Bu gün nə gözəlsən, Leyla müəllimə!..

// Şagirdlərinə "nə gözəlsən bu gün!" deyən Müəllimə ilə müsahibə

  Bu gün nə gözəlsən, Leyla müəllimə!..
  08 Fevral 2022    Oxunub:12648
Leyla Qarazadə 1998-ci ildə Lənkəran rayonunun Zövlə kəndində anadan olub. Orta məktəbi doğma Zövlədə bitirərək Lənkəran Dövlət Humanitar Kollecinə daxil olub. 2018-ci ildən Lənkəran royonunun Jidi kənd orta məktəbində müəllim kimi çalışır. Şagirdlərini kəpənəyə bənzədən, onlarla birgə vaxt keçirməkdən böyük zövq alan müəllimə bu yaxınlarda maraqlı videosu ilə gündəm olmuşdu. Həmin görüntüdə o, balaca şagirdlərinə yaxınlaşaraq "Bu gün sən nə gözəlsən!.. Nə qəşəng görünürsən...” deyir və onlarda inam yaradır, üzlərini güldürür.
AzVision.az şagirdlərini maraqlı üsullarla tədrisə cəlb edən Leyla xanımla söhbətləşib.

- Jidi şəhərdən 45 km. məsafədə yerləşən dağətəyi kənddir. Yaşadığım yerdən 10 km. aralıdadır. Mən özüm haqqımda danışarkən həmişə deyirəm ki, kəpənək uçurtmaqla məşğulam. Şagirdləri kəpənəyə bənzədirəm. Onların gözəlliklərini, müxtəlifliklərini, fərqliliklərini, rəngarəngliklərini kəpənəklərlə müqayisə edirəm. Onları sıxsam, bir qutuya qoysam, uçmağa meyilli olmazlar və mən onların gözlərini görmərəm. Ancaq azadlıq versəm, qapını açsam, istiqamət seçmək üçün kömək etsəm, onların rəglərini, gözəlliyini görərəm.


- Müəllimlik peşəsini öz istəyinizlə seçmisiniz?
- Əslində həkim olmaq istəyirdim, ancaq bacım da tibbi seçdiyinə görə valideyinlərim məni müəllimliyə yönəltdilər. Müəllim olandan sonra isə vicdanla borcumu yerinə yetirməyə çalışdım. Gördüm ki, şagirdlərə sağlam gələcək vermək, onların gələcəyini inşa etmək daha gözəldir. Hər bir peşənin mənbəyi müəllimlikdən başlayır. Həkim olmasam da, gələcəyin həkimlərini, müəllimlərini yetişdirirəm. Onu da qeyd edim ki, 2017-ci ildə Lənkəranda memarlıq fakültəsinə daxil olmuşam. Lakin təhsilimi dondurmuşam. Eyni anda həm müəllim etmək, həm də oxumaq mümkün deyil.


- Bizim dövrümüzdə müəllimlər sərt idi. Bəzən şagirdi vurduqları belə olurdu. Bəs siz bu stereotipləri necə sındırdınız?
- Mən 2018-ci ildə bu kəndə gələndən bəri yaşlı müəllimlər “kəndə yeni qayda gətirmə, biz necə dərs keçiriksə, sən də elə keç” deyirdilər. Ancaq görürdüm ki, şagirdlərin istədiyi o deyil. Həvəslə gəlmirlər. Bir növ onların ruhlarını öldürürük. Dərs prosesində fəal olmurlar. Buna görə də digər üsulları yoxlamağa başladım.
Biz dərsə gəlməyəndə ibtidai sinif müəllimimiz bizimlə maraqlanırdı, evimizə kimi gəlirdi. Onun marağından, məsuliyyətindən dolayı mən düşünürdüm ki, müəllim məni sevir, mən də dərsimi sevib oxumalıyam. Müəllim şagirdin həyatına, gələcəyinə toxunursa, nə xoş o müəllimə. Mən bu yöndə fəaliyyətə başladım. Gördüm ki, alındı, effektini verdi. Şagird həm məlumatı qavradı, həm də özünü xüsusi saydı. Düşünmədi ki, müəllim məni saymadı, görməzliyə vurdu, marağımı nəzərə almadı. Zəncirlə, çubuqla, qılıncla tabe etməkdənsə, sevgi ilə bir-birlərinin ürəyinə toxunmaq daha gözəldir.


- Bir az da sizin sosial şəbəkədə yayımladığınız “Bu gün nə gözəlsən?!” videonuzdan danışaq. Maraqlı ideyadır...
- Mən hansı gün özümə inamlı oluramsa, özümü gözəl sayıramsa, güvən tamdırsa, həmin gün aktiv və pozitiv oluram. Düşünürəm ki, şagirdlərim də elə olur. Hansı gün özündən bir az narazıdırsa, halı yoxdursa, həmin gün nə dərsə marağı olur, nə də mənimlə ünsiyyəti yaxşı qurur. Söhbətlərimiz zamanı məlum olur ki, onlarda özgüvən əskikliyi var. Ucqar kənddə yaşayırıq, üstəlik buradakı şərait kasaddır, onların istədiyi parkın, əyləncə mərkəzinin olmaması bir qədər kədər yaradır. Mən onlara digər uşaqlardan fərqlənmədiklərini, hətta çox gözəl göründüklərini deyirəm. “Sən çox gözəlsən" və ya "bu gün nə gözəlsən?!” deməklə həm xarici görünüşlərini, həm də daxili gözəlliklərini nəzərdə tuturam. Bunların effekti dərs prosesi zamanı çox gözəl olur. Tamamilə aktiv olurlar. Özgüvən nəticəsində nə soruşuramsa, cavablayırlar. Bir növ həmin gün özlərini ulduz sayırlar.


- Kənddəki balacaların istəkləri nədir? Şəhərdəkilərdən nə ilə fərqlənirlər?
- Şəhərdə yaşayan uşaq istədiyi vaxt parka və ya əyləncə mərkəzinə gedə bilirsə, buradakılar üçün bunlar əlçatmazdır. Mən şagirdlərimin ən böyük arzularını soruşmuşdum. Onlar 5 arzu saymışdılar. 4-nü reallaşdırdıq. Yerdə qalan isə dənizi görmək və parka, əyləncə mərkəzinə getməkdir.
Dərs dediyim kənd ucqardır, oradan şəhərə tərəf gedərkən evlərin sayı azalır, uzun yol və yenidən evlər görünür. Mən onları ilk dəfə gəzməyə apararkən soruşdular ki, “müəllimə, bura Azərbaycandır?” Yəni, onların xəyal dünyası o qədər kiçikdir ki, kəndlərindən 5-10 km uzağa gedərkən başqa ölkədə olduqlarını düşünürlər. Hətta xarici ölkələrdən hansında olmaları ilə bağlı sualımıza “Lənkəranda olmuşam” deyənlər də olub. Mən çalışıram ki, onların fantaziyalarını daha çox böyüdüm. Bəzən evə tapşırıq verirəm ki, xəyal qursunlar. İstəyirəm bilsinlər ki, dünya o qədər də kiçik deyil. Böyük və rəngarəngdir. Deyirlər ki, “mən də gələcəkdə müəllimə olacağam, öz uşaqlarımı parka, əyləncə mərkəzlərinə aparacağam”.



- Yəqin, havalar soyuyanda uşaqların məktəbə gedib –gəlməsi çətinləşir...
- Bizdə hava şəraiti bir az pisləşən kimi çətinlik yaranır. Məktəbimiz dağın üzərində yerləşir. Dağın aşağısında olan evlərdəki şagirdlər dərsə gəlməyə çətinlik çəkirlər. Yağışlı günlərdə bəzən valideyinlər əlavə geyimlər gətirib məktəbdə onların əyinlərini dəyişirlər. Məktəbi o qədər çox sevirlər ki, ikinci geyimi götürüb gəlirlər, ancaq dərsdən qalmırlar.


- Sonda təhsilimiz və müəllimlərimizlə bağlı hansı istəklərinizi dilə gətirmək istərdiniz?
- Arzu edirəm ki, hər bir müəllim şagirdini böyük bir dünya kimi görsün. Çünki bir şagird başqa birinin dünyasıdır. Dünyanı gözəlləşdirməyə çalışmalıyıq. Yaşadığın yeri gözəlləşdirməyənəcən sənin getdiyin hər bir yer cəhənnəm olacaq. Uşaqları dəyişdirsək, onlara sevgini, sevgi ilə öyrənməyi öyrətsək çox şeyə nail olacağıq. Beş şagird gələcəkdə beş ailə, bu isə kiçik bir cəmiyyət olacaq. Bu da sağlam cəmiyyətə bir yoldur.






Şahanə Rəhimli
AzVision.az



Teqlər: Müəllimə   Təhsil   Məktəb  





Xəbər lenti