AzVision: İki şayiənin anatomiyası - VİDEO

      AzVision:    İki şayiənin anatomiyası -    VİDEO
  04 Mart 2021    Oxunub:12944
AzVision proqramına həftədə iki dəfə Real TV efirində və onlayn baxa bilərsiniz. Çərşənbə günləri veriliş öz ənənəvi (animasiya personajlarının iştirakı ilə), şənbə günləri isə analitik formatında "AzVision: Həftənin real təhlili" adı ilə yayımlanır. Verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.
Bir halda ki, həftənin ortasındyıq, gəlin, çərşənbənin nöqtələrini də qoyaq. Sosial şəbəkə fəalı, influenser Demə Qoq ilə bu mövzuların üstündə çəkişəcəyik:

- İki əsas şayiə: Sərt Karantinin bərpası və müharibənin yenidən başlaması nə qədər realdır?
- Beynini uYutub baxanlar: Yutubdakı siyasi absurdun 10 ballıq şkalada 11 vurması niyə heç kimə qəribə gəlmir?
- Paşinyana Azərbaycandan dəstək: Radikalların ona qəfil rəğbətinin gerçək səbəbi nədir?
- İfritə... bağışlayın, ifrata varan feminizm və qadın hüquqları ilə qız hüquqlanın fərqi.




Bugünlərdə cəmiyyətdə iki aktual şayiə dolaşır: 1) Yenidən sərt karantin elan olunacaq və 2) Qarabağda müharibə təzədən başlayacaq. Təbii, ikisi də kifayət qədər ciddi məsələdir, ona görə də, gəlin elə buradan başlayaq.

1. İki virus əl-ələ

Neçə vaxtdır ki, Azərbaycanda koronovirusa yoluxmanın dinamikasında stabil istiqamət yox idi. Yoluxmalar gah artır, gah azalır, gah sağalan yoluxandan çox olur, gah əksinə... Amma son bir həftə-on gündə sabitlik yaranıb və... yoluxma halları yenidən sabit şəkildə artmağa başlayıb.
Əgər bir həftə əvvələ qədər gündəlik yoluxma sayı haradasa 100-200 arasında dəyişirdisə, indi yenidən 300-ün üzərinə qalxıb. Üstəlik, peyvəndlənmə göstəricisi hələ ki, yeni sıçrayışlı artımı istisna etməyə imkan verəcək səviyyədən çox aşağıdadır. Azərbaycanda təxminən 300 mindən bir qədər artıq şəxsə vaksin vurulub. Halbuki, məsələn, İsraildə artıq əhalinin az qala yarısı peyvəndlənib. Bizdə həm bu faizin aşağı olması, həm yoluxmaların son günlər artmağa başlaması, həm də ən əsası, qarşıda bayramların gəlməsi, görünür, bəzilərini yeni qapanma ilə bağlı proqnozlar verməyə sövq edib. Çünki bu dinamika ilə sərbəst bayram tətilinə girsək, vəziyyət bir qədər nəzarətdən çıxa da bilər. Proqnoz vermək isə maraqlıdır axı: Əgər dediyin tutsa, ən azı bir il “mən demişdim axı...” girişi ilə özündən danışmaq üçün mövzu olacaq.

Demə Qoq:
- Mənə maraqlı gələn həm də bilirsən, nədir? Bu qış heç adi qripə yolxan adam görmədik e. Amma bir həftədir, qrip təzədən yayılmağa başlayıb. Özü də sürətlə!

Elə həmin məsələdir. İnsanların sosial təmasları sıxlaşır, məsafə azalır, maska nominallaşır. Biz karantin qaydalarını ciddi şəkildə gözləyəndə, COVİD-ə yoluxma zəncirini qırmağa çalışanda istər-istəməz mövsümi qripin də qarşısını kəsmişik. Amma indi COVİD-ə qarşı boşluqlar buraxdıqca, qripin də yolunu açırıq. Heç olmasa daha iki ay dekabr-yanvar aylarındakı rejimi qoruya bilsək, hər iki virusla mübarizədə böyük xallar qazanmaq mümkündür.

2. Beynimizi kim uYUTUB?

İkinci şayiə - müharibənin yenidən başlayacağı,- bir qədər daha qəliz mövzudur. Mənim müşahidələrimə görə, bu şayiənin əsas mənbəyi youtube kanallarıdır. Gəlin, mövzunun özünə keçməzdən qabaq əvvəlcə bu istiqamətdə balaca bir haşiyəyə çıxaq.
Cəmiyyətdə saytlara qarşı belə bir ictimai qınaq var ki, hay-küylü, gurultulu, yazının məzmunu ilə düz gəlməyən yalan başlıqlarla oxucu toplamağa çalışırlar. Mən bu iradlarla razıyam, düşünürəm ki, ciddi və peşəkar jurnalist özünü xəbər alverçisi kimi aparıb, mətahını oxucuya sırımaq üçün aldadıcı fəndlərdən istifadə etməməlidir.
Amma eyni zamanda, youtube kanallarında ən yolverilməz formada hay-küylü, çığıran, bağıran, kişnəyən, şıllaq atan, üstəlik də ictimai təhlükəli mesajlar daşıyan başlıqlarla yayımlanan videolar nədənsə, nəinki heç bir qınaq doğurmur, hətta həvəslə baxılır da. İnanlar da az olmur. Bəs hanı bizim ciddiyyət sevgimiz, anti-saxta-sensasion-qurama-qalmaqal mahiyyətimiz?
Belə çıxır ki, əgər saxta sensasiya cəhdi hansı sosial məsələ ilə bağlıdırsa, qınanmalıdır, yox, əgər hakimiyyətlə bağlıdırsa, onda standartlar dəyişir və biz absurd fikirlərə inanmağa başlayırıq?
“Youtube”da Azərbaycanda gedən siyasi-ictimai proseslər, dövlət idarəçiliyi, Qarabağın ətrafındakı hadisələr və digər belə son dərəcə ciddi mövzularla bağlı elə fikirlərin səsləndiyi videolar var ki, adamın əli üzündə qalır. Məsuliyyət göstəricisi sıfırın altında, parlaq və maraqlı görünmək imkanlarından vicdansızcasına sui-istifadə maksimumun üstündə. Youtube-da siyasi kontentə baxanda belə çıxır ki, Azərbaycanda ümumiyyətlə, dövlət yoxdur, bir klanların mübarizə apardığı, traybalizmin hökm sürdüyü hansısa banan ölkəsində yaşayırıq, küçəyə çıxanda belinə əncir yarpaqları bağlayıb, əlində nizə tutan aborigenlərlə rastlaşmaq ehtimalımız da xeyli yüksəkdir.

Demə Qoq:
- İnsanları qınamalı deyil. Onlar alternativ fikir eşitmək istəyirlər. Televiziyaların hamısı eyni fikri deyirlərsə, bu da insanlara maraqlı deyilsə, alternativ fikir isə youtube-dadırsa, demək, ora da baxacaqlar. Hər şey çox sadədir.

Məncə, bu qədər sadə deyil. Tutaq ki, biri məsələn, çörək yemək istəmir və ona alternativ qida axtarır. Gedib otlayacaqmı?! Axı prinsipcə bu da alternativ variantdır. Yəni “alternativ fikir” axtarmaq adı ilə gedib beynini zibillə doldurmaq – bu, nə dərəcədə düzgün tamaşaçı mövqeyidir? Televiziyada deyilən sənin xoşuna gəlmir – tamam, başa düşdük, bu, o deməkdirmi ki, gedib, sadəcə maraqlı görünür və sənin xoşuna gəlir deyə, beyninin informasiya fırıldaqçılarının ayağında futbol topuna çevrilməsinə imkan verməlisən?

Demə Qoq:
- “Bununla mübarizə aparmaq lazımdır” demək istəyirsənsə, özünü yorma, mümkün deyil...

Tam əksinə, məncə, sosial şəbəkələrlə heç bir mübarizə aparmaq lazım deyil, əksinə onlara marginal informasiya mənbəyi kimi yanaşıb, elə də qəbul etmək gərəkdir. Hər kəs bilməlidir ki, orada istənilən fikir səslənə bilər, kifayət qədər maraqlı da görünə bilər, amma bunlar yetkin olmayan tamaşaçılar üçündür. Ucuz, amma maraqlı söhbətlər istəyirsənsə, buyur, hippokampın dolana qədər bax. Tində, hində, çayxanada, “pub”da maraqlı, amma boş söhbətlər üçün materiallar oradadır. Yetkin tamaşaçılarla isə söhbətimizə davam edirik.

3. Müharibə ehtimalı: İmkan və gerçəklik

Beləliklə, “müharibə başlayacaq” söhbətlərinin əsas mənbələrindən biri youtube-dakı ucuz sensasiya axıntılarıdır. Hərçənd, burada məsələnin başqa tərəfi də var. Geniş mənada müharibə əlbəttə ki, ola bilər. Əgər 10 noyabr razılaşmasının şərtləri pozularsa, Ermənistan Azərbaycan torpaqlarına yeni təcavüz, revanşa cəhd göstərərsə, müharibəni heç kim istisna etmir. Bu şərtlər indi varmı? Rüşeym halında bəli, var. Demək, müharibə ehtimalı da rüşeym halında var. Məsələn, bu həftə Qarabağ ermənilərinin “parlament” adlanan məzəli təşkilatı Azərbaycanın azad etdiyi ərazilərə “işğal olunmuş” statusu verdi.
Halbuki, onlara verilən vaxt belə işlər üçün nəzərdə tutulmayıb. Rusiya sülhməramlılarının burada olduqları müddət onun üçündür ki, iki xalq düşmənçilik, müharibədən sonrakı yaraların sağalması mərhələsini qansız-qadasız adlayıb, dinc birgəyaşayışa hazırlaşsın. Amma təbii ki, Qarabağdakı ermənilərin hazırda seçdikləri yollar sülhə aparmır. Onlar Rusiya sülhməramlı missiyasının anlamını tamamilə yanlış başa düşürlər. Obrazlı desək, bu missiya iki sürtünən səthin arasındakı yağ funksiyasını həyata keçirir ki, temperatur çox yüksəlməsin. Ermənilər bu şansdan istifadə edib, azərbaycanlılara normal qonşu xalq münasibəti formalaşdırmalıdırlar. Vaxt gedir. Olmayacaqsa, bəli, yeni müharibə gec-tez qaçılmaz olacaq. Amma bunu indinin siyasi reallıq kimi şərh etmək - açıq-aşkar spekulyasiyadır.

4. Kimin mitinqi döyər?

Hazırda Ermənistanda iqtidarla müxalifətin arasında “kimin mitinqi döyər” yarışı gedir. Hər iki tərəf sübut etməyə çalışır ki, məhz onun mitinqi daha kütləvidir, demək, xalq onun tərəfindədir və demək, onun dediyi olmalıdır. Dron çəkilişləri, müxtəlif rakursların müqayisəsi, hesablamalar... – mitinq mövzusunu riyaziyyat məsələsinə döndəriblər. Paşinyanın özü bir həftədə iki dəfə mitinq keçirib. İkinci mitinqi martın 1-nə - 2008-ci ildə baş verən faciənin ildönümü gününə təyin etmişdi.
Yada salaq: 2008-ci ilin martın 1-də Levon Ter-Petrosyanın başçılığı ilə keçirilən mitinqləri Koçaryan hökuməti zor tətbiq edərək dağırtmış, toqquşmalar nəticəsində biri polis olmaqla 10 nəfər ölmüş, sonrakı günlərdə 100 nəfər həbs edilmişdi. O vaxt müxalifətin liderlərindən olan Nikol Paşinyan əvvəlcə gizlənsə də, sonra ortaya çıxıb, iki il həbsxanada yatmışdı. Hazırda da Koçaryan rəsmən 1 mart qırğınına görə istintaq altındadır.
Dolayısı ilə, martın 1-də mitinqə çıxanlar həm də 13 il əvvəl ölənlərin xatirəsini yad etməyə gələcəkdilər. Eyni zamanda, inzibati resurslardan da istifadə edilmişdi. Buna baxmayaraq, Paşinyanın mitinqi müxalifətindən daha zəif alınıb. Məhz “İsgəndər” söhbətindən sonra Paşinyan bu parametrə görə müxalifətə uduzur. Baxmayaraq ki, o, dediyini dəbbələyərək, geri addım atdı və bilirdi ki, “İsgəndər”lə bağlı ona səhv məlumat veriblər. Kim verib? Hökumət başçısını belə ciddi və həssas məsələdə aldatmaq bu qədərmi asandır?! Gəlin, özündən soruşaq.

5. Paşinyana Azərbaycandan dəstək

Bunu bir nəfər, iki nəfər, 3 nəfər, 4 nəfər etdəydi, deyərdik ki, təsadüfdür. Amma İrəvanda mitinq keçiriləndə Azərbaycanın radikal müxalfəti hamısı bir nəfər kimi, sanki komanda verilibmiş sayaq, Paşinyana dəstək statusları yazmışdılar. Bir-bir sitat gətirmək istəmirəm, amma ümumi məzmun və mahiyyət belə idi ki, Paşinyan heç nəyə baxmayaraq, Rusiyaya, Putinə qarşı dirənir, xalqı da onun yanındadır, o, Ermənistanı Rusiyanın təsirindən xilas etməyə və Qərbə yönəltməyə çalışan bir az qala qəhrəmandır.

Doğrudan, qəribədir. “Paşinyan Rusiyaya qarşı dirənir” nə deməkdir? Rusiya Koçaryanı ona əks fiqur kimi irəli sürəndə Paşinyan Moskva ilə danışıqlar apardı və ona təkrar seçkidən vaz keçməyə icazə verdilər. “İsgəndər” quşunu uçurandan sonra ölkədə böhran yarananda ilk növbədə gedib Putinə zəng vurdu və sözlərini geri götürür. Bu, “Rusiyaya qarşı dirənmək”dirsə, onda Kremlin qılıncının altından keçmək necə olur ki?! Yəni Paşinyanın Rusiyaya qarşı heç bir dirənişindən söhbət gedə bilməz, fəqət maraqlısı budur ki, Azərbaycan müxalifəti niyə bunu iddia edir? Birincisi, çox təəssüf ki, daxili siyasi məqsədlərlə. Amma bu məqsədlə kimdən-kimdən, Paşinyandan istifadə etmək çox miskin variant deyilmi?!
İkinci məqam daha maraqlıdır. Belə görünür ki, Paşinyanın Rusiyaya qarşı dirənməsi fikrini Ermənistan cəmiyyətinə çatdırmaq üçün kimsə onu dilə gətirməlidir. Amma kim? Ermənistan müxalifətinin özü Rusiyanın nəzarətindədir və bunu heç vaxt deməyəcək. Paşinyanın dəstəsi “Rusiyaya qarşı dirənc göstəririk” deyə bilməz. Belə çıxır ki, Paşinyanın Rusiyaya qarşı mübarizə apardığını kiməsə dedirtmək lazımdırsa, həmin o kimsə Azərbaycan müxalifətidir. Amma o zaman bunu dedirdən kimdir?
Heç kimi barmaqla göstərmək istəmirik, amma bu məqam mütləq yadda saxlanmalı və Azərbaycan müxalifətinin xaricdən necə idarə olunmasına dair arqumentlərin siyahısında gözəgəlimli bir yerə yazılmalıdır.

6. Feminizmlə övrətizmin fərqi

“Aqressiv feministlər”mi deyək, qadın hüquqları uğrunda ifritə... ifrata varanlarmı deyək, bilmirəm, adlarını nə qoysaq yaxşıdır, bəyan etdilər ki, martın 8-də şəhərin mərkəzində qadın hüquqları ilə bağlı yürüş keçirmək istəyirlər. Xüsusi karantin rejiminin davam etdiyini nəzərə alsaq, bu, elə indidən qanunları pozmaqdır. Güman ki, onların istədiyi də zatən budur. Əvvəlki cəhdi bədən əzalarına ifrat azadlıq tələblərilə yadda qalan bu ultraövrətizm hərəkatının niyyəti öz yerində, amma Azərbayanda qadın azadlığı probleminə düzgün məntiqi vurğularla yanaşmağın vaxtı da çoxdan yetişib.
Azərbaycanda qadınlara qarşı baş verən ailədaxili zorakılıq halların mahiyyəti ailə modelinin keçid dövründə olmasının yaratdığı düşüncə ziddiyyətlərindən doğur. Yəni bir tərəfdən ənənəvi patriarxal ailə münasibətləri onsuz da yavaş-yavaş öz mövqelərini təhvil verir. Digər tərəfdən, qadın, daha doğrusu, qızların təfəkkürü bundan qat-qat sürətlə dəyişir, yaxud, daha dəqiqi, dəyişdirilir. Cəmiyyətin orta vəziyyətini götürsək, bu gün Azərbaycanda cəmi 10-15 il əvvəlki patriarxal ailə modeli yoxdur. Daha 15 il sonra bugünkü ailə münasibətləri də yəqin, köhnəlmiş mühafizəkarlıq təsiri bağışlayacaq. Amma bu prosesin süni şəkildə sürətləndirilməyə çalışılması sonda qadınlara, daha doğrusu qızlara qarşı ailədaxili zorakılıq hallarının çoxalması ilə nəticələnir.
Qəribə səslənə bilər, amma Azərbaycanda qadın hüquqlarının pozulması ilə qız hüquqlarının pozulmasını bir-birindən ayrımaq lazımdır. Qadın hüquqlarının pozulması o deməkdir ki, qadınların təhsil almaq, işləmək, karyera qurmaq, vəzifələr tutmaq və sair və ilaxır haqları məhdudlaşdırılsın. Bizdəki problemin mahiyyəti bu deyil. Əksər hallarda konfliktlər qadın ilə cəmiyyətin və ya dövlətin, hətta ərlə arvadın yox, ata ilə qızın arasında yaşanır. Çünki onların inandığı dəyərlər bir-birindən o qədər uzaqlaşıblar ki, toqquşmaları çox ağrılı olur. Hazırda faciələri azaltmaq üçün o iki tərəfin dəyərlərini bir-birinə yaxınlaşdırmağa ehtiyac var. Amma radikal feministlər əksinə, onların arasındakı uçurumu daha da böyüdürlər. Bu məqamda Azərbaycanda feminizm övrətizmə çevrilir. Yəni dünənə qədərki Anaxanım forma və məzmunca elə həmin Anaxanım qalır, fəqət elan edir ki, o indi Anna xanımdır və buna uyğun yaşayacaq. Feminizm Anaxanımın ətrafındakı mühitin məzmun və mahiyyətcə dəyişib, onu yeni bir qadın tipinə çevirməsi uğrunda çalışmalıdır. Amma bizdəki övrətizm məsələyə ayrı cür yanaşır. Onlar elə köhnə patriarxal mühitdə zorla "qadın güclüdür, nə istəsə eləyər!" nidasını kişilərin gözlərinə soxmaqla fərqli düşüncəli qadın fərdləri yaratmağa can atırlar ki, bu da sosial münasibətləri gərginləşdirir. İndiki mərhələdə tam əksinə, Azərbaycanda ailə modelinin keçidi dövrünü daha ağrısız edə biləcək mülayim feminizmə ehtiyac var. Bunu başa düşsələr, bəlkə feministlər toplum üçün həqiqətən faydalı da ola bilərdilər.
Buünlük bu qədər. Cəmiyyətimizdə baş verən hadisələrin axarını izləmək, mahiyyətinə varmağa çalışmaq və hər bir halda möhkəm olmaq lazımdır. Möhkəm olun!



Teqlər: AzVision   Real-TV  





Xəbər lenti