Əsgər ölümlərinin psixoloji sirri – ARAŞDIRMA

Əsgər ölümlərinin psixoloji sirri – ARAŞDIRMA
  06 Mart 2013    Oxunub:6792
Son vaxtlar Ordumuzda əsgər ölümü hallarıın artması cəmiyyətdə ciddi narahatlıq doğurur. Buna müxtəlif səbəblər göstərilir. Həmin səbəblərdən biri də indiki əsgərlərin doğulduğu illər ilə bağlıdır.
Hazırda hərbi xidmətdə olan gənclər Qarabağda fəal hərbi əməliyyatların getdiyi illərdə anadan olublar. Sirr deyil ki, həmin dövrdə cəmiyyətdə böyük stress yükü vardı. Belə dövrdə yaşayan anaların doğduğu uşaqlara bütün dünyada “müharibə övladları” deyirlər. Onların şüurunun alt qatlarında nevrozların və aqressiyanın gizləndiyi bildirilir. Çünki hamiləlik dövründə ananın keçirdiyi bütün emosiyaların övlada da sirayət etdiyi şübhəsizdir. Bəs ola bilərmi ki, indi böyüyüb əsgərliyə gedən gənclərin orduda intihar etmələrinin bir səbəbi də burada gizlənir?

Psixoloq Naib Niftəliyev bildirir ki, hazırda cəbhə xəttində müxtəlif səbəblərdən intihar edən, öldürülən əsgərlərin doğum tarixinin Dağlıq Qarabağ münaqişəsinin alovlanması dövrünə təsadüf etməsi ilə ordudakı ölümlərin arasında birbaşa bağlılıq yoxdur. Dolayı asılılıq və təsir isə mütləq mövcuddur:

- 1992-93-cü illərdə müharibə faktorunun həmin dövrdə gənc ailələrin həyatında mənfi iz buraxması, xüsusən, ön cəbhədə gənc anaların hamiləlik dövründə böyük stress, gərginlik, həyəcan keçirməsi heç kəsə sirr deyil. Bu, istər-istəməz həmin dövrdə doğulanların psixikasında, psixofizoloji sağlamlığında müəyyən izlər buraxıb və bu məqam həmin gənclərin istər hərbi xidmətdə, istərsə də ictmai davranışında müəyyən mənfi təmayüllərin meydana çıxmasını şərtləndirir.

Psixoloq qeyd edir ki, əgər orduda ölüm halları kimi problemlər artırsa, demək, orduda sosial xidmət düzgün qurulmayıb: “Hərbiçilərin mənəvi-psixoloji hazırlığı ilə bağlı ciddi problemlər var. İstənilən halda əsgərin orduya nə dərəcədə yararlı olub-olmaması əvvəlcədən müəyyənləşdirilir. Əgər problem varsa, demək, belələrini yararlı sayıb orduya göndərən səfərbərlik və hərbi xidmət qurumları da məsuliyyət daşıyır”.

Onun sözlərinə görə, burada müxtəlif rütbəli hərbiçilərin üzərinə də çox böyük məsuliyyət düşür:
- Söhbət ondan gedir ki, əsgərlər heç zaman zabit heyətinin diqqətindən kənarda qalmamalıdır. Yəni nizam-intizam vacibdir. Eyni zamanda, hər əsgərin düşüncəsini, xarakterini nəzərə alaraq, şəxsiyyətinə, ləyaqətinə hörmətlə yanaşmaq ondan da önəmlidir.

Hərbi ekspert Üzeyir Cəfərov isə bildirir ki, əsgər ölümlərinin səbəbləri ilə bağlı ictimaiyyətə məlumat verilmədiyindən, cəmiyyətdə və mətbuatda bir narahatlıq yaranır: “Amma mən düşünmürəm ki, əsgərlər məhz müharibə dövründə dünyaya gəldiklərinə görə özlərinə qəsd edirlər və ya bu məqam onlarda aqressiya yaradır. Belə bir ehtimalın olması çox azdır”.

Həmsöhbətimiz orduda xidmət edənlər arasında yaş fərqinin çox olmasını da neqativ halların baş verməsinə səbəb kimi göstərir:
- 18 yaşlı şəxslə 35 yaşlılar bir arada xidmət keçir. Bu da müxtəlif yaş dövrüdür və müxtəlif xarakter deməkdir. 18 yaşlı gəncin həyat təcrübəsi olmur, həyatın bicliklərini bilmir. Ancaq 35 yaşlı hərbiçi daha hazırlıqlıdır. Öz işini də özündən kiçiyə gördürür, öz vəzifələrini də ona həvalə edir. Ancaq o da insandır: 1 gün, 5 gün, 1 ay, 1 il, axırda dözmür. Əlindəki silahı ya özünə tuşlayır, ya da əsgər yoldaşına. Həmçinin, daha yaşlı olan şəxs qəbul etmir ki, oğlu yaşında olan birinin yanında hər hansı ağır iş görsün, ya da onunla bərabər hansısa fiziki hərəkətləri etsin. Buna görə də, üzərinə düşən öhdəlikləri yerinə yetirmir və nəticədə də belə xoşagəlməz hadisələr baş verir.

Ü.Cəfərov məhz buna görə də, təklif edir ki, hərbi xidmətə çağırışçıların yaşı 18-dən 19-20-yə qalxsın: “Yəni məktəbi bitirdikdən sonra onlarda bir az bərkimə prosesi getməlidir. Həmçinin, yuxarı yaş həddi 35-dən 27-yə salınmalıdır. Əvvəllər olduğu kimi. Bu yöndə baş vermiş hadisələrin xronologiyasına fikir versəniz, görərsiniz ki, Milli Məclis bu qanunvericilkdə dəyişilik edəndən sonra ölüm halları artdı”.

O da hesab edir ki, mütləq hərbi psixoloqlar instiututu yaradılmalıdır: “Parlamentdə briqada və tabor səviyyəsində psixoloqların olması təklif edildi. Ancaq məncə, bu, bölük səviyyəsində də olmalıdır. Çünki taborda yüzlərlə, briqadada isə minlərlə əsgər olur. Yəni psixoloq onların hər biri ilə ayrı-ayrılıqda işləməyi, yaxından maraqlanmağı fiziki cəhətədən çatdırmayacaq. Bunlar hamısı nəzərə alınmalıdır”.
Ekspertin sözlərinə görə, bununla da cəmiyyətdə ordumuz haqqında mənfi fikirlər yaranmaz və valideynlər də övladlarını rahatlıqla hərbi xdimətə göndərərlər ki, sağ-salamat qayıdacaq.

Sevinc Fədai


Teqlər:  





Xəbər lenti