Muzeyin giriş hissəsində T.Salahovun ictimai fəaliyyətini əks etdirən fotolarına və qrafik əsərlərinə rast gəlirik. Burada dahi rəssamın qızı Aydan Salahovanın uşaqlıq rəsmləri, İran Şahının qəbulunda olan fotolar və digər əsərlər yer alıb. Bir-birindən fərqli, göz oxşayan rəsm əsərlərini seyr etdikcə rəssamın xarakterinə yaxından bələd oluruq. Bir portretdən digərinə boylanırıq. Əsərin ərsəyə gəlmə mərhələsini təsəvvürümüzdə canlandırırıq. Və Muzey boyu gəzintimizi davam etdiririk.
Muzeyin direktor köməkçisi Vəfa Məmmədovanın sözlərinə görə, rəssam vaxtilə misgərlik əşyalarını, metal məmulatlarını, qədim xalçalarımızı xarici ölkə vətəndaşları aparmasın deyə alıb emalatxanasında saxlayıb. Həmin əşyaları seyr etdikcə Tahir Salahovun ruhunun təssübkeşliyi ilə tanış oluruq. O, ehtiyacı olan adamlardan müxtəlif medalları alaraq emalatxanada xalça üzərində kompozisiya yaradıb. Bu kompozisiyalar bizi bu dünyadan alıb özünə çəkir.
Muzeydə rəssamın anasına məxsus tikiş maşını da diqqətimizdən yayınmadı. O,tikiş maşını vasitəsi ilə qazandığı pulla 5 uşağı tək böyüdüb. Dünya şöhrətli rəssamın atası repressiya qurbanı olub, gənc yaşında güllələnib.
Muzeyi ziyarət edərkən Tahir Salahovun həyatı ilə yaxından əlaqəsi olan "Aqava" portreti ilə də tanış olduq. O, Aqava bitkisini xarici ölkədən gətirib, öz bağında əkibmiş. Bitkinin gövdəsini anası, budaqlarını isə nəvələri və övladları hesab edirmiş. Rəssam bu bitkiyə çox bağlı olub. Anası dünyasını dəyişəndən sonra Aqava solur və bir neçə ildən sonra yenidən pöhrələnir.
"Aqava" portretindən sonra Tahir Salahova şöhrət gətirən Qara Qarayevin portretini seyr edirik. O, bu əsərə görə,1962-ci ildə medalla təltif olunub. İnsana mənəvi rahatlıq gətirən bu məkanda emosiyaların burulğanına düşməmək mümkünsüzdür.
Muzeydən hazırladığımız geniş reportajı təqdim etdiyimiz videodan izləyə bilərsiniz:
Müxbir: Şahanə Rəhimli
Foto: Anar Bayramlı
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov
Azvision.az