AzVision: Erməni oyunlarından Bill Qeytsin "yaşıl atom"una qədər gündəm - VİDEO

    AzVision:    Erməni oyunlarından Bill Qeytsin "yaşıl atom"una qədər gündəm -    VİDEO
  11 Mart 2021    Oxunub:16960
AzVision proqramına həftədə iki dəfə Real TV efirində və onlayn baxa bilərsiniz. Çərşənbə günləri veriliş öz ənənəvi (animasiya personajlarının iştirakı ilə), şənbə günləri isə analitik formatında "AzVision: Həftənin real təhlili" adı ilə yayımlanır. Verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.
Həftənin ortasına yetişdik, deməli, çərşənbənin nöqtələrini qoymaq vaxtıdır. Sosial şəbəkə fəalı, influenser Demə Qoq ilə mehriban düşmənçilik şəraitində bu sualların üzərində gəzişəcəyik:
- Casusluq uşaq oyunu. UNİCEF-in Ermənistan təmsilçisi Azərbaycana hansı məxfi məlumatları ötürə bilərdi?
- Çevrilən çevriliş. Ermənistanda niyə hakimiyyəti nə devirə, nə də devirməyə bilirlər?
- Duzlu energetika. Bill Qeyts energetikada inqilab etməyi bacaracaqmı?




1. Casusluq uşaq oyunu

Bu həftə Ermənistan hökuməti UNICEF-in nümayəndəsi Marin Clark-Hattingi Britaniyanın və Azərbaycanın xeyrinə casusluqda ittiham edərək, ölkədən çıxardı. Düzdür, müxtəlif beynəlxalq təşkilatların əməkdaşları arasında casusların olması yenilik deyil, amma adətən bu zaman söhbət yerli partiyalarla, siyasi hərəkatlarla, QHT-lərlə, aktivistlərlə, media ilə... influenserlərlə işləyən təşkilatlardan gedir. Bu hadisənin isə qəribəliyini artıran odur ki, UNİCEF – BMT-nin nəzdində uşaq fondududur. Onun missiyası müxtəlif ölkələrdə uşaqların rifahı, sağlamlığı, inkişafı, təhsili istiqamətində problemlərin həllinə kömək göstərməkdir. UNİCEF-in yerli şöbələrinin xarici kəşfiyyatları maraqlandıracaq hansısa gizli informasiyalara çıxışının olduğunu təsəvvür eləmək kifayət qədər çətindir. Erməni uşaqlarının problemlərində Azərbaycanı və Britaniyanı maraqlandıran hansı gizli məlumatlar ola bilər? O da maraqlıdır ki, Azərbaycan və Britaniya kəşfiyyatları nə vaxtdan Ermənistanda birgə əməliyyat keçirir və ikili agentlə işləyirlər?!
Erməni tərəf xanım Klark-Hattinqin casusluq fəaliyyətilə bağlı heç bir fakt, sübut, dəlil təqdim etməyib. Yerli media diqqəti belə bir məqamın üzərində cəmləşdirir ki, o, İrəvana keçən ilin iyulunda, yəni müharibənin başlamasına iki ay qalmış Londondan gəlib. Amma sadəcə buna görə kimdənsə şübhələnmək üçün paranoik olmalısan. Daha əvvəl isə UNİCEF-in Malayziya ofisində işləyib. Ermənistanın baş prokurorluğu da bəyan etdi ki, Mari Klark-Hattinqlə bağlı heç bir cinayət işi açılmayıb.
Bəli, situasiya həqiqətən də absurda yaxındır, amma səbəb də hər halda, olmalıdır. Ermənilərin hikkəliyini və qisascılığını nəzərə alanda, mən belə bir variantı istisna etmirəm: Düz bir ay əvvəl UNICEF ilə “Qırmızı Xaç”ın Azərbaycan nümayəndəliklərinin rəhbərləri təhsil naziri ilə birlikdə Gəncədə və Tərtərdə ermənilərin dağırtdıqları məktəblərə getmiş və təbii ki, bu zaman erməni təcavüzünü pisləyən fikirlər səsləndirmişdilər. Və bundan heç bir ay keçməmiş UNİCEF-in Ermənistandakı nümayəndəliyinin rəhbəri casusluqda ittiham edilərək, ölkədən qovulursa, düşünməyə dəyər. İstisna deyil ki, bununla Ermənistan beynəlxalq təşkilatlara özünün qisascıl və kinli xarakterini göstərməyə çalışır. Və bir növ xəbərdarlıq edir ki, əgər onlar 44 günlük müharibə ilə bağlı Azərbaycanın mövqeyindən çıxış edən fikirlər səsləndirsələr, onda bu cür cavablar ala bilərlər. Belədirsə, onda bu düşüncə Ermənistanı gec-tez gətirib, öz qabı ilə problem yaşayan tünd sirkənin vəziyyətinə salacaq.

2. Molla ilə “şeytan”ın arasında

Həftənin əvvəlində Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-ın dövlət katibi Entoni Blinken ilə telefon danışığı da maraqlı hadisə idi. Çünki həm Ermənistandakı mitinqlərin fonunda Paşinyanın ölkəni Rusiyanın caynağından qoparıb, Qərbə tərəf yönəltmək istəyən, Putinə qarşı dirəniş göstərən obrazı yaradılır, həm də Paşinyan Blinken ilə ölkədə demokratiyanın durumunu müzakirə edirsə, bu, obrazın gücləndirilməsi deməkdir. Belə məqamda belə zəng obrazlı desək, ABŞ-ın əlini Paşinyanın çiyninə qoyması və Rusiyanın Ermənistanda apardığı oyuna qarışması anlamına gəlir. Rusiyanın təsirində olan generalitet Paşinyana qarşı qalxanda Vaşinqtonun “ordu siyasətə qarışmamalıdır” deməsi də ondan xəbər verirdi ki, artıq Ermənistanda Rusiya-Amerika qarşıdurması açıq müstəviyə keçir. Azərbaycanın xaricdən idarə olunan müxalifətinin xorla Paşinyana Rusiya əleyhinə dəstək verməsi də təsadüfi deyildi.
Amma o da maraqlıdır ki, elə eyni gündə - martın 6-da Ermənistanın xarici işlər naziri Ara Ayvazyan da iranlı həmkarı Məhəmməd Cavab Zəriflə danışıb. Rəsmi məlumata görə, onlar regionda sabitlik və təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Bir gündə həm Amerikanın, həm də onunla xeyli kəskin münasibətdə olan İranın xarici siyasətinə rəhbərlik edən şəxslərlə danışmaq hansı anlama gələ bilər?
Vüsal Məmmədov Report Media Məktəbində: “Tanınmış imza özü bir iş yeridir”

Başqa bir faktı da əlavə edək: Bundan bir neçə gün əvvəl İranın “Pars Air” şirkətinin təyyarəsi Ermənistana enmişdi. Halbuki, bu şirkət ABŞ-ın sanksiyası altındadır.
Yəni belə bir mənzərə alınır ki, Rusiya Paşinyana öz şərtlərini diqtə etməyə, alınmasa, iqtidarı dəyişməyə çalışır, Paşinyan onun təzyiqlərini ABŞ-ın köməyilə neytrallaşdırmağa cəhd göstərir, amma bu zaman İran ilə vaz keçmək iqtidarında olmadığı əlaqələri yaratmaq istədiyi balansa ciddi əngəl törədir. Çox çətin və dolaşıq vəziyyətdir.

3. Yorucu oyunlar

Ötən həftə Azərbaycan prezidenti Ermənistandakı vəziyyəti çox dəqiq şəkildə belə təsvir etmişdi:
- Bunlar heç dövlət çevrilişi də edə bilmirlər. Gah bunu ediblər, gah etməyiblər, heç özləri də bilmirlər. İndi ordu hakimiyyətə tabe olmur. Prezident deyir ki, mən siyasətlə məşğul olmuram, məni bu işlərə qatmayın, qoyun sakit oturum. Belə də biabırçılıq olar?

Bu həftə həqiqətən hər şey belə də oldu. Ordu ilə siyasətin münasibətlərinin iki modeli var: ya nə baş verirsə-versin, ordu siyasətə müdaxilə etmir – məsələn, Amerikadakı kimi, ya da əksinə, siyasətə qarışaraq, hakimiyyəti formalaşdırır – tutalım, Misirdəki sayaq. Ermənistanda bu ikisinin arasında anlaşılmaz bir şey oldu. Ordu əvvəlcə siyasətə qarışdı, sonra genarelitet dedi ki, biz siyasətə qarışmırıq. Eyni şeyi prezident Armen Sərkisyan etdi: Əvvəlcə baş qərargah rəisinin işdən çıxarılmasına qarışdı, sonra isə heç bir münasibət bildirməyərək, faktiki yaxasını kənara çəkdi. Buna görə də müxalifətin lideri Vazgen Manukyan onu Ermənistanda yaşayan bahalı turist adılandırdı. Bu söz çox yerinə düşürdü: Ermənistan prezidenti həqiqətən özünü elə aparır ki, sanki, ölkəsində baş verənlərin ona heç bir dəxli yoxdur: “Uşaqlar, siz orada davanızı edin, qurtarada mənə xəbər verərsiniz”. Başqa vaxt bəlkə də prezidentin siyasi mübarizənin fövqündə durması anlaşılan, hətta yerinə düşən ola bilər, amma belə böhranlı dövrdə yox axı.
Bu münasibət bir daha onu göstərir ki, Ermənistanın taleyi ölkədə həll olunmur və məsələnin məğzini bilən adam kimi prezident sadəcə, oyunların qurtarmasını gözləyir.
Əslində hamı bu vəziyyətdədir.
Aksiyalar isə Paşinyanın istefası tələbilə bu həftə Baqramyan küçəsindən Dəmirçiyan küçəsinə - yəni parlamentin qabağına keçdi. Amma heç bir keyfiyyət dəyişikliyi müşahidə olunmur, bütün bunlar sanki rutinə, həyat tərzinə dönüb. Vazgen Manukyan son mitinqlərin birində maraqlı bir söz işlətmişdi:
- Biz çox səbrli xalqıq. İspaniyada bir musiqiçinin həbsinə görə yüz min insan küçəyə çıxdı. Maşınları yandırdı, üsyan etdi. Biz isə nə qədər ərazi itirmişik və özümüzü heç nə olmayıbmış kimi, çox sakit aparırıq.

Doğrudan da, heç nə Erməni cəmiyyətini tərpətmir. Bu həftə Paşinyanın övladları Aşot ilə Məryəmin pabda pivə qədəhi arxasında yayılan videosu da həmçinin. Erməni cəmiyyəti bütün qütblərə, qüvvələrə, düşərgələrə - hakimiyyətə də, müxalifətə də inamını itirib.
Qəribə bir vəziyyət yaranıb. 2008-ci ildə Paşinyan Koçaryanla mübarizə aparırdı. 2021-ci ildə yenə də Paşinyan Koçaryanla mübarizə aparır. Onda biri müxalifətdə idi, digəri hakimiyyətdə, indi yerlər dəyişib. Amma oyun dəyişməyib.
Hazırda Ermənistanda qüvvə yoxdur. Qüvvələr ölkədən kənardadırlar. Ermənistanda isə ancaq xeyli yorulmuş fiqurlar var. Di gəl ki, şou davam etməlidir.

4. “Feminizm”in ifşası

Başqa bir aksiya cəhdi isə bu həftə Azərbaycanda oldu: “feminist” adı ilə cəmiyyətə təqdim edilənlər əvvəlcədən polislə toqquşmaya hesablanmış qanunsuz yürüş keçirməyə çalışdılar.
Mənim yox. Belə deyirəm, çünki onlardan birinin - ən ağırçəkilisinin profili oğurlanaraq, yazışmaları yayıldı və məlum oldu ki, guya qadın ölümlərinə etiraz edən bu aktivistlərin əslində həmin məsələyə münasibətləri necədir. Bu, Azərbaycanda həmin guya feminist dəstənin nöqtəsi olmalıdır. Deməli, intihar həddinə çatan qızla bağlı bu psixoloq belə deyir: “1 seansın qiyməti 50 manatdır. Yəqin demisən özünə. Pulu yoxdursa, cəhənnəm olsun”.
Özünü öldürmək həddinə çatan qızın imkanının yaxşı olmadığını biləndə isə reaksiyası belə olur: “Pulsuz iş görmürəm, özün də bilirsən. Özünü öldürür – cəhənnəmə öldürürsün. Heç olmasa, yenə məşhurlaşarıq onun şotuna”.
İndən belə bunların guya qadın ölümlərinə etiraz etməsinə inanan olacaqmı?! Açıq-aşkar göründü ki, bu adamları qız ölümləri, qadın hüquqları qətiyyən maraqlandırmır. Məqsəd Azərbaycandakı ailə modelini dağırtmaqdır. “Qoy bizə qarşı olsun dövlət polis, ata, ər” - bu idi onların şüarı. Ata və ərin bədheybət obrazını yaradıb, dolayısı ilə qadınları ərinə, qızları atasına qarşı qoymaq. Bu dəstənin məqsədi hüququ pozulan qadın və qızları müdafiə etmək yox, Azərbaycanlı ailə başçısının obrazını ləkələmək və ailə modelini gözdən salmaqdır.
Ayrı-ayrı ailələrdə neqativ hallar olur və təəssüf ki, bu, qaçılmazdır. Amma Azərbaycanlı ailəsindəki əri və atanı ümumi formada əzazil, vəhşi göstərmək heç bir əndazəyə sığmır. Xanımların çoxu özləri bunu bilirlər. Buna görə saxta feminist hərəkatına etiraz edənlərin arasında qadınlar bəlkə kişilərdən də çoxdur.
Digər tərəfdən, Azərbaycanlı ailə modelinin əvəzində təklif olunan nədir? Nəyə görəsə ancaq seksual azadlıq. Hürr küçələr. Biz feminizmdənmi danışırıq, yoxsa seksual inqilabın hansısa əcaib milli formasındanmı?!
Mən səmimi olaraq inanıram ki, Azərbaycanlı ailə modeli bizim xalqın dəyərlərindən biridir. Onu dağırtmaq yox, qorumaq və inkişaf etdirmək lazımdır. Azərbaycan ailəsində hələ çox sözün əsl mənasında xanımlar yetişəcək.

5. Duzlu energetika

Bu həftə məşhur milyarder Bill Qeyts elan etdi ki, onun “Terrapower” şirkəti tezliklə yeni növ elektrik stansiyası yaradacaq.
Burada maraqlı olan nədir: Hazırda bütün dünya “yaşıl energetika” uğrunda yarışa çıxıb. Qarşıdakı illərdə yaşıl, yəni ekoloji enerjinin məhz nədən alınacağı həlledici məsələdir. Məsələn, Avropa hidrogenin üzərində işləyir. Biz keçən verilişlərimizin birində bu haqda ətraflı danışmışdıq. İndiki halı ilə atom energetikası qətiyyən “yaşıl energetika” sayılmır. Amma Bill Qeyts elan etdi ki, o, ABŞ-ın Energetika Nazirliyi və “Hitcahi” şirkətilə birlikdə atom energetikasını yaşıllaşdırmağı bacarıb. Bu, əgər alınsa, inqilabi texnologiya ola bilər.
Bill Qeytsin yaxın 5-10 ildə işə qurulması gözlənilən nüvə elektrik stansiyası balacadır, bütövlükdə yerin altında yerləşir, təhlükəsizdir, reaktor cəld neytronlarla işləyəcək, orada istilik daşıyıcısı kimi sudan yox, ərinmiş duzdan istifadə olunacaq. Buna görədə layihə “Natrium” adlanır. Cəld neytronlarla işləmək o deməkdir ki, yeni nəsil atom stansiyasının tullantıları çox az olacaq, utilizasiya problemi yaranmayacaq. Əlbəttə, ideyada yeniliklər çoxdur, onların hamısını sadalamaq mümkün deyil. Belə görünür ki, vaxtilə kompüter sahəsində inqilab etmiş Bill Qeyts indi də energetika sahəsində inqilab etməyə çox yaxındır. O, faktik olaraq atom energetikasını yaşıllaşdırmaqla, ikinci nəfəs verə və onu 21-ci əsrin əsas texnologiyasına çevirə bilər. Təhlükəsiz və yaşıl atom energetikası isə o deməkdir ki, yaxın gələcəkdə avtomobil sənayesində elektromobil inqilabı başa çatacaq, benzin mühərrikləri tarixə qovuşacaq.
Maraqlıdır ki, Azərbaycanın Nazirlər Kabineti hazırda elektrik mühərrikli avtomobillərin idxalını bütün gömrük rüsumlarından və vergilərdən azad olunması istiqamətində iş aparır. Demək, gələcəyi düzgün hesablaya bilirik.
Biz bütün bu prosesləri izləyərək, sizin üçün təhlil etməkdə davam edəcəyik. Siz də AzVisionu izləyin və hər zaman möhkəm olun.



Teqlər: AzVision   Real-TV  





Xəbər lenti