`KQB-nin binası qəribə bir labirint idi…`

`KQB-nin binası qəribə bir labirint idi…`
  05 Aprel 2014    Oxunub:4918
Unudulmaz Tofiq Abdinlə unudulmuş söhbətin stenoqramı
Müsəllim Həsənov

Bu lent yazısı dostum və həmkarım Tofiq Abdinin vəfatından bir neçə gün sonra üzə çıxdı. Təsadüfən... İllər öncə evin hansısa küncünə atdığım və qəfildən gərəyim olan diktofonu götürüb üstündəki lentin yaddaşını saf-çürük edərkən...

İndi heç cür xatırlaya bilmirəm ki, azı 7-8 il əvvəl Tofiq Abdinin “8-ci kilometr”də, doqquzmərtəbəli binanın doqquzuncu mərtəbəsindəki mənzilində təşkil etdiyi üçnəfərlik xudmani məclisdə bu diktofon hansı səbəbdən işə düşmüşdü?.. Undulmaz jurnalist, mərhum dostum Adil Qaçayoğlu ilə birlikdə mənzil sahibini sorğu-suala tutmaqda məqsədimiz nəymiş?..

Ən maraqlısı odur ki, dərc olunmamış və ya dərc olunması heç nəzərdə belə tutulmayan bu söhbətin əsas mövzusu Tofiq Abdinin şimallı-cənublu Bütöv Azərbaycan qurmaq uğrunda gəncliyində apardığı uğursuz mübarizə, qısa vaxtda “ifşa edilən” antisovet fəaliyyətidir. O, ömrünün bu dövrü barədə uzun illər susmuşdu... Bu məclisdə də çətinliklə danışdıra bilmişdik onu... Necə deyərlər, “yüz qram” - “yüz qram”...

İndi Tofiq Abdin də haqq dünyasındadır, Adil Qaçayoğlu da...

Mənə isə diktafon lentinin yaddaşında yaşayan doğma səsləri dinləmək və o söhbəti yazıya köçürmək qalır...

“Qaranquş” təşkilatı necə yaranmışdı?

- Tofiq, gəl sizin 60-cı illərdəki siyasi fəaliyyətinizdən danışaq. Necə oldu ki, Salyandan gələn cavan uşaq belə böyük bir problemin – Azərbaycanın birləşdirilməsi probleminin “həllinə” girişdi?


- Canım, nə birləşdirmə, nə problem? Cavan idik də... Ağlımız o qədər işləyirdi... Vallah, bu barədə mən durub nə danışım? Yüz qram süzün içək, boş-boş işlərdir...

- Yox ey boş-boş işlər deyil axı...Mən özüm Milli Təhlükəsizlik Nazirliyinin arxivində sənin siyasi fəaliyyətin barədə sənədlər saxlandığını öz gözümlə görmüşəm...

- Tamam, qardaşım, o sənədi götür, yaz də... Niyə yazmırsan? Mən o sənədləri görməmişəm, orda nə demişəm, necə ifadə vermişəm, yadımda deyil...

- O sənədləri mənə də vermədilər, amma qısa bir arayış verdilər ki, bir qrup tələbə, o cümlədən sən “Qaranquş” adlı təşkilat yaradıbsınız...

- Olub... Amma bu barədə mənim özümün danışmağım bir az yaxşı çıxmaz. Təvazökarlıq deyilən bir şeylər var axı.... Yüz qram içək...

Adil Qaçayoğlu: Tofiq, ağ eləmə də... Biz bunu, sadəcə, maraq üçün yazırıq. İstəməsən, heç mətbuata da çıxmaz. Axı nə olmuşdu o illərdə? Səni DTK-ya nəyə görə aparmışdılar?

- Tamam... Vallah, indi dəqiq yadımda deyil, 1962-ci il idi, bəlkə də 63 idi... Tələbə idim, İncəsənət İnstitutunda oxuyurdum. Bakıda bir erməninin evində “kvartirant” qalırdım. Tanqo deyilən bir oğlan var idi, Tanrıquqlu. O da Varkuta deyilən bir yerdən gəlmişdi. Onda mən heç bilmirdim bu Varkuta hardadır. Nə isə, bu uzun bir işdir ey, heç dnışmağın yeri yoxdur... Gəlin, araq içək...

- İçərik, tələsmə, sən danış. Mən süzürəm...

- Qısa danışacağam. Tanqo gəldi, o da dedi, ə, siz burda nə işlə məşğul olursunuz? İsa (İsa İsmayılzadə - M.H.) nəsə dedi, mən də mızıldandım ki, şeir yazıram. Dedi, əşi, şeir yazmaq balaca şeydi? Sonra da dedi ki, siz niyə bu erməninin evində “kvartirant” qalırsınız? Belə-belə söhbətlər... Mən də çox gec ayılmış uşaq kimi hiss edirdim özümü. Elə bilirdim, bunlar məndən çox qabaqdadır. İsa da, Tanqo da... Tanqo bir az yaşlı idi bizdən. Məlum oldu ki, Tanqo, doğurdan da, bizdən biliklidir. Nə isə, söhbət elədik, görüşlərimiz oldu, sonradan belə söhbət alındı ki, gəlin, bir təşkilat yaradaq. Heç dərinə getmədən, elə zarafat-zarafat dedik bir təşkilat yaradaq. Dedilər, elə Tofiqdə yazı makinası da var, onda çap edərik yazıları. Elə bu evdə toplaşmağı qərara aldıq. İndi yadımda deyil, hardasa 10-a yaxın iclasımız oldu. Getdik 5-6 adama müraciət elədik. Bəziləri rədd elədi, bəziləri bizi lağa qoydu.

- Sizə qoşulmaq üçün müraciət edirdiniz?

- Yox, kömək üçün. Yəni bizim təşkilata kömək eləsinlər...

Adil Qaçayoğlu: Kimlərə müraciət etdiniz?

- Əşi lazım deyil... İndi nə fərqi var ki... 50 qram araq süz, sən Allah...

- Hər halda, maraqlıdır...

- Yox ey... İçək...

- Bəs sizin təşkilatda kimlər var idi?

- Mövlud (Mövlud Süleymanlı – M.H.) iştirak edib bir az. Dəqiq adları indi xatırlamıram. Orda, əsasən, kənardan adamlar gəlirdi. Tanqo var idi, Bağır var idi...

- Hansı Bağır?

- Ə, bilmirəm ey, onun haqqında sonra film də çəkiblər... Bağır Bağırov...

- Sonra nə oldu?

- Sonra nə olacaq? İclaslar-miclaslar...

- Məqsədiniz nə idi?

- Şimali Azərbaycanla Cənubi Azərbaycanı birləşdirmək...

- Nə təhər birləşdirirdiniz Azərbaycanı?

- Vallah, onu nə təhər birləşdiridiz deyəndə... Öncə düşündük ki, rusları burdan çıxarmaq lazımdır... Yəni bir müstəqil Azərbaycan olmalı idi, bizim fikrimizcə. Mənim bir dayımoğlu vardı, bulvarda “Sadko”ya girəndə bağırırdı ki, bu ruslar nə gəzir burda? Əslində, mən özüm elə düşünmürdüm, hətta bir rus qızı ilə dostluq edirdim... Yəni rusları burdan çıxarmaqla bu ölkəni tam azad edəcəyik deyə bir düşüncə yox idi mənim ağlımda. Amma müstəqilliyin ilk elementi olaraq fikir var idi ki, ruslar burdan getməlidir... Ermənilər haqqında onda heç təfəkkür yox idi...

- Nə əcəb? Axı ermənilər tarixən...

- Yox... Biz erməninin evində “kvartirant” qalırdıq... Düşünürdük ki... Vallah, bilmirəm, bəlkə başqaları başqa cür düşünüb, amma mən belə düşünürdüm...

- O ev harda idi? Təşkilat yaranan erməni evi?

- Mirbəşir Qasmov küçəsi, 24-də, keçmiş 2-ci Sverdlovsk...

- Neçənci il idi?

- 62-ci il, mənim tutulmağım məncə 64 idi, yadımdan çıxıb, vallah. İncəsənət İnstitutunun 2-ci kursunda idim. Apardılar bizi KQB-də danışdıranda köntöy-köntöy suallar verdilər...

/Kim apardı, nə vaxt apardı?

- Məndən qabaq uşaqlardan bəzilərini çağırıb danışdırmışdılar. Mövludu aparmışdılar, Tanqonu aparmışdılar...

- Kim axı?

- Səfər adlı bir KQB işçisi idi... O danışdırırdı...

“KQB”-də sorğu-suallar

- Nə sual verirdi?


- Məsələn, sual verirdi ki, öz şairlərimiz qala-qala Nazim Hikməti niyə oxuyursan? Deyirsən, kimlər var idi o təşkilatda. İndi yavaş-yavaş yadıma düşür: Bəhlul (Bəhlul Abdulla – M.H.) idi, Mövlud idi, sonra o Sovet Ministrdə bizdə bir oğlan işlədi ey sonralar... Əsgər..

- Əsgər Məmmədov?

- Hə-hə... O da var idi. O ətrafda olanları deyirəm. Ora toplaşanları... Biz neyləyirdik ki? Novruz bayramlarını qeyd eləmək, bu hadisələri müzakirə eləmək... Adamlar da dəyişirdi, daimi adam yox idi, gəlirdilər, gedirdilər...

Bu yaxınlarda o Bağırı görmüşəm, deyirəm, Bağır, sənin yadındadır də, o vaxt bizi iki nəfər satdı? Deyir hə, yadımdadır, biri mənim dayımoğlu idi, Xarici Dillər İnstitunda oxuyurdu. Vallah, əslində, mən orda aparıcı şəxs də deyildim. Sadəcə, uşaqlar mənim yaşadığım evdə toplanırdılar. Günün birində tutulma da ola bilər deyə düşünürdük...

- Yox, Tofiq, yəqin heç sənin ağlına da gəlməyib ki, sizi tutarlar...

- Yox-yox, ağlımıza gəlirdi... O vaxt KQB-nin Mikayıl Müşfiq haqqında, Hüseyn Cavid haqqında elədiklərini bizə elə anladırdılar ki...

- O vaxt bunları sizə kim anladırdı, ay Tofiq. 60-ci illər... Sovet hökuməti...

- Dərnəyə gedirdik, Kələntər deyirdi (Kələntər Kələntərli- M.H.), “Gənc qələmlər” dərnəyi vardı, orda deyirdilər. Məsələn, “Pillələr” romanı haqqında danışırdıq, hər şeyi deyə bilmirdik, onda deyirdilər bunları niyə deyə bilmirik... Nə isə, bizim uşaqları bir-bir aparırdılar. Aparıb danışdırırdılar. Sonra da yoxa çıxırdılar...

Adil Qaçayoğlu: Nə mənada yoxa çıxırdılar? Tuturdular?

- Yox, sadəcə, o uşaqlar bir də gəlmirdilər bizim yığıncaqlara... Hamı bir-birinə xəbər verirdi ki, filankəsi KQB-yə çağırdılar. Mən də düşünürdüm ki, bir gün də məni apara bilərlər...

- Qorxmurdun?

- Qorxmaq belə idi də... Düşünürəm ki, məni götürüb aparacaqlar, 37-ci ildə Müşfiqin başına gətirilənlər dururdu gözümün qabağında... Səhər-səhər key kimi durub gedirəm “Komvolnı” kombinata və düşünürəm ki, bu gün məni apara bilərlər... Balaca qardaşım da mənim yanımda idi. Evə gələn kimi qardaşımdan soruşurdum ki, bura adam gəlməmişdi? Məsələn, çayxanaya gedirik, deyirlər, filankəsi aparmışdılar, biri deyir, biri demir nə soruşdular orda. Belə bir zaman idi...

- Bəs səni necə tutdular?

- Bütün bunlar kimə maraqlıdır ey indi? Azərbaycan neçə illərdi müstəqildir. “Podumayeş”, bir Tofiq Abdin olub, təşkilat qurublar... Çörəyinizi yeyin, arada araq süzün...

- Maraqlıdır, səni KQB-yə necə apardılar?

- Mən dedim də, “Komvolnı” kombinatda işləyirdim... Orda erməni “otdel kadr” var idi – Dumanyan. Nəsə bir seçkilər var idi. O zaman mən həm də stadionda diktor işləyirdim. Dumanyan mənə dedi ki, Tofiq, bilirəm, sən institutda oxuyursan, savadlı olarsan, biz təbliğat üçün məntəqələrə adamlar göndəririk. Gəl, səni də göndərək, həm pul alarsan, həm də işdən bir az ayrılarsan. Mənim dalağım sancdı ki, bu məntəqə söhbətinə oxşamır. Növbəti gün işə gəldim, kombinata. Kombinatın girişində Dumanyanı gördüm. Özüm də həyəcan içindəyəm. Dumanyan kombinatın girəcəyində bir otaq var idi, orda oturdu. Mənə dedi buralarda ol. Həyəcan içində gəzirəm. Təxminən 10-15 dəqiqə sonra bir qara “QAZ-24” gəldi. Maşından 2 nəfər düşdü, Dumanyanın otağına girdilər. Ayrı söhbət olmadı, Dumanyan dedi budur... Mənə dedilər bizimlə gedəcəksən.

Mənim heç bir müqavimətim-zad olmadı. Hərəsi bir tərəfimdə oturdu, maşın tərpəndi. Maşın gəldi çıxdı KQB-nin binasına – indiki Sərhəd Qoşunları olan binaya...

- Və anladın ki, bura KQB-dir...

- Müsəllim, canın üçün, Mətinimin canıyçün, bir var adam şoka düşür, bir də var o şokun içərisində olursan. Anlayırsan ki, KQB-nin binasına girirsənsə, ya burda səni öldürə bilərlər, ya da tuta bilərlər. Amma məndən qabaq uşaqları danışdırıb buraxmışdılar deyə, bir inam var idi ki, bizi tutmaq niyyətləri yoxdur.

KQB işləyirdi ey, özü də qəribə işləyirdi. İki nəfərlə oturub çay içibsən dünən çayxanada, orda soruşurlar ki, sən çayxanada belə deyibsən...

- Yəni öz dostların, oturub-durduğun adamlar?

- Bəs nə? Gedin, Sabir Rüstəmxanlıdan soruşun. O gün mənə elə bir fakt dedi ki, dedim ay Allah mənim həyatımdan bu faktı Sabir hardan bilir? Deyəsən, bunu da o illərdə ora çağırıblar, mənim haqqımda da soruşublar...

“KQB-nin binası qəribə bir labirintdir...”

- Bəs sonra?


- Sonra nə olacaq? “Dopros” başlandı. O da uzun bir şey ya... Adamın canını üzən bir şey... Müstəntiq mənə axmaq-axmaq suallar verir. Yanımızda da bir yaraşıqlı ucaboy oğlan dayanıb. Ha düşünürəm ki, mən bu oğlanı harda görmüşəm? Sonradan yadıma düşdü. Bu oğlan boks üzrə idman ustası, bir tatar balası idi. Sonradan məlum oldu ki, bu, orda hamının başının üstündə durub. Yəni bir artıq-əskik söhbət olsa vursun, tapdalasın bizi...

- Bəs suallar nə idi?

- Neçənci ildə gəlmisən Bakıya? Harda işləyirsən, harda oxuyursan? Mən ölüm, Müsəlllim, süz, 20 qram içək, yoruldum... Siz jurnalistikaya 80-lərdən gəlibsiniz. Amma məndən soruşsanız ki, jurnalistikanı kimdən öyrənmisən, mən deyərəm İlya Erenburqun “Qodı, lyudi, jizn” kitabından...

- Tofiq, Erenburqun kitabını o vaxt sən hardan almışdın? Salyandan?

- Onda burdaydım, Bakıdaydım artıq. 1960-dan burdayam. İnstituta girə bilmədim, “Komvolnı” kombinata işə düzəldim və burda qaldım.

- Qayıdaq KQB-yə...

- Hə... Suallar verirlər də... Allah eləyə mənim özümü indi KQB-yə buraxalar, o sənədlərlə tanış olam. Bəlkə mən özüm də orda kimisə satmışam? KQB-nin o vaxtkı binasına girirsən... Ora qəribə bir labirintdir... Dar bir labirintdir. Labirintlər arasında otaqlardr. O labirintdə səni bu qapıdan o qapıya təhvil verirlər. Əvvəl bir adam aparır, sonra təhvil verir o birinə... Suallar... Nazim Hikmət... Niyə sən rus qızı ilə dostluq edirsən, axı sən onunla evlənməyəcəksən...

- Ağ eləmə, Tofiq...

- Sənin canın üçün, elə belə də dedi... Hələ bunlar mənim ağlımda qalanlardır... Söhbət axşama qədər uzandı. Gözaltı saata baxdım. Gördüm 5-dir. Həmin axşam stadionda “Krılya Sovetov” “Neftçi” ilə oynamalı idi. Mən gedib komandaların siyahısını götürməliydim, elan etməliydim, gördüm, artıq bu oyuna çatmayacam... Arada günorta kolbasa idi-nəydi verdilər ki, bunu da ye. Yazdılar-pozdular və dedilər gedirik. Uzun bir koridor, bu ona təhvil verdi, o buna təhvil verdi, binanın dəniz tərəfdə bir otağına çatdıq.

(Ardı BURADA)


Teqlər:  





Xəbər lenti