III Muğam Festivalı başladı – FOTOSESSİYA

III Muğam Festivalı başladı – FOTOSESSİYA
  10 Mart 2013    Oxunub:2330
Martın 9-da Bakıda, Heydər Əliyev Mərkəzində “Muğam aləmi” III Beynəlxalq muğam festivalının təntənəli açılış mərasimi olub. Tədbirdə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva iştirak edib.
Martın 19-dək davam edəcək festivalın təşkilatçıları Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqıdır.
Beynəlxalq festivalın prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tədbirdəki açılış çıxışında bildirib ki, artıq üçüncü dəfədir qədim muğam sənəti dünyanın müxtəlif ölkələrindən gələn ifaçıları, sənətkarları, incəsənət xadimlərini, alimləri, musiqisevərləri bir araya toplayır:
- Bu il muğam festivalının açılış mərasimi Heydər Əliyev Mərkəzində keçirilir. Bu memarlıq abidəsi özü sanki musiqiyə bənzəyərək insanların daxilində müxtəlif hisslər və obrazlar oyadır. Kimsə onu dəniz dalğasına, kimsə bulud karvanına, kimsə küləyin şiddətinə oxşadır. Bu məkan ənənəni və müasirliyi özündə birləşdirən Bakının yeni simvollarından biridir. Bu axşam bu səhnədə bizim mədəni irsimizin incisi olan gözəl muğam səslənəcək.
Əziz dostlar, festival günləri biz birlikdə məşhur ustadları və gənc ifaçıları dinləyəcəyik. Gənclər muğam müsabiqəsində iştirak edəcəklər. Bakı Beynəlxalq Muğam Mərkəzində ustadların çıxışları, Filarmoniyada, Opera və Balet Teatrında, digər konsert salonlarında simfonik muğamlar, muğam operaları səslənəcək.
Bakı caz klubunda muğamla cazın nadir sintezini dinləmək imkanı yaradılacaqdır. Azərbaycan muğamının qədim ənənələri və tarixi ilə yanaşı, müasir ifa sənətinin imkanları göstəriləcək.
Eyni zamanda, muğamın ölkəmizin XX əsrdə musiqi mədəniyyətinin bütün janrlarına nə dərəcədə təsir göstərdiyinin şahidi olacağıq. Mən ümidvaram ki, festival proqramı özündə Azərbaycanda qonaq olan ölkələrin rəngarəng muğam məktəblərinin ənənələrini, uğurlarını, nailiyyətlərini də bizə göstərəcək. Ən əsası odur ki, Beynəlxalq muğam müsabiqəsi yeni adlar, yeni istedadlar aşkar edəcək və muğamın həm ölkəmizdə, həm dünyada daha yaxşı tanınmasına, daha geniş yayılmasına töhfəsini verəcək.

Mehriban Əliyeva builki festivalın bir neçə yeniliklə seçildiyini deyib: “Birinci yenilik ondan ibarətdir ki, muğam müsabiqəsi təkcə xanəndələr arasında keçirilmir, həmçinin instrumental muğam sənətini də əhatə edəcək. Digər yenilik ondan ibarətdir ki, demək olar, ölkəmizin bütün regionlarında fəaliyyət göstərən musiqi məktəblərinin şagirdləri bu festivalda iştirak edəcəklər. Onlar məşhur xanəndələrlə, ölkəmizə gələn qonaqlarla birgə çıxış edəcəklər və əlbəttə, bu da gənc istedadlar üçün əvəzolunmaz bir təcrübədir.
Əvvəlki illərdən fərqli olaraq bu il festival təkcə Bakı şəhərində deyil, Naxçıvanda, Gəncədə, Lənkəranda, Qəbələdə, Şamaxıda, Şirvanda və ölkəmizin digər şəhər və rayonlarında keçiriləcək”.

Bu il festivala 24 ölkə qatılıb. Festival çərçivəsində keçirilən elmi simpoziumda xaricdən gələn çoxsaylı ekspertlər və alimlər də iştirak edəcəklər (Azərtac).

Qalereya




Teqlər:  





Xəbər lenti