AzVision: Susuzluq dərdi və dərsi – VİDEO

      AzVision:    Susuzluq dərdi və dərsi –    VİDEO
  07 İyun 2021    Oxunub:8882
AzVision proqramına həftədə iki dəfə Real TV efirində və onlayn baxa bilərsiniz. Çərşənbə günləri veriliş öz ənənəvi (animasiya personajlarının iştirakı ilə), şənbə günləri isə analitik formatında "AzVision: Həftənin real təhlili" adı ilə yayımlanır. Verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.
- Susuzluq istiqamətində qansızlıq, yaxud, dövlət nə vaxt terror təşkilatına çevrilir?
- Nifrətdən hüquqa: Bakıda erməni cinayətkar üzərində qurulan məhkəmə nə üçün önəmli idi?
- Hamımız vəkilik. Niyə Rusiyadakı ksenofobiya Amerikadan dərs götürmür?




...Azərbaycan hətta müharibə vaxtı da dinc erməniləri hədəfə almırdı, Ermənistan isə müharibədən sonra belə, dinc azərbaycanlıları hədəfdən buraxmır. Budur iki ölkənin fərqi!
Qatil – təkcə insanın ölməsi üçün nələrisə edən şəxs deyil. İnsanın ölməməsi üçün heç nə etməyən şəxs də qatildir. Həm də ikinci növ qətl daha dəhşətlidir. Çünki həyatı xilası etmək – bütün hallarda insanlıq sınağıdır. İmkanı oluğu halda başqasının həyatını xilas etməyənlər “insan” adlanmağa layiq deyillər.
Ermənistan hakimiyyəti son 7 ayda minaya düşüb həyatını itirən, yaxud, şikəst olan insanların hər birini xilas edə bilərdi. Bunun üçün sadəcə, minalanmış ərazilərin xəritəsini Azərbaycana verməsi kifayət idi. Amma vermir. Niyə?! Burada məqsəd nədir və nə vaxta kimi belə davam edəcək?!
Elə şeylər var ki, siyasi sövdələşmənin predmeti olmamalıdır. Bunların başında insan həyatı gəlir. İnsan həyatını siyasi sövdələşmə predmetinə çevirmək terrorçu alveridir. Dövlətlərarası münasibət bunun üstündə qurula bilməz.
Bu faciə Azərbaycana imkan verir ki, sərhədlərimizin yaxınlığında hər hansı bir şübhəli hərəkətə yol verən istənilən erməni ilə daha sərt və qətiyyətli davransın. İki həftə əvvəl Kəlbəcərdə tutulan 6 erməni təxribatçının ora mina basdırmaq üçün gəldikləri rəsmən etiraf olunub. Düzdür, ermənilər həmin minaların özlərinə aid ərazilərdə basdırıldığını deyirlər, amma bunu kim təsdiqləyə bilər? Erməni təxribatçılar Kəlbəcərə mina basdırmağa gəlirlər və iki həftə sonra azərbaycanlı jurnalistlər həmin ərazidə yolda minaya düşür...
Bu hadisə sərhədlərin demarkasiya və delimitasiyasını sürətləndirmək üçün Azərbaycana əlavə arqumentlər verir.
Vüsal Məmmədov Report Media Məktəbində: “Tanınmış imza özü bir iş yeridir”

Ümumiyyətlə, hazırda belə bir vəziyyət müşahidə olunur ki, həm savaş, həm də diplomatiya meydanında uduzandan sonra ermənilər, nə qədər qəribə də olsa, mənəvi müstəvidə üstünlüyü ələ almağa çalışırlar. Onlar məğrur məğlub duruşu almağa çalışaraq, guya təkləndikləri üçün uduzduqları, indi də Azərbaycanın onlara qarşı mədəni-mənəvi basqılar həyata keçirməsi, guya əsirləri qaytarmaması, guya girov götürməsi kimi bir görüntü yaratmağa çalışlırlar. Amma 3 vətəndaşımız öz şəhadəti ilə onların mənəvi müstəvidəki hoqqabazlıq cəhdlərini də darmadağın etdi. Dünya gördü ki, dinc insanları, jurnalistləri yolda basdırdığı mina ilə qətlə yetirən ölkənin mənəviyyatdan danışmağa haqqı yoxdur. Və bundan sonra əslində dünya birliyinin də üzərinə böyük məsuliyyət düşür, çünki onlar minalanmış ərazilərin xəritələrini vermək üçün Ermənistana təzyiq etməsələr, qurbanların sayı artmaqda davam edəcək. İşi təkcə dünyanın ümidinə buraxmamaq üçün isə, elə bu həftə Azərbaycan başqa addımlar da atdı.

***
Ermənistan minalanmış ərazilərin xəritələri təqdim etməkdən imtina etdiyi üçün Azərbaycan bu həftə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə dövlətlərarası şikayət göndərib. Müraciətdə deyilir ki, Ermənistanın bundan imtinasının heç bir strateji, hüquqi və ya mənəvi əsasları yoxdur, yeganə məqsəd bölgədə Azərbaycan əhalisinin həyatına qəsd etməkdir.
Beləliklə, Azərbaycan hərbi və diplomatik qələbələrdən sonra, indi də hüquq mustəvisində hücuma keçib. Bu, artıq ikinci belə şikayət olmaqla, beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl etmədiyi üçün Ermənistana təzyiqləri artıracaq.
Fevral ayında xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının baş katibinə müraciət edərək, Ermənistanın minalanmış ərazilər barədə məlumatları açıqlaması üçün çağırışlara dəstək verilməsini xahiş etmişdi.
***

Dünyanın istənilən ölkəsində jurnalistlərin həlak olması o qədər ağır hadisədir ki, istər-istəməz bir çox qurumlar buna reaksiya verməyə məcbur idilər. Əlbəttə, biz müxtəlif xarici dövlətlər və beynəlxalq təşkilatların verdikləri başsağlıqlarını dəyərləndirir, hüznlə qəbul edirik, amma bu, azdır. Bizə başsağlığı verməyin, elə edin ki, gələcəkdə başsağlığı verməyinizə səbəb qalmasın. Dünya birliyi erməni cinayətlərinə çox qeyri-adekvat reaksiya verir. Bu yanaşma dəyişməli və erməni cinayətlərinə layiq olduğu qiymət verilməlidir.
Əgər zorakılığı qırağa qoysaq, münasibətləri tənzimləməyin iki vasitəsi var: ya mənəviyyat, ya da hüquq. Ermənilər mənəviyyatın onlara yad olduğunu hər fürsətdə sübut etdiklərindən, Azərbaycan son vaxtlar tamamilə düzgün qərar verərək, hüquq yolunu tutmağa çalışır. Bu həftə ilk dəfə Bakıda iki erməninin hərbi cinayətlərə görə məhkəmə qarşısına çıxarılması bu baxımdan kifayət qədər maraqlı presedent idi. Rəsmi Bakı göstərdi ki, yeni mərhələyə keçərək, əsassız qarşılıqlı ittihamlardan sıyrılıb, ortaya hüquqi məntiq qoymaq, cinayət varsa, bunu məhkəmədə sübut etmək lazımdır. Bu gün biz erməniləri haqlı olaraq qansızlıqda, vicdansızlıqda, insanlığa sığmayan davranışlarda ittiham etdiyimiz kimi, onların da “media” adlanan yalan maşınları bizi – azərbaycanlıları özlərinə xas olan ənənəvi həyasızlıqla guya ermənilərə qarşı amansızlıqda, düşmənçilikdə suçlayır. Bu, sonu olmayan bir yoldur. Belə ittihamlar əsrlərlə uzana və heç vaxt nöqtəsi qoyulmaya bilər. Nifrətin qapalı dairəsini qırmağın sivil yolu münasibətləri hüquqi müstəvidə çözməkdən gedir. Bu həftə Azərbaycan həmin sivil yolu tutdu. İlk baxışdan paradoksal görünə bilər, amma Bakıda ermənilərin hərbi cinayətkarlarının femidanın qarşısına çıxarılması iki xalqın münasibətlərinə sivil hüquqi təfəkkürün gətirilməsi istiqamətidə böyük bir addım idi. Bu, o demək idi ki, cinayət varsa, gəlin, qanuni yolla cəzalandıraq, yoxdursa, bir-birini əsassız ittihamlara məruz qoymayaq.

***
Bu həftə Bakıda unikal bir məhkəmə prosesi başladı: Birinci Qarabağ müharibəsində əsir düşmüş Azərbaycan vətəndaşlarına işgəncə verən və onları qətlə yetirən erməni terrorçular Lüdvik Mkrtiçyan ilə Alyoşa Xosrovyan femidanın qarşsına çıxarıldılar. Onların işgəncə verdikləri şəxslərdən bizləri hazırda sağdır və cəlladların cinayətlərini üzlərinə deyə bilirlər.
Doğrudan da, qisas qiyamət qalmır. Bu erməni cəlladların köməksiz, aciz azərbaycanlılara zülm etməsindən 27-28 il vaxt keçir. Yəqin, onlar artıq düşünürdülər ki, vəssalam, etdikləri zümlərin cəzasını daha heç vaxt çəkməyəcəklər. Amma indi bütün dünyanın gözü qarşısında keçmiş qurbanları cinayətlərini onların üzünə deyir, kim olduqlarını ifşa edirlər.
Bu erməni cinayətkarların Vətən Müharibəmiz zamanı ələ keçirilməsinin böyük bir rəmzi anlamı var. Məhz Vətən Müharibəmizin sayəsində ədalət yerini tapır, Xocalı sakinləri da daxil olmaqla, vaxtilə işgəncə verdikləri, öldürdükləri bütün Azərbaycan vətəndaşlarına görə erməni cinayətkarlar Azərbaycan qanunlarının qarşısında cavab verirlər. Bu, həm da bütün erməni cinayətkarlara mesajdır ki, bir gün hamısı Bakıda məhkəmə önünə çıxarılacaqlar. Hamısı.
***
Bu hadisələrin fonunda ən maraqlı məqamlardan biri xaricdəki... və elə qismən də daxildəki,- antiazərbaycan şəbəkəsinin hansı mövqeni tutacağı idi. Və onlar öz sifətlərini dərhal göstərdilər. Hərəsi bir şey deyirdi, biri barmağını Rusiyaya tuşladı, digəri Bakını suçlu çıxardı, üçüncüsü Paşinyanın dediklərini təkrarlayıb, belə fikir səsləndirdi ki, sərhəddə ATƏT nəzarət etməlidir, amma ümumi yanaşmaları belə oldu ki, jurnalistlərin ölümündə ermənilərin heç bir günahı yoxdur. Sadəcə olaraq, deməyə söz tapmaq olmur. Bununla da növbəti dəfə bütün kartlar açıldı. İnanın, heç Ermənistanın öz mediası ermənilərə antiazərbaycan şəbəkəsindəki xainlər qədər ciddi-cəhdlə dolayı haqq qazanmırdı.
Başqa vaxt iki-üç nəfər guya “aksiya” adı ilə küçəyə çıxanda əynində haradansa necəsə əldə etdikləri jurnalist gödəkçəsi olan, hadisə yerinə tökülüşüb, telefonlarla canlı yayıma çıxan, aş olan yerlərdə baş olanları da ortada görmədik. Halbuki, ən azından jurnalist həmkarları ilə vida mərasimindən canlı yayımlar etməklə, qulluq etdikləri Qərbin diqqətini çəkməyə çalışa bilərdilər. Amma görünür bu, onların missiyası deyil.
Bu günlərdə erməni mediasının mövqeyindəki vicdansızlığa mat qalmamaq mümkün deyil. Məsələn, onlar Rusiyanın Bakıdakı səfirliyinin şəhid olmuş jurnalistlərə görə başsağlığı verməsini “səndəmi, Brut?!” eyhamı ilə paylaşırlar. Yəni ki, “baxın, bizim müttəfiqimiz də başsağlığı verir”.
Və yaxud, Rusiyada polisin tamamilə haqsız və əsassız güllələdiyi gənc azərbaycanlı Vəkil Abdullayevin dəhşətli qətlini belə formada təqdim etməyə çalışırlar ki, Azərbaycan diasporu buna görə etiraz edir, bəs Rusiya dövləti nə vaxta qədər Azərbaycan diasporunun bu dikbaşlığına dözəcək?! Diqqət edin: öldürülən də biz, haqsız çxırılan da. Bəli, həmin etirazları Azərbaycan diasporu etməli deyildi, bütün Rusiya xalqı etməli idi. Bu faciə ötən ilin yayında ABŞ-da baş vermiş Corc Floyd hadisəsini çox xatırladır. O zaman ABŞ polisinin bir zəncini öldürməsinə görə ayağa qalxan və “black lives matter” hərəkatına qoşulanların çoxu bəyaz insanlar idi. İnsanlığın rəngi olmur. Amma təəssüf ki, erməniliyin rəngi var: Qəhvəyi.
***
Əgər Dostoyevski sağ olsaydı, yəqin, ölkəsindəki cinayət və cəzasızlığa görə intihar edər, Tolstoyun başına hava gələr, Çexov tərki-dünyalığa çəkilərdi. Çünki onların ölkəsində baş verən hadisə nəinki sağlam məntiqə, ümumiyətlə, heç bir əndazəyə sığmır. 19 yaşlı gənc azərbaycanlı Vəkil Abdullayev bir ciddi səbəb olmadan polis tərəfindən soyuqqanlılıqla güllələnir, ardınca isə... Onu güllələyən Aleksandr Qusev “qeyri-ixtiyari” atəş açıb deyə, məhkəmə hökmü olmadan azadlığa buraxılır, əvəzində mərhumun dostları cinayətin iştirakçısı kimi həbs olunurlar. Ən qəribəsi odur ki, polisin buraxılması üçün “change.org” saytında yaradılan petisiyanı qısa vaxtda 18 min nəfər imzalayır. Yəni 18 min nəfər hesab edir ki, gənc oğlanı boş yerə güllələyən polis tamamilə haqlı imiş, hər şey elə belə də olmalıymış. Biz şübhə etmirik ki, petisiyanı imzalayanların əksəriyyəti ermənilər olublar, amma nəticədə bu, Rusiyaya üz qaralığı gətirir.
Ölkənin müxtəlif siyasi və ictimai xadimləri görünür, həmin o petisiyanı imzalayanların xoşuna gəlmək üçün qatili yox, məsum qurbanı pisləməyə başlayırlar. Novosibirskdə deputat Rostislav Antonovun təşəbbüsü ilə 19 yaşlı yırtıcı qulduru təsadüfən çaşıb güllələmiş fağır polisin ailəsi üçün yardım toplama kampaniyası keçirilir. İctimai palatanın üzvü Mariya Butina daha uzağa gedərək, Vəkil Abdullayevi güllələyən polisin mükafatlandırılmasını təklif edir. Maraqlıdır ki, həmin o Butinanın özü 4 ay əvvəl ABŞ həbsxanasında yatanda Amerikada ruslara qarşı ksenofobiyanın və dözümsüzlüyün olmasından şikayətlənirdi. Bəs nə oldu – ruslara qarşı olanda ksenofobiya pisdir, azərbaycanlılara qarşı olanda yaxşı?!
Göz önündəcə yerlər elə dəyişdirilir ki, sanki baş verənlər real həyatda deyil, Krılovun hansısa təmsilində yaşanır. Qəribədir ki, bütün bu hadisələr indi – 21-ci əsrdə, bütün dünyada ksenofobiyaya, irqi və milli dözümsüzlüyə qarşı ciddi mübarizənin aparıldığı bir dövrdə müşahidə olunur. Ən azından, ABŞ-ın ötənilki təcrübəsindən müəyyən dərslər çıxarılmalı idi axı. “Black lives matter” hərəkatı göstərmişdi ki, polisin ksenofobiya zəminli özbaşınalığı vaxtında və düzgün cəzalandırlmayanda, nələr baş verə bilər.
Müxtəlif millətlərin geniş diasporalarının yanaşı yaşadığı Rusiyada belə qanunuzluğun daha ağır mexanizmi – etnik zəminli qarşıdurmaları alovlandırması riski mövcuddur.
Hər şeydən əlavə, Güney Qafqazda sülhün təmin olunması üçün birlikdə səy göstərən Rusiya ilə Azərbaycanın münasibətlərinin indiki mərhələsində xalqlar arasında qarşılıqlı etimadın getdikcə artan xətlə inkişafı zəruri olduğu halda, bu cür ksenofobiya püskürmələri əksinə, hər şeyi poza bilər.
Bütün bu narahatlıqlar Azərbaycan ictimaiyyətinin Rusiya prezidenti Vladimir Putinə ünvanladıqları müraciətdə də əksini tapmışdı . “Dünya onsuz da uçurumun astanasındadır – deyə, bəyanatda bildirilirdi,- Elə isə “qusevlərin”, “butinaların” və “bastrıkinlərin” əməllərini diqqətsiz qoymağa dəyərmi?”
***

Qurbanların boşa getməməsü üçün faciələrdən nəticələrin çıxarılması vacibdir. Vəkil Abdullayevin qətli Rusiyadakı bu aqressiv ksenofobiyaya qarşı tədbirlərin görülməsilə nəticələnməlidir. Kəlbəcərdə minaya düşənlərin faciəsi Ermənistanın mina xəritələrini Azərbaycana verməsi üçün təzyiqlərin artmasına gətirib çıxarmalıdır. Bunlar təkcə Azərbaycanın problemi deyillər. Minalar başqa ölkələrdə də basdırılıb. Ksenofobiya ayrı ölkələrdə var, polis dünyanın başqa yerlərində də insanları haqsız güllələyir. Sadəcə, həyat və tarix elə gətirib ki, indi biz hər iki yükün ağırlığını öz çiynimizdə hiss etdik. Bəli ağırdır, amma yükün ağırlığı yalnız qəddimizi daha da dik tutmaq, birləşmək və daha möhkəm olmaqla nəticələnməlidir.



Teqlər: AzVision   Real-TV  





Xəbər lenti