Ödənişli təhsilin ləğvi yenidən gündəmdə

Ödənişli təhsilin ləğvi yenidən gündəmdə
  20 Mart 2013    Oxunub:1700
Azərbaycanda dövlət ali təhsil müəssisələrində ödənişli təhsilin tam və ya qismən ləğv edilməsi təklif olunur.
Millət vəkili, Milli Məclisin Sosial Siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı bildirib ki, Azərbaycanın bu günə olan iqtisadi qüdrətini, imkanlarını nəzərə alaraq dövlət ali təhsil müəssisələrində ödənişli təhsili ləğv etmək olar və ya təhsil haqqını simvolik həddə qədər azaltmaq olar. .
Deputat bunun üçün kifayət qədər əsasların olduğunu vurğulayıb.

"Bəzi hallarda qiyməti aşağı olan tələbələr bir dəfə qəbul imtahanında qazandığı uğura görə bütün tədris dövrünü ödənişsiz təhsil alır, qiymətləri yaxşı və əla olan tələbələr isə ödənişli əsasda oxuyur. Bu da ədalətsizlikdir", - deputat qeyd edib.

İbrahimqızı digər səbəb kimi Azərbaycanda ali məktəbə ödənişli əsasla qəbul olunan şəxslərin sonradan xarici ali təhsil müəssisəsində ödənişsiz təhsil hüququ almasını göstərib. "Belə olan təqdirdə tələbələr təhsil almaq üçün xaricə üz tutur. Biz onlara Azərbaycanda təhsil almaq üçün şərait yaratmalıyıq",- deputat deyib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il dekabrın 29-da Vergi Məcəlləsinə düzəlişləri təsdiq edib. Məcəlləyə edilən dəyişikliyə görə, Azərbaycanın bütün ali təhsil müəssisələrində təhsil haqları ƏDV-dən (18%) azad edilib. Əvvəl bu bənd yalnız dövlət ali təhsil müəssisələrinə aid idi. (trend)



Teqlər:





Xəbər lenti