Cərcis: müsəlmanların xristian peyğəmbəri – ARAŞDIRMA

Cərcis: müsəlmanların xristian peyğəmbəri – ARAŞDIRMA
  03 Dekabr 2013    Oxunub:27546
Azərbaycanın din tarixində xüsusi iz qoymuş şəxslərdən biri də Cərcis peyğəmbərdir. Araşdırmalar göstərir ki, bu ad xristianlar arasında bu gün də ehtiramla yad edilən Müqəddəs Georginin (orijinalda Georgius) adının ərəb dilinin təsiri ilə təhrif edilmiş formasıdır.

Pravoslav rusların Məğlubedilməz Georgi, katolik Avropanın Müqəddəs Corcius kimi tanıdığı bu şəxsiyyət əslində kim olub? AzVision.az onun haqqında olan materialları araşdırıb, müxtəlif mətnlərdən çıxarışları, onların müqayisəsindən irəli gələn və həqiqətə ən yaxın nəticələri sizin mühakimənizə təqdim edir.

Azərbaycanda dolaşan Cərcis rəvayətləri

Ölkəmizdə Cərcis peyğəmbəri bu günədək yad edənlər az deyil. Bəzən, onu Xızır (Xızır İlyas və ya Xıdır Nəbi) peyğəmbərlə də eyniləşdirirlər. Beyləqan şəhərinin 4 km. şimal-şərqində onun adını daşıyan bir ziyarətgah da var. Bu gün bir İslam dini obyekti kimi fəaliyyət göstərən bu ziyarətgahın əsası Qafqaz Albaniyasında xristianlığın yayıldığı dönəmlərdə qoyulub. Ötən əsrin əvvəllərində bu ziyarətgah üzərindəki türbə yerli imkanlılardan olan Məşədi Qulunun maliyyə dəstəyilə yenilənib. Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra türbə bir daha təmir olunub.

Türbənin axundu Məşədi Məhəbbət bu gün buraya ölkəmizin bütün bölgələrindən, hətta yaxın müsəlman ölkələrindən ziyarətə gələnlərin olduğunu deyir. Axund bu türbənin Cərcis Peyğəmbərin qəbri üzərində inşa edildiyini deyir: “Onun əsl adı Cərcis bin Anaq olub. 315-ci ildə, Mosulda, tacir ailəsində anadan olub və atasının yolunu davam etdirib. Tarixi İpək Yolu ilə qədim Beyləqan torpağından keçərək Dağıstana və başqa vilayətlərə səfərlər edib, ticarətlə məşğul olub. Bütün sərvətini təkallahlığı yaymaq yolunda sərf edib, 77 il ömür sürüb və 392-ci ildə dünyasını dəyişib. Qəbri bizim torpaqdadır, amma onun adına biri İraqın Mosul vilayətində, 2-cisi Yunanıstanın Afina şəhərində və 3-cüsü Türkiyənin Urfa vilayətində olmaqla, daha üç məbəd də var”.

Cərcis Peyğəmbərə aid rəvayətlərdən birinə görə, o, Suriyadan təbliğat səfərinə çıxaraq Mil torpağına gəlib. O zaman bu ərazidə yaşayan atəşpərəstlər onun tək olan Allaha itaət etməyə çağırışını rədd edib və peyğəmbəri təqib etməyə başlayıblar. Qaçib indiki ziyarətgah yerinə gələn Cərcis Allahın mərhəməti ilə atılan oxlardan qorunsa da, nəhayət, bir quyuya düşür. Fürsəti əldən verməyən atəşpərəstlər onun üstünü torpaqlayırlar. Beləcə, bu ziyarətgah yaranır.

Rəvayətin başqa bir variantına görə, Cərcis Peyğəmbərin Beyləqan torpağına gəldiyi dövrdə bu yerlərdə Dərziyanə adlı zalım bir şah hökmranlıq edirmiş. Cərcis Peyğəmbər təkAllahlığı təbliğ etməyə başlayır və az zaman içərisində onun gətirdiyi dini qəbul edən insanların sayı 33 min nəfərə çatır.



Dərziyanə şah Cərcis Peyğəmbərin gəlişindən sonra nüfuzunu itirməyə başlayır. Buna görə də Cəris Peyğəmbəri həbs edib doğratdırır və bir quyuya tökdürür. Lakin peyğəmbər Allahın əmri ilə yenidən dirilib, quyudan çıxır. Bu hadisə düz üç dəfə təkrarlanır. Nəhayət, dördüncü dəfə doğranılıb quyuya tökülən Cərcis Peyğəmbər Allahdan onu bir daha həyata qaytarmamağı xahiş edir. Bundan sonra quyu torpaqla doldurulur və bu ziyarətgah yaranır.

Dörd dəfə ölüb-dirilən

Cərcis adının farsca “cahar” və “cur” sözlərindən əmələ gəldiyini və “dörd dəfə ölüb-dirilən” mənasını verdiyini iddia edənlərin məhz yuxarıdakı rəvayətə əsaslandığı göz qabağındadır. Rəvayətin ərəb mənbələrindən qaynaqlandığı da şübhəsizdir.

Məsələn, “Məhəmməd peyğəmbərə (s.a.s) 40 sual 40 cavab” adlı kitabda peyğəmbər ona verilən 32-ci sualın cavabında Cərcis peyğəmbərdən danışır: “Dərziyanə adlı bir kafir Mosul şəhərində padşah idi. Günlərin birində Cərcis peyğəmbər Mosula ticarətə gəlir... O, padşaha yaxınlaşır və deyir: “Nə üçün bütə sitayiş edir, belə yersiz əməllərə xalqı da məcbur edirsən? Əgər sənə bir bəla üz versə bu daş nə sənə, nə də sənin şəhərinə bir köməklik göstərə bilməz.” Padşah bu sözləri eşidib qəzəblənir və əmr edir ki, onu ağaca bağlayıb dərisini deşik-deşik etsinlər. Cərcis ucadan dua edir və Allah onu bu bəladan xilas edir. Bunu eşidən padşah ikinci dəfə onun başına köz kimi qızarmış mıx çalmaqla əzab verməyi əmr edir”.

Hər dəfə Allahın əmri ilə xilas olan peyğəmbərə bir-birinin ardınca əl-ayağını bağlatdırıb zindana saldırmaq, qarnının üstünə iri bir daş qoyduraraq ac-susuz saxlamaq kimi cəzalar verilir. Bu cəzalardan 3 dəfə ölüb, Allahın əmri ilə dirilən Cərcisə bir mələk vasitəsi ilə peyğəmbərlik verilir. Zindandan möcüzəli şəkildə qeyb olan Cərcis bir müddət sonra yenə də həmin padşahın yanına gəlir və peyğəmbərliyini, Allahın vahidliyini təbliğ edir.

Padşah bu dəfə ona çox şiddətli ölüm hazırlamaq qərarına gəlir. Misdən düzəldilmiş böyük bir öküzün içinə kükürd və yanacaq dolduraraq peyğəmbəri onun içərisinə salıb qapısını örtür və oda atırlar. Bir mələk peyda olaraq alovun içindən öküzü götürüb yerə çırpır. Ertəsi gün Cərcis peyğəmbər yenidən sağ və salamat görkəmdə təbliğatını davam etdirir .

Xristian mənbələri

Yunan mətnlərində rast gəlinən məlumatlara görə, Müqəddəs Georgius 3-cü əsrdə (şərq variantlarındakından 1 əsr əvvəl) Kappadokiyada (başqa bir variantda Liddədə) anadan olub. Onun atası xristianlığı qəbul etdiyi üçün edam edilib, anası körpə Georgiuslə Fələstinə qaçıb.



Gənc yaşlarında hərbi xidmətə çağırılıb. Tez zamanda Kappadokiya hökmdarı Diokletinin şəxsi qvardiyasının komandiri vəzifəsinədək yüksəlib. Lakin xristianların təqibinə etiraz edərək hökmdarın hüzurunda özünün də İsanın yolunu qəbul etdiyini elan edib. Onu həbs edib işgəncələrə məruz qoyurlar. 7 gün davam edən bu işgəncələr zamanı onu nizələrlə itələyib quyuya salmış, dirəyə bağlayıb sinəsinə ağır daş qoymuş, biz kimi çıxıntılı təkərlərlə işgəncə vermiş, sönməmiş əhəng dolu quyuya atmış, qol və qıç sümüklərini sındırmış, köz kimi qızmış dəmir çəkmələr geyməyə məcbur etmiş, qayışla döymüşlər. Lakin o, bütün bu işgəncələrdən sağ çıxır.

Nəhayət, ona zəhər içiriblər. Amma bu da kara gəlməyib. Həmin gecə bir qızıl taclı mələk onun yuxusuna girərək: “Cənnət səni gözləyir” – deyib. O, yuxudan ayılanda qulunu çağıraraq tezliklə öləcəyini deyib və öləndən sonra tabutunun Fələstinə göndərilməsini, bütün olanları təfərrüatı ilə qələmə almasını tapşırıb.

Bu rəvayəti əks etdirən apokriflərdən (xristianlığa aid, amma rəsmi kilsə tərəfindən qəbul edilməyən yazılı mətnlərdən) biri məhz, həmin qulun adından yazılıb. Əksər tədqiqatçılar özünü Georgiusin qulu kimi təqdim edən həmin müəllifi elə sözün birbaşa mənasında qul kimi qəbul etsələr də bu, inandırıcı deyil. Çünki, dustağın yanında qul saxlamasına çətin ki, icazə verərdilər. Çox güman ki, müəllif sadəcə, Georgiusa dərin ehtiram əlaməti olaraq, özünü onun qulu adlandırır.

Ertəsi gün imperator Diokletin şəxsən zindana enərək ona xristianlıqdan imtina etməyi təklif edib. Georgius ona cavab əvəzinə Apallon məbədinə aparılmasını xahiş edib. Xahiş yerinə yetiriləndə, o, Apallonun heykəli önündə: “Doğrudanmı, məni sənə görə edam edəcəklər? Sən Tanrı olaraq məni bir qurban kimi qəbul edə bilərsənmi?”- deyə, xaç vurub və Apallonun heykəli üzərində də xaç içarəsi göstərib. Diokletin qəzəblə: “Boynu vurulsun!” - deyə əmr edib.
Edam zamanı Diokletinin (bəzi mətnlərə görə, hökmdarın yaxın adamlarından birinin) həyat yoldaşı Aleksandra Georgiusun ayaqlarına düşərək xristianlıqdan imtina etməsini xahiş edib. Hökmdar onun barəsində də ölüm hökmü verib. Tarixi mənbələr onu Romalı Aleksandra, bəzən Priska adı ilə təqdim edir.

Ardı burada

Cəmşid Bəxtiyar
Xüsusi olaraq AzVision.az üçün



Teqlər:  





Xəbər lenti