Xalq artisti: `Həyat yoldaşım geyimimə qadağalar qoyur` - MÜSAHİBƏ
- O yerlər indi yoxdu deyə, o haqda danışmaq da mənə çox çətin gəlir. O yerlər, doğma yurdum-yuvam beynimdə təmiz bir səhifə kimi qalıb. Ağdamda olanda demək olar ki, hər şeyimiz var idi. Ailəmiz bir yerdə idi, evimiz var idi, sadə və xoşbəxt həyat sürürdük. Amma indi hər şeyimiz olsa da, elə bil həyatımızda nəsə çatmır, nələrsə artıq bitib. Qarabağsız qarabağlı kimi danışa bilmirəm – bu, çox çətindir.
- Necə uşaq olmusunuz?
- Bacımla çox dalaşmışıq. Mən uşaq olanda bacımın da uşaqları mənimlə yaşıd idi, hətta onlarla da dalaşırdım.
Man, ümumiyyətlə çox nadinc uşaq olmuşam. Deyirlər ki, uşaqlıqda dəcəl olan uşaqlar böyüdükcə daha ağır, sanballı olurlar. Bu, həqiqətən belədir. İllər keçdikcə xasiyyət, xarakter tamam dəyişir, başqalaşırsan elə bil.
- Xanəndə olmağa nə zaman qərar verdiniz?
- Xanəndə olmaq mənim yəqin ki, elə əvvədən taleyimdə var imiş. Məni xanəndəliyə qismət gətirib çıxarıb. Elə orta məktəbdə oxuyanda tez-tez tədbirlərdə iştirak edirdik, amma sırf xanəndə olmaq çox çətin oldu. Çünki evdən icazə vermirdilər ki mən Konservatoriyaya, musiqi kollecinə və ya texnikuma qəbul olum. Mən energetika texnikumuna qəbul olub, oranı bitirmişəm. Sonra Asəf Zeynallı adına Musiqi texnikumuna dərnəklərdən gəlmişəm. Yəni özüm seçim edə bilməmişəm, hər şey qismətdən asılı olub.
- Dediniz ki, evdən icazə vermirdilər… Ailənizdə kim daha çox narazılıq edirdi?
- Kim olacaq, qardaşlarım…
- Çox az xanəndələr olur ki, yaradıcılıqlarını opera ilə birləşdirə bilirlər. Bəs siz operaya necə gəldiniz?
- Operaya Asəf Zeynallı adına musiqi texnikumdan təyinatla gəlmişəm.Amma operaya gəlmək özümün də həm istəyim, həm də məqsədim olub. Gəldiyim birinci il qəbul ola bilmədim, ikinci dəfədən isə artıq qəbul oldum. Daha sonra Leylini oynadım, indiyə qədər yeddi rol oynayıram.
Ümumiyyətlə, bu sənətdə səslə kifayətlənmək olmaz, çox çalışmaq lazımdır. Əgər bu şans sənə verilirsə, gərək onu düzgün istiqamətləndirəsən. O vaxtlar hər şey bugünkü kimi açıq deyildi, bu qədər müsabiqələr, muğama dəstək yox idi.
- İndiyə kimi neçə dəfə Leyli olmusunuz?
- Vallah, onun sayını heç bilmirəm. 1996-cı ildən bu rolu ifa edirəm. Amma heç onu əvvəldən saymamışam. Mənim üçün önəmli olan səhnəyə çıxdığımda tamaşaçıların sevgisi, mənə qarşı münasibətidir.
- Bu obrazla özünüz arasında bir bənzərlik varmı?
- Bəli, var. Ona görə ki, məndə Leyli kimi həzinlik,sevgisinə sadiqlik var mən də. Ümumiyyətlə bir şey deyim ki, hər ifaçı öz iç dünyasına, xarakterinə, xasiyyətinə uyğun rolları ifa edir. Bir də görürsən deyirlər ki, ifaçı şit oynayur. Tamaşaçı deyir ki, filan ifaçının oyunu mənə çatmır. Çünki onlar səhnədə özləri olmurlar. Saxtakarlıq və sünilik isə tamaşaçı tərəfindən daha tez sezilir.
- Tərəf müqabiliniz olan Mənsum İbrahimov deyir ki, `opera sənəti çox çətindir. Mən illərdir bu sənətdə səhnənin tozunu uda-uda irəliləmişəm`. Bəs sizdə necə?
- Əlbəttə, çox çətindir. Əgər sən tamaşaçıların sevimlisi olmaq istəyirsənsə, o səhnənin tozunu udmalısan, nəfəsinə, ciyərlərinə çəkməlisən. Bir də görürsən ki, aylarla allergiya olursan. Tamaşadan sonra əlimizi, ayağımızı yuyanda nə qədər toz çıxır. Elə olur ki, heç aylarla o səhnə təmizlənmir. Amma bütün bunlar bizim pisimizə gəlmir. Mən həmişə deyirəm ki, mən hansı obrazda oluramsa həmin zamanda yaşamaq istəyirəm, həmin dövrü tamaşaçıya çatdırmaq istəyirəm. Ona görə də heç o səhnənin tozunu fikirləşmirik. Opera sənəti xanəndəliklə eyni səviyyədə deyil. Xanəndə təkcə qavalı ilə ifa edirsə, opera sənətçidən aktyorluq, aktrisalıq tələb edir.
- Siz çox gənc yaşlarınızda Leyli obrazını oynamısınız. Həmkarlarınız tərəfindən qısqanclıqlar olubmu?
- Qısqanclıq hər bir sahədə olduğu kimi, bizim də sahəmizdə olur. Mən gənclikdə özümə qarşı olan qısqanclıqların tələbələrimə, gənc ifaçılara qarşı olmasının qarşısını almağa çalışıram. Bütün bunlar isə mənim yaddaşımda, xatirimdə bir qara nöqtə kimi qalıb. Həmişə Allahımdan qəlbimə sevgi, pislikləri dəf etməsini, ağlımdan çıxarmasını istəmişəm. Demək olar ki, heç kinli adam deyiləm. Mənə olunan pisliklər də çox tez yadımdan çıxır. Bu, bəlkə də zəif cəhətimdir.
- Bu gün də o qısqanclıqları hiss edirsinizmi?
- Əgər bir insanın fəaliyyəti varsa, göz önündədirsə, qısqanclıqların olması da təbiidir. Evdə oturan, heç bir işlə məşğul olmayan insan haqqında nə danışsınlar axı?!
- Gündəmi izləyə bilirsiniz?
- Çalışıram izləyəm, vaxtım olduqca hadisələrdən xəbərdar oluram.
- Media ilə, juranlistlər ilə münasibətiniz necədir?
- Normal. Amma axır vaxtlar belə müsahibələri demək olar ki, çox az verirəm. Mən daha çox istəyərdim ki, mənim sənətimə baxıb analiz etsinlər. Çünki, özümdən danışmağı sevməyən insanam.
Bir az da ailənizdən danışaq. Çoxları deyir ki, sənət şəxsi həyatı, ailəni qurban verməyə vadar edir. Hər ikisini eyni anda tarazlaşdırmaq çətin məsələ olur. Bəs sizdə vəziyyət necədir?
- Hamıda necədirsə, bizdə də elə o cürdür (gülür). Qadın xanəndə üçün, sənətçi üçün ailə ilə sənəti bir arada saxlamaq, saxlaya bilmək çox çətindir. Konsertdən çıxmağı var, qastrollara getməyi var. Bunların hamısı ailədə problemlər, münaqişələr yarada bilir. Bütün bu şeyləri qəbul edə biləcək bəyərimiz də azdır. Bizdə də belə münaqişələr olur.
- Belə münaqişələr zamanı ilk addımı adətən kim atır?
- Vallah, mən də gedirəm,yoldaşım da gedir. Amma son vaxtlar qızım da qısqanclıq eləməyə başlayıb. Deyir ancaq sənət yoldaşlarınla danışırsan, əlaqə qurursan. Bir sözlə, evə gələndə türklər demiş deyir ki, mənimlə “ilgilən”. Mən bunları normal qarşılayıram. Bilirsiniz uşaqdı, ailədi hamısı istəyir ki, evə gələn kimi ancaq onlarla ünsiyyətdə münasibətdə olum.
- Nəzakət Teymurova səhnədə oynadığı Leylinin sevgisini həyatda yaşayıb?
- Bilirsiniz, mən kimisə istəmişəmsə də, onu içimdə saxlamışam, bəzi məsələlər olub, nələrsə zidd olub, amma mən yenə də ürəyimdə saxlamışam. Elə Leylinin sevgisi kimi.
- İndiki dövrdə Leyli-Məcnun sevgisi var?
- Yox, inanmıram. Çünki, indiki dövrdə sevgi demək olar ki, kitablarda qalıb, ucuzlaşıb. Sevgi daha çox ailə qurana qədər qalır indiki sevgililərdə. Amma ən pisi, bir az sonra hörmət də itir. Demək olar ki, dünya dəyişdikcə sevgiyə olan baxış da dəyişir.
- Ev işlərində bacarığınız necədir? Biş-düş bacarırsınız?
- Çox normal. Elə indi burdan çıxıb gedəcəyəm qızıma yemək hazırlayam. Mən həmişə deyirəm ki, sənətdə olmasaydım, bəlkə də çox yaxşı bir evdar xanım olardım. Bizim ailəmiz böyük olub. Hamımızda - bacılarımda, məndə işgüzarlıq var. Çox vaxt deyirlər ki, “filankəs müğənnidir, onun əlindən heç nə gəlmir”. Bunu başa düşə bilmirəm. Təmizliyi çox sevən insanam. Mənim evimdə gərək hər şey təmiz olsun, yeməklər də öz yerində. Elə insanlar var ki, əyni-başı yaxşı olur, evlərinə girirsən qorxub qaçırsan.
- Qayınananızla narazılığınızolmayıb ki?
- Yox, heç vaxt olmayıb. Onlar ayrı yaşayırlar, biz ayrı.
- Bəs qastrollarda olanda ev işlərinizi kim yola verir?
- Evdə bir köməkçimiz var, elə bizə, mənə bacı kimidir.
- Geyimlərinizi hardan alırsınız bəs? Ümumiyyətlə geyinib-keçinməyə üstünlük verirsiniz?
- Hər bir qadın özünə fikir verməlidir. Baxımlı olmağa çalışmalıdır. Mən də çalışıram. Amma əsas məqsədim odur ki, mənə yaraşan olsun, moda arxasınca qaçanlardan deyiləm. Mənim sənətimə, ifaçılıq tərzimə uyğun geyimlərə üstünlük verirəm. Özümdə açıq-saçıqlıq xoşlamıram, amma kimsə geyinəndə bəyənirəm.
- Həyat yoldaşınız geyimlə bağlı qadağalar qoyur?
- Hə, çox olur. Elə bu səhər də olub.
- Qadın kimi özünüzü xoşbəxt hiss edirsiniz?
- Xoşbəxtliyi hər bir insan fərqli görür. Təbii, xoşbəxtəm ki, ailəm var, övladım var, yaxınlarım, doğmalarım ətrafımdadır. Ən əsası isə başımın üstündə duran yoldaşım var. Düşünürəm ki, hər qadının başının üstündə, arxalanacağı bir kişi olmalıdır.
- Bəs qadın olaraq nəyi bağışlaya bilmərsiniz?
- Mənim ən böyük zəifliyim, unutqanlığım və bağışlaya bilməyimdir. Allah da bütün günahları bağışlayandırsa, biz bəndələr kimik ki, bağışlamayaq. Demək olar ki, indiyə qədər hər şeyi bağışlamışam.
- Müsahibələrinizin birində hətta xəyanəti belə bağışladığınızı demisiniz. Bu doğrudur?
- Bilirsiniz ailə qurandan sonra, ailə kimi bir yerdə möhkəmlənəndən sonra, uşaq doğulandan sonra xüsusilə də qız uşağı olarsa bəzi şeylər var ki, onlara göz yummalı, keçməli olursan. Mən də övladımın gələcəyinə görə bəzi səhvləri bağışlamışam.
- Pul və şöhrət sizin üçün nədir?
- İnsanın pulu da, var-dövləti də, şöhrəti də ola bilər. Amma mən mənəviyyatsız insanları qəbul edə bilmirəm. Elə insanlar var ki, pula pul demir, amma danışdırırsan içi boş, çürük çıxır. Şöhrətdi, puldu gəldi- gedər şeydi. Allah bizə səs verib, amma onu alandan sonra biz kimə və nəyə lazımıq?! Ona görə də insanın sadəliyi, onun mənəviyyatı onun ən böyük zənginliyidi.
- İndiki dövrdə gözəl olmaq üçün pul vacibdir? Söhbət xarici gözəllikdən gedir.
- Xarici gözəlliyi düzəltmək mümkündür, indi bu işlər asan məsələdir. Amma daxili gözəlləşdirmək pulla mümkün deyil. Amma bir şey də var da insanın iş dünyası onun üzünə, gözünə yansıyır. Daxili gözəldirsə, siması da mütləq gözəl olur.
- Tələbələrinizdən razısınızmı?
- Razı olduqlarım da var, narazı olduğum da var. Bu sənətə səsdən əlavə praktika, zaman,hissiyat, yaxşı ustadlardan dərs almaq lazımdı. Xanəndə oxuduğu qəzəlin hisslərini tamaşaçıya çatdırmağı bacarmalıdır. Bütün bunlar çox uzun bir prosesdir. İndiki dövrdə də çox istedadlı, yaxşı səsi olan muğam ifaçıları var. Sadəcə olaraq doğru istiqamətdə və doğru yolda olmağı bacarmaq lazımdı. Klassiklərimizi tanıyıb, onları sevib, onlardan bəhrələnmək lazımdır. Mən öz tələbələrimə də həmişə gedib başqa müəllimlərin də dərsində oturmağa icazə verirəm ki, gedib o sənətkarlarımızdan da nəsə bir guşə və yaxud boğaz öyrənsinlər. Hər bir xanəndədən bir boğaz oğurlamaq gənc ifaçı üçün yalnız uğur ola bilər.
- Xanəndələrin, ifaçıların ümumiyyətlə incəsənət adamlarının toylara getməsinə necə baxırsınız?
- Xanəndənin və ya ifaçının yaxşı gəliri olsa heç istəməz ki, toylara getsin. Ümumiyyətlə mən toy sahəsini başa düşmürəm. İçki məclislərindən xoşum gəlmədiyi çalışıram az gedim.Xanəndə səhnələrdə yetişməlidi, qastrol səfərlərində dövləti təmsil etməlidir. Bizdə ancaq toya işləyən, hətta toy sahəsini efirə gətirənlər də var ki bunları heç cür qəbul edə bilmirəm. Kim istəyir incisin.
- Yaxın gələcəkdə sənətlə bağlı hər hansı bir planınız varmı?
İnşallah böyük bir layihəmiz var ki, hansı ki, icrasına 2014-cü ildə başlamağı planlayırıq. Kamera orkestri ilə maraqlı bir layihəmiz var, avropa və milli musiqimizin sintezindən ibarət əsərlər olacaq. Sənətlə bağlı görüləsi işlərimiz çoxdur, sağlıq olsun.
Səbinə Məmmədova
AzVision.az üçün
Fotolar: Elnur Muxtar