“Azərbaycan özünü dünyaya güclü dövlət kimi təqdim edəcək”

 “Azərbaycan özünü dünyaya güclü dövlət kimi təqdim edəcək”
  06 Fevral 2013    Oxunub:2237
Prezident İlham Əliyev öz rəsmi twitter səhifəsində 2015-ci ildə birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı fikirlərini paylaşıb.
AzVision.az Prezidentin twitter səhifəsinə istinadən bildirir ki, dövlət başçısı keçən ilin sonunda – dekabr ayında Avropa Olimpiya Komitəsinin Baş Məclisində 2015-ci ildə birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilməsini böyük uğur kimi dəyərləndirib.
Prezident İlham Əliyev twitter-də yazıb: “İlk oyunların Bakıda keçirilməsi, əlbəttə ki, böyük nailiyyətdir, bizim böyük uğurumuzdur. Azərbaycanda mütəmadi qaydada dünya, Avropa çempionatları keçirilmişdir. Keçən il ilk dəfə olaraq futbol üzrə qızlar arasında dünya çempionatı yüksək səviyyədə keçirilmişdir. İki həftədən çox bir müddətdə bütün idmançılar və şəhərimizin qonaqları Azərbaycan xalqının qonaqpərvərliyini hiss etmiş və ölkəmizdə gedən sürətli inkişaf prosesini izləmişlər. FİFA və UEFA rəhbərliyi tərəfindən bu çempionatın keçirilməsinə və bizim təşkilatçılıq qabiliyyətimizə çox yüksək qiymət verilmişdir”.
Dövlət başçısı bildirib ki, Azərbaycan bu tədbirləri keçirməklə və öz təşkilatçılıq qabiliyyətini göstərməklə bir növ yeni standartlar tətbiq edir. İlham Əliyev vurğulayıb ki, “bu, artıq Azərbaycan standartlarıdır”.
Prezident əminliklə deyib ki, Azərbaycan bir daha özünü dünyaya və Avropaya müasir, güclü dövlət kimi təqdim edəcək: “Yay Olimpiya Oyunlarından fərqli olaraq bizim hazırlıq üçün cəmi iki il vaxtımız vardır. Çünki bildiyiniz kimi, Yay Olimpiya Oyunlarının hazırlığı üçün 6-7 il vaxt verilir. Bu, çox böyük məsuliyyətdir. Eyni zamanda, böyük inamdır, böyük şərəfdir. Mən əminəm ki, bütün müvafiq qurumlar bu oyunların yüksək səviyyədə keçirilməsi üçün səylərini əsirgəməyəcəklər və həmişə olduğu kimi, biz bu dəfə də ölkəmizin qüdrətini, xalqımızın qonaqpərvərliyini, Azərbaycanın dinamik inkişafını Avropaya və beləliklə, bütün dünyaya nümayiş etdirəcəyik”.
Prezident İlham Əliyev ölkəmizdə keçiriləcək Olimpiya Oyunların uğurlu olması üçün tələblərini açıqlayıb: “Bu oyunlar Yay Olimpiya Oyunlarının səviyyəsindən aşağı olmamaq şərti ilə keçirilməlidir. Əminəm ki, biz buna nail olacağıq. Azərbaycan bir daha özünü dünyaya və Avropaya müasir, güclü dövlət kimi təqdim edəcəkdir”.

Jalə



Teqlər:  





Xəbər lenti