Deputat: “Ermənilər Qərbi Azərbaycana görə də təzminat ödəməlidir” - VİDEO

  Deputat:  “Ermənilər Qərbi Azərbaycana görə də təzminat ödəməlidir” - VİDEO
  02 Aprel 2021    Oxunub:7195
30 ildir köçkün həyatı yaşayan soydaşlarımız işğaldan azad olunmuş rayonlara qayıtmağa tələsirlər. O cümlədən, Qərbi Azərbaycan qaçqınları da azadlığa qovuşan ərazilərimizə köçmək istəklərini bildirirlər. Artıq 10 mindən çox ailə bununla bağlı müaciət edib. Bu da ən azı 100 min nəfər deməkdir.
Bunu Azvision.az-a müsahibəsində Milli Məclisin deputatı, Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli deyib.

Onun sözlərinə görə, ilk növbədə həmin müraciətlər işğaldan azad olunmuş torpaqları bərpa etmək məsuliyyətindən irəli gəlir: "Bu, həm də doğulub, boya-başa çatdıqları yerlərə bir addım daha yaxın olmaq istəyidir. Həm iqlim, həm də coğrafi cəhətdən onlara daha uyğun gəlir. Təbii ki, bu istəkdir. Ümumiyyətlə, köç məsələsini dövlət həll edəcək. Qərbi azərbaycanlılar da bu məsələdə öz töhvələrini vermək istəyirlər. Bu təqdirəlayiq addımdır. Müraciətlər əsasən Qərbi Azərbaycanın bütün bölgələrini əhatə edir. Çoxluq isə Zəngəzur, Dərələyəz və Göyçə ərazilərinə aiddir. Təbii ki, ilkin mərhələdə məcburi köçkünlərimiz öz dədə-baba yurdlarına qayıdacaqlar. Bu, onların haqqıdır. Daha sonra əgər məsləhət olarsa, Qərbi Azərbaycan qaçqınlarının da həmin ərazilərdə məskunlaşması məsələsinə baxıla bilər.

Nəzərə çatdırmaq lazımdır ki, Qərbi Azərbaycandan qaçqın düşmüş insanların böyük hissəsi qaçqınlıqdan əvvəl kənd təsərrüfatı ilə məşqul olublar, onlar kənd təsərrüfatının ən müxtəlif sahələrində ixtisaslaşmış insanlardır. Mən şübhə etmirəm ki, Qərbi Azərbaycan qaçqınları hansı ərazidə yaşasalar, qısa zaman ərzində həmin ərazilərdə çox böyük işlər görülə bilər, iqtisadi cəhətdən həmin ərazilər inkişaf etdirilə bilər".



Deputat xatırladıb ki, işğaldan azad olunan ərazilərdə bütün tarixi abidələrimiz, mədəni abidələrimiz tamamilə məhv edilib. İndi təsəvvür edin ki, 30 ildə bu cinayətləri törədən erməni, son 200 ildə Qərbi Azərbaycanda hansı cinayətləri törədib. Çox sevindirici haldır ki, işğaldan azad edilən torpaqlarımızdan sonra elmi ictimaiyyət üzünü həm də Qərbi Azərbaycana çevirib. Hər kəsə maraqlıdır ki, oradakı tariximizdən hansı izlər qalıb, hansı abidələrimiz məhv edilib. Müşahidələr göstərir ki, Qərbi Azərbaycanlıların min illər boyu yaratdığı mədəni irs orada da silinib, məscidlər və məzarlıqlar tamamilə dağıdılıb.

Təzminat məsələsinə gəlincə, deputat bildirib ki, ermənilər törətdikləri cinayətlərə görə cavab verməlidir:

"Təzminatı ermənilər işğal etdikləri əraziləri dağıdanda fikirləşməli idilər. Biz Kəlbəcərdən çıxmaq üçün ermənilərə möhlət verdik. Onlar isə əvəzində evləri yandırdılar. Ermənilər törətdikləri bütün cinayətlərin təzminatını ödəməlidir. Hətta onları Qərbi Azərbaycanla bağlı təzminat da gözləyir. Çünki oradan zorla didərgin salınan 300 min soydaşımızın əmlakları, evləri əllərindən alınıb.

Beynəlxalq qiymətləndirməyə əsasən, soydaşlarımıza dəymiş zərər hesablanıb, illərə vurulur. Bu gün Azəbaycanın hüququ var ki, həm Qarabağda, həm də Qərbi Azərbaycanda ermənilərin azərbaycanlılara vurduqları zərərin ödənilməsini tələb etsin. Beynəlxalq hüquqda bənzər təcrübələr var. Əgər ermənilər bu təzminatı ödəyə bilməyəcəksə, əvəzində torpaq, ərazi şəklində ödəsin".

Bəxtiyar Məmmədov
Video: Əhməd Xəlilov

Azvision.az


Teqlər: Deputat   Qərbi-Azərbaycan  





Xəbər lenti