Berlinə qədər döyüşən 97 yaşlı veteran: “Vətən şirindir” - VİDEO+FOTOLAR

  Berlinə qədər döyüşən 97 yaşlı veteran:  “Vətən şirindir” -  VİDEO+FOTOLAR
  09 May 2021    Oxunub:26535
“Qələbə qazandığımızı eşidəndə bir-birimizi qucaqlayıb öpdük, ağlayaraq səmaya atəş açdıq”.
Müsahibimiz İkinci Dünya Müharibəsinin iştirakçısı olmuş 97 yaşlı Bağır Məlikovdur. Faşizm üzərində qələbədə böyük payı olan Bağır Məlikov 17 yaşında döyüşə yollanıb. Stalinqrad, Ukrayna, Moldova, Rumıniya, Macarıstan, Avstriya, Çexoslavakiya və Berlinə qədər döyüş yolu keçib. Müharibənin şiddətli çağlarında faşistlərə sarsıdıcı zərbələr vuran qəhrəmanımız 5 dəfə yaralanıb, 2 dəfə kontuziya alıb. Hazırda birinci qrup əlildir.



Azvision.az-ın əməkdaşı Qələbə Günündə Bağır Məlikovu evində ziyarət edərək, həm onu təbrik edib, həm də keçdiyi döyüş yolu ilə bağlı xatirələrini öyrənib.

Müsahibimizin qızı Məsmə Məlikova da atasının İkinci Dünya Müharibəsi ilə bağlı ona danışdığı maraqlı məqamları bizimlə bölüşüb:

“Atam müharibəyə dostları Müğbil və Mikayıl ilə birgə gedib. Quru qoşunlarında atıcı olublar. Atam müharibənin qızğın çağında Macarıstan ərazisində yaralanıb. Yoldaşları onu qan içində görüb öldüyünü düşünüblər. Onlardan biri anasına yazıb ki, Bağırın ailəsinə onun öldüyünü deyin. Biz onun ölümünə şahid olduq. Ancaq qismət elə gətirib ki, tibb bacıları vaxtında ilkin tibbi yardım göstərib, atamı xəstəxanaya aparıblar. Beləlikə, onu həyatını xilas ediblər. Atam və adlarını qeyd etdiyim iki dostu qələbənin 30 illiyində görüşmüşdülər. Onlar bir-birilərinə sarılıb ağlayırdılar. Müharibənin çətin, ağrılı günlərini yada salıb danışırdılar”.



97 yaşlı veteranın döyüş yolu

Bağır Məlikov: "Hara göndərirdilərsə, ora gedirdik. 353-cü diviziyada, briqadalarda, rotalarda, 1147-ci alayda, 46-cı orduda olmuşam. Böyük qardaşım Məlik və bacım Məsumə də müahribədə iştirak ediblər. Qardaşım itkin düşdü. Uzun illər onun haqqında məlumat ala bilmədik. Sonradan öldüyünü dedilər”.



Məsmə Məlikova: "Yaralananda atamın ayağı qanqrena olduğu üçün kəsmək istəyiblər. O, həkimə yalvarıb, deyib ki, "həkim, nə olar, ayağımı kəsmə. Ayağımı kəssən mənə heç kim ərə gəlməyəcək”. Həkimin atama rəhmi gəlib, deyib: “Allah səninlədir”. Qayçı ilə kəsib botinkanı ayağından çıxarıblar. Müalicə olunub və ayağı sağalıb. Ondan sonra yenidən müharibəyə, döyüşə davam edib. Onların devizləri var idi: "Ana vətən çağırır”. Beləliklə, atam 5 dəfə yaralanıb, iki dəfə də kontuziya alıb”.



Söhbətimizə Bağır Məlikovla davam edirik: "Biz Berlinə ayın 5-i girdik. Mayın 9-da Qələbə günü elan edildi. Bir-birimizi qucaqlayıb öpürdük, ağlayırdıq. Qışqırırdıq ki, "Yaşasın sovet hökuməti”. Radioda qələbə ilə bağlı məlumat veriləndə sevincimizdən səmaya güllələr atdıq. Əyilib yeri öpürdük ki, şükür, salamat qaldıq. Ancaq faşistlərin bir qrupu hələ də təslim olmurdu”.



Məsmə Məlikova:“Berlinə daxil olan zaman çox imkanlı bir adamın evinə giriblər. Evdə bahalı əşyaların olduğunu görüblər. Zirzəmiyə düşəndə orada evin sahibinin və onun ailəsinin gizləndiyini biliblər. Atam onlara deyib ki, Hitler məğlub olub və təslim olmalısınız. Ev sahibinin əlində nəyisə gizlətdiyini görüblər. Ona yaxınlaşanda əşyanın qızıl dolu boxça olduğunu aydınlaşıb. Həmin ailə təslim olub, qızıl isə təhvil verilib”.

"Dedi ki, qızlarımın ikisini də sənə ərə verəcəyəm"



Bağır Məlikov: "Konslagerdə saxlanılan əsirləri azad edəndə oradan arıq, heysiz qadınlar, kişilər, uşaqlar çıxırdılar. Onlar gəlib bizim ayağımızdan, üzümüzdən öpürdülər ki, siz bizim həyatımızı xilas etdiniz”.

Məsmə Məlikova: "Bolqarıstanda olan zaman 3 gün bir ailənin evində qalıblar. Bu zaman ailənin türk dilində danışdığını görüblər. Sən demə, onlar türklər imiş. Atama çox yaxşı baxıblar, sonda sağollaşan zaman evin sahibi atama deyib ki, iki qızı var, müharibədən qayıdanda ikisini də ona ərə verəcək”.



Müharibə başa çatandan sonra Vətənə qayıdan Bağır Məlikov burada evlənərək həyatına davam edib: "Deyirdim müharibə bitsin, evlənərik. Amma Vətən şirindir, orada qalmadım, Azərbaycana qayıdıb burada evləndim”.

Beləcə, Bağır Məlikov və qızı ilə söhbətimizi yekunlaşdırırıq. İkinci Dünya Müharibəsində igidlik nümayiş etdirmiş qəhrəmanımıza uzun ömür, cansağlığı arzulayıb, onunla sağollaşırıq.



















Şahanə Rəhimli
Foto: Anar Bayramlı
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

Azvision.az


Teqlər: Qələbə-Günü   Veteran   Müharibə  





Xəbər lenti