İki qoz, banan və papaq...

İki qoz, banan və papaq...
  28 Mart 2013    Oxunub:2300
Emin Piri

Əvvəllər “Novruz” deyərkən ilk ağla gələn nə olurdu, deyə bilmərəm, amma indiki yeniyetmə və gənclərin yanında bu söz öncə papaq atmaq kimi yozulur - məhz papaq atmaq. Doğrudanmı, bəşəriyyətin min illərdir xüsusi qeyd etdiyi, bir il həvəslə gözlədiyi bu bayram elə papaqla yada düşməlidir?!
Bəli, biz papağımızı ayaq altına atmağı bayram kimi qeyd edirik, bunun həsrətilə yaşayır və sonda bununla fəxr edirik. Tarixə ekskursiya edərək sizi yormaq istəməzdim. Qısa xatırlatma kifayət edər. Sovet dönəmindən öncə bayram günlərində papaq yerinə evin bacasından çuval sallayırdılar. Bacanısa göyə - Tanrıya açılan bir “ yol” kimi qeyd etsək bu çuval sallamanın Tanrı xatirinə istənilən hədiyyə və təbrikləşmə olduğunu yoza bilərik.

Kommunizmin “Allahsızlıq” dövründə isə tanrıya açılan “yol” - baca məhz qapıyla əvəzləndi. Yəni göydən yerə enmək - bacadan qapıya keçmək.

Düşünürəm ki, bütün bunlarda metafizik qat var. Ola bilsin, adi gözlə görmədiyimiz, ağlımıza gəlməyən, şüuraltı qatlarda yatan nəsnələr və simvollardır.

Arada düşünürəm nə vaxtdan papaq atmağa belə meyilli və həvəskar olduq?- Məhz Qarabağın işğalından sonra Novruzda papaq atmaq daha çox dəbə mindi. Daha bir simvolik nəsnə.

Bəli, mentalitet söhbətini sevməsəm də, yenə el deyimi ilə qeyrət rəmzi olan, başımızda göz bəbəyi kimi gəzdirdiyimiz papağı hansı vicdana, əqidəyə, namusa sahib olduğu bilinməyən birinin ayağı altına atırıq. İki qoza görə dəyərmi?!

Bilmirəm, bəlkə də imkanlı biri olacaq və o qozların yanında əlavə nəsə də qoyacaq. Ola bilsin, bir banan da əlavə olsun...

Bunları həyata keçirmək üçün “ çeçenka” deyilən papaqdan daha çox istifadə olunur. Yeniyetməliyimdən başalayaraq nədənsə o papağı görəndə yadıma ayaq altına atılan bir zad düşür. Elə bu səbəbdən həmin papaqlara qarşı artıq məndə bir allergiya yaranmışdı.

Məhz o zamandan həmin papaqlardan imtina edərək şlyapaya keçdim. Qorxuram ki, bundan sonra bizdə şlayapa atmaq vərdişi yaransın. Axı üzü Avropaya gedirik...
Papağınızı atmayın, geyinin!
Yeni iliniz mübarək!


Teqlər:  





Xəbər lenti