“Azərbaycan korrupsiyaya qarşı mübarizədə yüksək nəticə göstərib”- MÜSAHİBƏ

“Azərbaycan korrupsiyaya qarşı mübarizədə yüksək nəticə göstərib”- MÜSAHİBƏ
  05 Dekabr 2013    Oxunub:2598
“Bu nailiyyətlər siyasi rəhbərlik səviyyəsində korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən kompleks və davamlı siyasətin real nəticəsidir”

AzVision.az saytı Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralovun müsahibəsini təqdim edir.

-Transparensy İnternational təşkilatı tərəfindən 2013-cü il üçün Korrupsiyanı Qavrama indeksi açıqlanaraq ictimaiyyətin müzakirəsinə verilib. Azərbaycanla bağlı builki indeksə münasibətiniz necədir?

- Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qeyri-hökumət təşkilatlarından olan “Transparensy İnternational”ın təqdim etdiyi 2013-cü ilin Korrupsiya qavrama indeksində Azərbaycan keçən illə müqayisədə xeyli, yəni 12 pillə irəliləmiş, eyni zamanda ölkəmizin qiymətləndirmə balı 27-dən yüksələrək 28 olub. Əgər keçən ilin hesabatı üzrə də ölkəmizin əvvəlki illə müqayisədə 4 pillə irəlilədiyini nəzərə alsaq bu zaman indeksdə son illər Azərbaycanla bağlı dinamikanın müsbət olduğunu görmüş olarıq. Ümumən ölkəmiz son illər korrupsiyaya qarşı mübarizə sahəsində dəyərləndirmələrdə irəliləməkdə davam edir və indeksə daxil edildiyi 2000-ci ildən olan müddətdə Azərbaycan Respublikası son on üç ilin ən yüksək nəticəsini göstərmişdir.
Qeyd etmək istərdim ki, 2013-cü ilin Korrupsiya qavrama indeksi üzrə müsbət nəticələri “Transparency İnternational” təşkilatının bu ilin iyul ayında “2013-cü il Qlobal Korrupsiya Barometri” hesabatında Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olması barədə ölkəmizin göstəricilərinin məntiqi davamı kimi də qiymətləndirmək olar. Belə ki, “2013-cü il Qlobal Korrupsiya Barometri” hesabatı üzrə Azərbaycanda respondentlərin 68 faizi dövlət tərəfindən həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirlərinin səmərəli olduğunu bildirmişdir ki, bu da dünya ölkələri üzrə müəyyən edilmiş 22 faizlik göstəricidən 3 dəfə yüksək olub.

-Cənab Baş prokuror Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişin əsas amilləri hansılardır?

-Xüsusi olaraq vurğulamaq istərdim ki, korrupsiyaya qarşı mübarizə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətinin prioritet istiqaməti olmaqla onun təşəbbüsü ilə beynəlxalq təcrübə nəzərə alınaraq mütərəqqi antikorrupsiya qanunvericilik bazası formalaşmış, mühüm institusional tədbirlər həyata keçirilib.

Korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədilə hazırlanmış “Korrupsiyaya qarşı mübarizə üzrə 2004-2006-cı illər üçün Dövlət Proqramı”, “Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli strategiya və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Milli Fəaliyyət Planı” qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə hüquqi zəmin yaratmaqla uğurla icra edilib. BMT-nin Korrupsiya Əleyhinə Konvensiyasına müvafiq olaraq ixtisaslaşdırılmış qurumlar - Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası və Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi təsis edilmiş, beynəlxalq əməkdaşlıq inkişaf etdirilərək digər dövlətlərin hüquq mühafizə orqanları və antikorrupsiya qurumları ilə əməkdaşlıq əlaqələri qurulmuş, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində bir sıra mühüm addımlar atılmışdır. Həmçinin iqtisadi və sosial sahədə, o cümlədən əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, əməkhaqlarının artırılması və sosial rifahının gücləndirilməsi istiqamətində əsaslı nailiyyətlər əldə edilmişdir.
Dövlət başçısı cənab İlham Əliyev korrupsiyaya qarşı mübarizənin davam etdirilməsində qətiyyətini bir daha nümayiş etdirərək 05 sentyabr 2012-ci il tarixdə “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı”nın təsdiq edilməsinə dair sərəncam imzalayıb,bu istiqamətdə həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, normativ-hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi əsas hədəflər kimi müəyyənləşdirilib.

-2013-cü ilin Korrupsiya qavranma indeksində Azərbaycanın 12 pillə irəliləməsini uğurlu nailiyyət hesab etmək olarmı?

-Belə müsbət nəticələr bizim üçün gözlənilməz deyildi. Bu nailiyyətlər siyasi rəhbərlik səviyyəsində korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən kompleks və davamlı siyasətin real nəticəsidir. Lakin qeyd etmək yerinə düşər ki, 2013-cü ilin Korrupsiya qavranma indeksində əks olunan göstəricilər reallıqda mövcud olan daha uğurlu nəticələri tam əks etdirmir. Bunun səbəbi Transparensy İnternational təşkilatının istinad mənbələri olan bəzi təşkilatların qeyri- obyektiv siyasi baxışları, o cümlədən Freedom House kimi qurumların ölkəmizə münasibətdə ikili standartlara yol verməsi olmuşdur. Lakin belə qurumların qeyri-obyektiv münasibəti belə ölkəmizə münasibətdə müsbət nəticələrə ciddi təsir göstərə bilməmişdir. Eyni zamanda vurğulanmalıdır ki, digər qurumlar məsələn Dünya İqtisadi Forumunun 2012-2013-cü illər üçün olan Rəqabətlilik İndeksində Azərbaycan xeyli irəliləyərək 46-cı sıraya yüksəlib.

Ümumiyyətlə, hər bir ölkənin iqtisadi inkişafı dünyanın nüfuzlu beynəlxalq təşkilatları tərəfindən təhlil olunur və obyektiv faktlara əsasanan bu təhlillər sübut edir ki, Azərbaycan iqtisadiyyatı yüksələn xətlə inkişaf edir. Məsələn, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabətliliyinə görə 39-cu yerdədir. Dünya Bankının və Beynəlxalq maliyyə korporasiyasının elan etdiyi “Doing Business 201” hesabatında ölkəmiz 185 ölkə arasında 67-ci yeri tutaraq 118 ölkəni qabaqlayıb.

Əldə edilmiş nailiyyətlərin əsası kimi beynəlxalq mexanizmlərin uğurlu tətbiqi, mötəbər beynəlxalq qurumlarla əməkdaşlıq xüsusi qeyd edilməlidir. Azərbaycan Respublikası beynəlxalq konvensiyaların tətbiqini tam şəkildə təmin etmək məqsədilə Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında ” Konvensiyasının 5, 6, 10, 12-ci maddələrinə dair Azərbaycan Respublikası tərəfindən edilmiş qeyd–şərtlərin ləğvi və Konvensiyanın Əlavə Protokoluna Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində tətbiq edilməyəcəyi barədə bəyanatla qoşulması ilə əlaqədar Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Ölkə Başçısı tərəfindən 2012-ci ilin 29 iyun tarixdə Azərbaycan Respublikasının “Beynəlxalq Antikorrupsiya Akademiyasının beynəlxalq təşkilat qismində təsis edilməsi haqqında Sazişə qoşulması barədə Azərbaycan Respublikasının Qanununu imzalaması bu beynəlxalq təşkilatla əməkdaşlığın inkişaf etdirilməsinə mühüm töhfə vermişdir. BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı mübarizə ofisi ilə birgə BMT-nin “Korrupsiya əleyhinə” Konvensiyanın implementasiyası istiqamətində uğurlu əməkdaşlığa başlanılmışdır. Artıq beynəlxalq təşkilatlar tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumun Azərbaycan modeli müsbət qəbul edilməklə bir nümunə kimi təqdim olunur. 23-25 sentyabr 2013-cü il tarixdə Paris şəhərində İqtisadi əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının 12-ci Monitorinq Görüşü və Rəhbər Qrupun 15-ci İclasında Azərbaycan Respublikası Şəbəkənin 3-cü raund dəyərləndirilməsindəsini müvəffəqiyyətlə keçən ilk ölkə olub.

Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Açıq Hökumətin təşviq edilməsi və korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planlarının icrası ölkəmizdə dövlət orqanlarının şəffaflıq, açıq hökumət prinsipləri əsasında idarə edilməsini və korrupsiyanı istisna edən idarəçilik mühitinin yaradılmasını təmin edir. Bunların sırasına elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və elektron hökumətin inkişaf etdirilməsi tədbirləri də daxildir.

Vətəndaşlara xidmət və sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tərkibində “Asan xidmət” Mərkəzlərinin yaradılması mühüm antikorrupsiya tədbirlərindən biridir. Bu mərkəzləri vətəndaşlara qısa müddət ərzində vahid məkandan keyfiyyətli, rahat, heç bir korrupsiya və ya digər neqativ hallar olmadan dövlət xidmətlərini göstərir.

Korrupsiya hüquqpozmaları barədə müraciətlərin təxirəsalınmadan çatdırılması və operativ baxılmasının təmin ediılməsi məqsədilə yaradılmış, prokurorluq orqanları ilə vətəndaşların qarşılıqlı ünsiyyətinin asan və səmərəli forması olan “161” nömrəli “Qaynar xətt ” əlaqə mərkəzinin fəaliyyəti daha da təkmilləşdirilmiş, eyni zamanda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə əməliyyat axtarış səlahiyyətlərinin verilməsindən sonra latent xarakterli korrupsiya cinayətlərinin aşkar edilməsi istiqamətində tədbirlər daha da gücləndirilib.

Cari ilin noyabr ayının 22-23-də Panamada keçirilmiş BMT–nin Korrupsiya əleyhinə Konvensiyasının Konfransının 5-ci sessiyasında qəbul edilmiş tərəqqi hesabatında Azərbaycan Respublikası qarşılıqlı hüquqi yardımın həyata keçirilməsini müvəffəqiyyətlə təmin edən 8 ölkə sırasında xüsusi vurğulanıb.

-Cənab Baş prokuror, ölkəmizdə korrupsiyaya qarşı mübarizənin gələcək perspektivlərini necə qiymətləndirirsiniz?

-Ölkə Başçısı cənab İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli Sərəncamları ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət planı” və “Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı” ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha sistemli, genişmiqyaslı və səmərəli həyata keçirilməsinin təmin edilməsi, əhalinin sosial rifahının yüksəldilməsinə yönəldilmiş, dövlət orqanları ilə ictimaiyyətin səylərini birləşdirən mühüm konseptual sənədlərdir. Bu sənədlərdən irəli gələn vəzifələrin icrası üçün dövlət orqanları ilə vətəndaşlar arasında münasibətlərin səmərəliliyinin artırılması, korrupsiya və süründürməçiliyin qarşısının alınması məqsədilə elektron xidmətlərin tətbiqi dairəsinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Elektron xidmətlər korrupsiyanın, məmur özbaşınalığının, süründürməçilik hallarının qarşısını alınması, şəffaflığın, hesabatlılığın, operativliyin, səmərəliliyin təmin edilməsində mühüm vasitələrdən olmaqla çevik idarəçiliyin uğurlu formuludur.

Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planında prokurorluq orqanlarının üzərinə qoyulmuş vəzifələrin icrası ilə əlaqədar "İnformatorların (korrupsiya halları haqqında məlumat verən şəxslərin) müdafiəsi haqqında" qanun layihəsi, korrupsiya cinayətləri üzrə istintaq sövdələşməsinin cinayət-prosessual qanunvericiliyə daxil edilməsi, korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra vəzifəli şəxslərin toxunulmazlıq hüququnun məhdudlaşdırılması, korrupsiyaya qarşı mübarizədə əməliyyat-axtarış tədbirlərinin səmərəliliyinin artırılması, şahidlərin və cinayət təqibini həyata keçirən orqanlarla əməkdaşlıq edən şəxslərin müdafiəsinin təkmilləşdirilməsi üzrə təkliflər və bununla əlaqədar qanunvericiliyə dəyişiklik və əlavələr edilməsi barədə qanun layihələrinin hazırlanması istiqamətində işlər davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin yeni inzibati binasının açılış mərasimində, Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və Azərbaycan Respublikası Prezidentinin andiçmə mərasimində ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində hüquq mühafizə orqanları və cəmiyyət üçün bir sıra mühüm tapşırıqlar vermişdir. Cənab Prezident korrupsiyaya qarşı mübarizə istiqamətində möhkəm siyasi iradə olduğunu bir daha qeyd edərək həm inzibati, həm də qabaqlayıcı tədbirləri vacibliyini vurğulamış, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin daim öyrənilməsi və tətbiq olunmasının zəruriliyini qeyd etmiş, cəmiyyətin səyləri və dövlət siyasəti sayəsində korrupsiyaya qarşı daha ciddi mübarizə aparılacağını bəyan etmişdir. Dövlət Başçısı həmçinin bu sahədə mövcud bütün beynəlxalq qurumlar, cümlədən Beynəlxalq Antikorrupsiya Akademiyası ilə əməkdaşlığı müsbət qiymətləndirərək, daha mühüm nailiyyətlər əldə olunmasının vacibliyini bildirib. “Asan xidmət” mərkəzlərinin fəaliyyətinin genişləndirilərək bölgələrdə mütəmadi qaydada işləməsi, ən mütərəqqi təcrübənin tətbiqi, prioritet vəzifələr sırasında vurğulanıb. Profilaktik tədbirlər, maarifləndirmə, iqtisadi–maliyyə sektorunun şəffaflaşması prosesinin uğurla başa çatdırılması mühüm hədəflər kimi qeyd olunub.

Cənab prezidentin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə istiqamətində işlər eyni intensivliklə bundan sonra da daha qətiyyətli şəkildə davam etdiriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti