2 yaşlı “Yurd TV”

2 yaşlı “Yurd TV”
  05 Mart 2013    Oxunub:1670
«Yurd» televiziyasi 2 yaşını qeyd edir. Azərbaycanda ilk tam HD sistemli internet televiziyası olan Yurd TV 2011-ci il martında fəaliyyətə başlayıb. Gün ərzində internet vasitəsilə çoxsaylı tamaşaçının izlədiyi bu televiziyamız əsasən informasiya, ictimai-siyasi, sosial istiqamətdə fəaliyyət göstərir.
Hər saatda xəbər buraxılışları yayımlanır. Yurd TV-yədək ölkədə həm “online”, yəni, normal televiziya yayımı həyata keçirən, həm də “offline”, yəni, istənilən zaman istədiyin verilişə baxmaq imkanı təmin edən formatla işləyən və özünə müəyyən bir format seçən televiziya olmayıb. Ona görə də YURD TV dünya təcrübəsini öyrənərək qarşısına məqsəd qoyub ki, Azərbaycanda baş verən hadisələri internet vasitəsilə, ətraflı şəkildə həm yerli tamaşaçıya, həm də xaricdəki soydaşlarımıza çatdıra biləcək bir yayım siyasəti qursun və qısa zamanda buna nail olub.

Qeyd edək ki, Azərbaycanda həm texniki, həm də yaradıcılıq baxımından peşəkar şəkildə qurulan ilk internet televiziyası məhz YURD TV-dir. Hər gün ən azı 8 min, bəzən isə 11-12 min insan YURD TV-nin internet səhifəsinə daxil olur, müxtəlif verilişlərə və xəbər süjetlərinə, buraxılışlarına baxır, həmçinin “online” qaydada efiri izləyir. Ümumiyyətlə, YURD TV Azərbaycanda ən çox izlənilən internet televiziyasıdır.

YURD TV-nin təsisçisi Rüstəm Əliyev deyir: “Fəaliyyətə başlayandan öncə televiziyanın auditoriyasını, onun kimlərin marağında ola biləcəyini müəyyən etmişdik. Yəni, Azərbaycanda nə qədər internet istifadəçisi var, onlar hansı yaş qrupundadır, hansı növ videomateriallarla maraqlanır, hər şey dəyərləndirilmişdi. Təkcə Azərbaycanda deyil, ölkəmizdən kənarda yaşayan soydaşlarımızın da marağını nəzərə almışdıq. Bildiyimiz kimi, hər bir peyk müəyyən ərazini əhatə edir. Yəni, hansısa ənənəvi televiziya peyk vasitəsilə yayımlanırsa, ona heç də dünyanın hər yerində baxmaq olmur. Amma internetlə yayımlanan televiziyanı dünyanın istənilən nöqtəsində, qlobal kompüter şəbəkəsinə çıxış olan hər yerdə izləmək mümkündür. Azərbaycanda həm texniki, həm də yaradıcılıq baxımından peşəkar şəkildə qurulan ilk internet televiziyası məhz YURD TV-dir. Əsasən xəbər formatında çalışırıq. Çünki 1 il ərzində müxtəlif janrlarda verilişlər hazırlasaq da, gördük ki, xəbərlərə maraq daha böyükdür. Bu amili fəaliyyətimizin 2-ci ilində nəzərə aldıq. Bir sözlə, internet televiziyaçılığını Azərbaycanda populyarlaşdırdıq və bizdən sonra da həmkarlarımız tərəfindən bu istiqamətdə addımlar atılmaqdadır.” Rüstəm Əliyev əlavə edib ki, Cənab Prezident 2013-cü ili Azərbaycanda informasiya texnologiyaları ili elan etdi. Bu ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan məsələdir və sektorun inkişafına böyük təkan verəcək bir qərardır. İnternetin həm texniki, həm də məzmun baxımından inkişafına ümidlərim böyükdür. İnanıram ki, 2013-cü ildə internet sferasında fəaliyyət göstərən televiziyaların da fəaliyyətində inkişaf və genişlənmə nəzərəçarpacaq dərəcədə hiss olunacaq”.


Teqlər:  





Xəbər lenti