstü elə kəndlilərin özləri tərəfindən açıldı və bundan sonra belə hadisələr baş vermədi. Bərəndüzçay və Bərədost mahallarında kürdlərin iştirakıyla 3 dəfə yollarda soyğunçuluq hadisəsi baş verib. Çarvadarların və gəlmələrin atları əllərindən alınıb. Bizim müdaxiləmizdən sonra bütün qarət olunmuş mallar sahiblərinə qaytarılıb və son vaxtlar belə hadisələr təkrarlanmayıb.

Ayrı-ayrı kürd başçılarının bir-birinə qarşı düşmən münasibəti aydın nəzərə çarpır. Məsələn: Qədir xan Zero bəyə, bütün Şəkkakilər və Xinarilər isə Ömər xana nifrət edirlər. Qədir xan və Ömər xan bizim yanımızda oldular və biz onları xəbərdar etdik. Kürdlərin böyük əksəriyyətinin ondan xoşlanmadığını və onu nüfuz sahibi kimi qəbul etmədiklərini başa düşən Ömər xan dəfələrlə and içdi ki, öz xalqına sadiqdi və bizdən xahiş etdi ki, onun haqqında yayılan şaiyələrə inanmayaq.

Son dövrlərdə Urmiyada müxtəlif millətlər tərəfindən təşkil olunmuş 4 dərnək fəaliyyət göstərirdi. Bu dərnəklər demək olar ki, leqal fəaliyyət göstərirdilər. Onlar əsasən antifaşist təbliğatı, Rusiyada inqilabi hərəkatın öyrənilməsi və xalqlar arasında dostluğun möhkəmləndirilməsi ilə məşğul idilər. Bu dərnəklər hazırda birləşmək və “Tudei Azərbaycan” partiyasına daxil olmaq istəyirlər. Ancaq burada partiyanın nümayəndəliyinin olmaması üzündən onların fəaliyyəti dayandırılıb və Təbrizdən göstəriş gözləyirlər. İran hökumətinə qarşı yönəlmiş hər hansı kütləvi hərəkatın baş verməsinin qarşısını almaq üçün biz bütün dərnəkçiləri xəbərdar etmişik ki, artıq hərəkətlərə yol verməsinlər. Onlar bizim tərəfdən başqa göstəriş və təlimat almırlar. Bizimlə yaxından əlaqə saxlayan yalnız yoldaş Süleymanovdur. Bu məsələ ilə bağlı sizin göstərişlərini gözləyirik. Belə ki, bu qruplar gələcəkdə bizim siyasətimizə xeyir vermək əvəzinə böyük ziyan vura bilərlər. Çünki, onlar sonrakı fəaliyyət üçün heç bir konkret tapşırıq və təlimat almırlar.
Bu qruplardan biri (ən ciddisi-İ.M.) keçmiş mühacirlər, mücahidlər və azadfikirli azərbaycanlılar tərəfindən təşkil olunub. Bu qrupun başında Bilal Azadi, Ağabəy, Əsgər ağa, Çayçı Həsən və b. dayanır.

İkinci qrup Yuşiya bəy Daniil və Yuaş Pira Pirayevin rəhbərliyi ilə assuriyalılar arasında yaradılıb. Yuaş Pira Pirayev çox müəmmalı şəxsiyyətdir və o 8 yanvar 42-ci il tarixdə Təbrizə xüsusi şöbənin sərəncamına göndərilib. Yaxşı olardı ki, o təcrid olunsun və Urmiyaya geri qayıtmasına imkan verilməsin. Çünki, onun dərnəyinin üzvləri əsasən təxribatçılar və keçmiş canilərdir. Əsasən oğurluqla və əhalini terror edərək pul almaqla, hansısa siyahılar tərtib edib əhalidən pul yığmaqla məşğuldurlar.

Üçüncü qrupu erməni gəncləri təşkil edib və üzvlər arasında bir neçə azərbaycanlı da var. Onlara çəkməçi Ağacan və Amazas rəhbərlik edir.
Nəhayət, dekabrın əvvəlində buraya Mahabaddan “Xizbi Azadei Kurdistan” təşkilatı adından Əziz Zəndi (keçmişdə Əziz Əmmani- İ.M.) deyilən bir adam gəlib. Onda təşkilatın blankları, konvertləri, bloknotları və “Komitei Ali Kurdistan” yazısı olan oval formalı möhürü var. Kürdlərin içərisinə getmək istəsə də, biz onu geri qaytardıq və yoldaş Süleymanovun məktubu ilə Təbrizə, yoldaş Atakişiyevin yanına göndərdik. Şəxsiyyəti şübhəlidir. Xahiş edirik orada yoxlayıb onun haqqında bizə təlimat verəsiniz. Çox güman ki, o kim tərəfindənsə göndərilib və özünü başqa adla qələmə verir. Çünki, nə bu təşkilatın tərkibi, nə də harada yerləşməsi haqqında bizdə heç bir məlumat yoxdur. Bu adam Mahabaddakı Qazi Məhəmmədlə qatı düşməndir və hətta onu faşist adlandırır.

Urmiya vilayətinin keçmiş general-qubernatoru Küpəlin dekabr ayının sonu yanvar ayının əvvəlində apardığı fitnəkar fəaliyyət nəticəsində Urmiyada təhlükəli vəziyyət yaranmışdı. Əhaliyə qarşı terror nəticəsində Təbrizə və Tehrana kütləvi şəkildə köç başlamışdı. Əksər sahibkarlar, iri tacirlər və bir çox məmurlar panika içərisində Urmiyadan gedirdilər. Axşam saat 6-dan sonra heç kim evdən çıxmırdı. Hətta inzibati idarələr (polis və jandarmeriya- İ.M.) belə bağlanırdı. Buna səbəb isə aşağıdakı hadisələr idi:

1) 26/ XII-41 il.Axşam saat 10 radələrində Qubernatorluq binasının yanındakı meydanda revolverdən 5 dəfə atəş açılmaqla gizli polisin milliyyətcə assuriyalı agenti yaralandı. Ancaq o polislərin sorğusu zamanı onu vuranı tanısa da adını demədi. General-qubernator Küpəl bunu assuriyalıların komitəsi ilə bağlayir.
2) 31/ XII-41 il. Gizli polisin rəisi Vəlizadə və polis işçisi öldürüldü.
3) 1/ I-42 il. Gizli polisin daha bir agenti öldürüldü.
4) 8/ I-42 il. Gecə atlı quldur dəstəsi şəhər darvazası (Balav darvazası) yaxınlığındakı jandarmeriya postuna basqın edib. 3 jandarmı, 1 polis işçisini və çayçını öldürüb, 1 maliyyə işçisini isə yaralayıblar. Quldurlar özləri ilə 4 tüfəng və 250 tümən pul aparıblar. Deyilənlərə görə bu dəstəyə keçmiş kontrabandaçı və uzun zaman İran həbsxanasında yatmış Çayçı Qəmbər rəhbərlik edir. Bu hadisədən sonra şəhər əhalisi həyacan içərisindədir. Xüsusən də məmurlar və sahibkarlar evlərindən bayıra çıxmırlar. General-qubernator Küpələ anonim məktub yazıblar ki, onu da öldürəcəklər. O komendant idarəsini ittiham edirdi ki, onlar qatilləri və cinayətkar elementləri həbsdən buraxdıqlarına görə bu hadisələr baş verir.
5) 10/ I-42 il. Gecə şəhərin polis və jandarmeriya postları tərəfində pərakəndə atışmalar başladı və bu təxribatın səhərisi günü tezdən general-qubernator Küpəl Türkiyə konsulunun maşınında Təbrizə qaçdı.
6) Bundan başqa kəndlərdə də bir neçə qətl və soyğunçuluq halları baş verib. Şəhər ətrafındakı kəndlərdən birində qarət məqsədilə bir ailənin 4 üzvü qətlə yetirilib.

Küpəlin gedişindən sonra heç bir hadisə baş vermədi, camaat sakitləşdi və köçmələr dayandı. Tərəfimizdən əhali arasında geniş izahat işi aparıldı və hal-hazırda demək olar ki, şəhərdə qayda-qanun bərpa olunub.
FKQO-nun (Fəhlə-Kəndli Qırmızı Ordusu) hissələrinin köməyi ilə şəhərdə post və patrulları gücləndirmişik. Cinayətkar elementlərdən bir neçəsi həbs olunub, bir nəfər isə cinayət başında öldürülüb. 2 bandanı ləğv etdikdən sonra yollarda da soyğunçuluq hadisələri baş vermir. 5 nəfərlik birinci banda Sulduz kürdlərindən, 11 nəfərlik ikinci banda isə Ərəbli kəndindən idi.
Hal-hazırda Dağ Əsgərabad və Haltava kəndlərində Qışlaqlı Nemət və Əli Əsgərabadinin rəhbərlik etdikləri birləşmiş silahlı quldur dəstəsi var. Onlardan birincisi köhnə düşmənçilik zəminində Qışlaq kəndini tamamilə dağıdıb və bir neçə nəfəri qətlə yetirib. Bu dəstəni aşkar edib darmadağın etmək üçün imkanımız var. (Göstəriş verməyinizi xahiş edirəm). Kəndlilər çox narahatdırlar. Çünki, başqa cinayətkar elementlər də etdikləri cinayətləri bu dəstənin üstünə yıxırlar.”


Raportla, yanaşı sənədlərin arasında bir neçə qəbz də var. Bunlar qarət olunmuş əşyaların soyğunçulardan alınıb sahiblərinə qaytarılması haqqında qəbzlərdir. Onlardan birini diqqətinizə çatdırırıq.

“Qəbz

Mən Şeyxi İlyas bu qəbzlə təsdiq edirəm ki, Ə. Ağayev və İ. Mustafayevin iştirakı ilə aşağıda adları sadalanan əşyalarımı geri aldım:
1) 5 ədəd gümüş kuzə
2) Bir gümüş pul
3) Bir gümüş şəkər qabı
4) Bir qızıl saat
5) 450 (dörd yüz əlli) iran tüməni
6) 283 rubl (iki yüz səksən üç) sovet pulu

İmza: (Şeyxi İlyas)
25.1.42-ci il”


Məhz bu qəbzi təqdim etməyimizin əsas səbəblərindən biri də ondan ibarətdir ki, bu sənəddə göstərilmiş tarixdən cəmi 4 gün sonra baş verən siyasi proseslər Əziz Əliyevin qrupunun taleyini həll etdi.

1942-ci ilin yanvar ayının 29- da Tehranda yerli vaxtla saat 18:15-də SSRİ, Böyük Britaniya və İran arasında Müttəfiqlik haqqında müqavilə imzalandı və İran antihitler koalisiyasının üzvünə çevrildi. Fevral ayının 10-da İran şahı Məhəmməd Rza Pəhləvi ABŞ prezidenti Ruzveltə müraciət edərək ondan İranın ərazi bütövlüyünün və müstəqilliyinin qarantı kimi çıxış etməsini xahiş etdi.

Fevral ayının ortalarında Qrupun Urmiya vilayətindəki fəaliyyəti sona çatdı. 15-ci Qafqaz korpusunun komandiri polkovnik Selivanov tərəfindən batalyon komissarı İmam Mustafayevə verilmiş 17 fevral 1942-ci il tarixli xidməti rəydə onun Urmiyadakı fəaliyyəti xüsusilə yüksək qiymətləndirilirdi:

“İran Azərbaycanında olduğu müddətdə yoldaş Mustafayev çox böyük iş aparıb. Onun Rezaye (Urmiya bəzi mənbələrdə belə adlandırılır- F.S) vilayətindəki fəaliyyəti sayəsində faşist yönümlü təşkilatların Sovet Hökumətinin nüfuzdan salınmasına və SSRİ, İngiltərə və İran arasındakı dostluq əlaqələrinə zərbə vurulmasına yönəlmiş qiyam və terrorçuluq fəaliyyətlərinin üstü vaxtında açılmış və beşiyindəcə boğulmuşdur.
Yoldaş Mustafayev əhali arasında Sovet hökumətinin siyasətinin izah edilməsi, onlara maarifçilik və sanitar xidmət göstərilməsi sahəsində xüsusən böyük iş görmüşdür.”


1942-ci ilin mart ayından başlayaraq Moskva Cənubi Azərbaycanda Əziz Əliyevin missiyasını yekunlaşdırmağa başladı və ayın axırında burada artıq bir neçə nəfərlik kiçik bir qrup qalmışdı.

Əziz Əliyevin qrupunun Cənubi Azərbaycandakı fəaliyyəti orada milli şüurun formalaşmasına, Milli-azadlıq ruhunun alovlanmasına təkan verdi. Azərbaycan tarixinin ən şanlı səhifələrindən sayılan 21 Azər inqilabında Əziz Əliyevin Cənub missiyasının böyük təsiri var idi.



Füzuli Sabiroğlu
Xüsusi olaraq AzVision.az üçün

Qalereya




Teqlər:  





Xəbər lenti