Kerrinin Yaxın Şərq missiyası – TƏHLİL

Kerrinin Yaxın Şərq missiyası – TƏHLİL
  06 Mart 2013    Oxunub:2188
ABŞ dövlət katibi vəzifəsində Hillari Klintonu əvəzləyən Con Kerri səlahiyyətlərini icra etməyə Yaxın Şərqdən başladı.
Ümumiyyətlə, Barak Obamanın prezidentliyinin növbəti dörd ili üçün Syuzan Raysın deyil, məhz Con Kerrinin dövlət katibi vəzifəsinə təsdiq olunması Amerikanın bu mərhələdə Yaxın Şərqdə müharibəyə başlamağa təsləsmədiyinin göstəricisidir. Raysla müqayisədə Kerri daha xarizmatik, təcrübəli və tanınmış siyasətçi imicinə malikdir. Raysdan fərqli olaraq, Kerrinin şəxsi siyasi nüfuzu daha çoxdur. Məsələn, Kerrinin hər hansı xarici ölkəyə səfəri prezidentin səfərinə bərabər tutula bilər. Xatırlatmaq yerinə düşər ki, Kerri vaxtilə prezidentliyə namizəd olub və Corc Buşa kiçik fərqlə yenilib.

Belə nüfuzlu siyasətçinin dövlət katibi vəsifəsinə təyin olunması Amerikanın xarici siyasətə ağırlıq verəcəyini, məsələlərin həllində güc yolundan daha çox danışıqlara gediləcəyindən xəbər verir. Güman etmək olar ki, Amerika növbəti müharibəyə hazırlıq üçün vaxt udmağa çalışır və bu müddətdə diplomatiyaya güc vermək fikrindədir. Söhbət təkcə iqtisadi hazırlıqdan getmir. Eyni zamanda müvafiq ictimai fikir formalaşdırılmalı, keçmiş müharibələrin acı nəticələri unutdurulmalı, müharibə lehinə müsbət beynəlxalq rəy ortaya çıxarılmalıdır. Bu isə vaxt tələb edən işlərdir.

Amerika analayır ki, Rusiya və İran Yaxın Şərqin əllərindən çıxmasını istəmirlər. Bunun üçün hər vasitədən istifadə etməyə hazırdırlar. İlk növbədə, Suriyada Bəşər Əsəd rejiminin devrilməsi İran və Rusiya üçün ölümcül zərbədir. Odur ki, Əsəd rejiminə silah yardımı həyata keçirilir. Bu faktı Kerrinin özü də etiraf edib.

Suriya müxalifətinin hakimiyyətlə danışıqlara hazır olduğunu bildirməsi və ardınca Kerrinin dialoq məkanı kimi Moskvanın seçilməsinin uğurlu variant olması barədə bəyanatları əslində Kremli Əsədin devrilməsində maraqlı etmək məqsədi daşıyırdı. Vaşinqton Moskvanı Suriyada müxalifətlə hakimiyyət arasında vasitəçi rolunu oynamağa dəvət edirdi. Suriya müxalifəti isə Əsəddən başqa rejimin istənilən nümayəndəsi ilə görüşməyə hazır olduqlarını biıldirmişdi. Belə dialoqun aydındır ki, əsas mövzusu Əsədin devrilməsi üçün səylərin birləşdirilməsi olacaq.

Amerikanın İranla danışıqlara hazır olduğunu bildirməsi, Tehrana qarşı müharibə fikrində olmadığını bəyan etməsi isə molla rejimini sakitləşdirmək və neytrallaşdırmaq məqsədi daşıyır. Vaşinqton Suriya rejiminin asanlıqla devrilməməsindən narahatdır və qarşıdurmanın gərginləşməsi sonrakı mərhələdə tələb olunan sistemin qurulmasına maneə törədəcək, ölkənin bərpa edilməsi uzun vaxt alacaq. Bu, həm də Yaxın Şərqin qərbləşdirilməsi prosesini uzadır. Təbii ki, Əsəd rejiminin uduzmamasında Tehranın yardımlarının rolu böyükdür.

Kerri Amerikanın Yaxın Şərq prosesində əsas tərəfdaşları sayılan Türkiyə, Misir və Səudiyyə Ərəbistanına da səfər etdi. Qeyd edək ki, Amerika Misirin ərəb ölkəsi olmasından və hakimiyyətə gələn dini təmayüllü “Müsəlman qardaşları” təşkilatının regiondakı nüfuzundan istifadə etməyə çalışır. İlk növbədə isə Misir-İran yaxınlaşmasına dəstək verməklə Tehranı neytrallaşdırmağa çalışır. Bundan əlavə, Misirin təsir qüvvəsinin çoxalması Türkiyənin artan gücü fonunda balanslaşdırma xarakteri daşıyır. Amerika bununla regionun ələ keçirilməsində Ankaradan asılılığını ortadan qaldırmağa çalışır. Çünki Türkiyə bu amildən öz maraqlarının təmin edilməsi üçün istifadə edə bilər və edir də. Qahirənin Vaşinqton qarşısındakı xidmətlərinə cavab olaraq isə Kerri Misirə dövlət yardımının artırılması təşəbbüsü ilə çıxış edib.

Suriyada şiələrin hakimiyyətinə son qoyulması Səudiyyə Ərəbistanının da maraqlarına cavab verir və Amerika bu məqamdan istifadə etməyə çalışır. Suriya ərəb neftinin quru ilə Qərbə nəqli yolunda maneədir. Səudiyyə Ərəbistanı üçün neftin hansı yolla satılması maraqlı olmaya bilər, ancaq söhbət ondan gedir ki, Suriyada sünnilərin hakimiyyətə gəlməsi Ər-Riyadın bu ölkəyə təsirini artıracaq.

Beləliklə, Kerrinin dövlət katibi kimi ilk xarici səfərlərinin məqsədi diplomatik yollarla Əsəd rejiminin devrilməsi prosesesinin sürətləndirilməsinə nail olmaq idi.

Tofiq Əsgərov


Teqlər:  





Xəbər lenti