“Nazpəri heç vaxt İlhamə Quliyeva ola bilməz!”

“Nazpəri heç vaxt İlhamə Quliyeva ola bilməz!”
  23 Mart 2013    Oxunub:2959
İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərli Nazpəri Dostəliyeva ilə davam edən qalmaqalla bağlı növbəti açıqlama ilə çıxış edib.
AzVision.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, İlhamə Quliyeva ilə Nazpəri Dostəliyeva arasında yaranan soyuq münasibət, söz-söhbət əslində ikincinin gündəmdə qalmaq, artıq itirməkdə olan populyarlığını geri qaytarmaq cəhdindən başqa bir şey deyil.

“Hamı yaxşı bilir ki, İlhamə xanımla yaratdığı bu hay-küy yenidən gündəmə qayıtmaq istəyən Nazpəri Dostəliyeva üçün böyük piardır. O unudur ki, bu dəfə də uduzan özü olacaq. Çünki Nazpəri İlhamə Quliyeva kimi böyük sənətkarın bostanına daş atmaqla, ona getdikcə azalmaqda olan tamaşaçı marağını və məhəbbətini geri qaytarmaq iqtidarında deyil. Əksinə, bütün məqamlarda böyüklüyünü, əzəmətini qoruyub saxlamağı bacaran İlhamə Quliyevadan fərqli olaraq, əsl simasını göstərən Nazpəri Dostəliyeva barmaqla sayılacaq qədər olan pərəstişkarlarını da itirdi. Nazpəri Dostəliyeva həmişə İlhamə xanımın yanında oturmağı özünə şərəf bilib. Lakin İlhamə xanım ona bu imkanı heç vaxt yaratmayıb. Çünki sənətkarın gözü sərraf gözüdür.

O, həmişə yaxşı ilə pisi ayırd etməyi bacarıb. Dostəliyeva İlhamə xanıma elə bu səbəbdən acıqlıdır. İlhamə xanım Quliyevanın siyasi titulları ilə bağlı şər-böhtan xarakterli fikirlər irəli sürməklə ilk səhv addımı Nazpəri Dostəliyeva atıb. Sonradan əməlindən peşman olan Dostəliyeva bizə zəng edib, İlhamə xanımla barışmaq və danışmaq istədiyini bildirib. Bu barədə İlhamə xanıma məlumat verdikdə, “Nazpəri mənim ünvanıma şər və böhtan xarakterli sözlər söylədiyi üçün onunla danışmaq istəmirəm” dedi. Bu müddət ərzində Nazpəri Dostəliyeva telefon xəttində gözləyirdi ki, İlhamə xanım onunla danışsın.

Mənim xahişimdən sonra İlhamə xanım dəstəyi götürdü. Onlar telefonda bir-biri ilə danışdılar. İlhamə xanım bu sözləri dedi: “Nazpəri, bir halda ki, barışmaq istəyirsən, mən səni bağışlayıram. Ona görə ki, qarşıdan anamın anım günü, oğlumun toyu və bayramlar gəlir. Məhkəmədə də işi dayandıracağam. Səni anamın ruhuna bağışlayıram və Tükəzban xanımın anım gününə dəvət edirəm, orada söhbət edərik”. Dostəliyeva cavabında “Allah rəhmət eləsin! Böyük məmnuniyyətlə iştirak edəcəm” dedi. Bu söhbətə prodüser Tolik, vokal ifaçısı Ülvi Qılınc, aparıcı İlham Mirzəyev də şahid olublar. Yeri gəlmişkən, qeyd edim ki, Nazpəri İlhamə Quliyeva ilə aralarında olan telefon söhbətinin mətbuata çıxarılmamasını xahiş etmişdi. Prodüser Tolik bunu özünün “facebook” səhifəsində paylaşdıqdan sonra Nazpəri Dostəliyeva çox qəzəblənmişdi. Yuxarıda qeyd etdiyim kimi, Nazpəri bu söhbətin gizli qalmasını istəyirdi”, - deyə açıqlamada bildirilir.

Açıqlamada daha sonra qeyd olunur ki, Novruz bayramı ilə əlaqədar olaraq, İ. Quliyeva verilişlərdən birinə dəvət edilib: “Sənətkar barışıqla bağlı söhbətlərin olacağından xəbərsiz idi. Lakin verilişdə İlhamə Quliyeva ilə Nazpəri Dostəliyeva arasında münasibətlərdən, yəni onların barışıb-barışmamasından söhbət açıldı. İlhamə Quliyeva “Allah şeytana lənət eləsin, yəqin kimsə aramıza girib. O, yaxşı sənətkardır...” deyə fikrini bildirdi. Bundan sonra verilişin aparıcısı Nazpəri ilə telefon əlaqəsi yaratdı. Nazpəri telefonla danışıqda özünü elə apardı ki, guya onun bu barışıqdan xəbəri yoxdur. Bu bir daha təsdiq edir ki, Nazpəri Dostəliyeva İlhamə xanıma özü zəng edib, onunla barışmaq istəyib və bunu KİV-dən gizlədib. Səbəbi isə bizə məlum deyil. Bəlkə Nazpəri özünü sənət sahəsində yüksək tutmağa çalışdığı üçün bunu ictimaiyyətdən gizlədir, amma o bilməlidir ki, İlhamə Quliyeva bu sənətin zirvəsindədir, onun kraliçasıdır. Nazpəri heç vaxt İlhamə Quliyeva ola bilməz!”


Teqlər:





Xəbər lenti