"Hər gecə "bacı, məni qurtar" deyir..." - Rəhimin müəmmalı taleyi (FOTOLAR)

 "Hər gecə "bacı, məni qurtar" deyir..." - Rəhimin müəmmalı taleyi (FOTOLAR)
  15 Fevral 2022    Oxunub:14747
Rəhim Rəhimov 1970-ci ildə Salyan rayonunun Qarabağlı kəndində doğulub. Ailədə 5 bacı, 2 qardaş olublar. Orta təhsilli olan Rəhim Birinci Qarabağ Müharibəsində Ağdərədə döyüşüb və əsir düşüb. Ailəsinə onunla bağlı bir neçə zəng və məktub gəlsə də, sonradan evin sonbeşiyindən xəbər ala bilməyiblər. Düşmən "Rəhim qaçıb, bizdə yoxdur" deməklə kifayətlənib.
Atası Əbdülkərim kişi, anası Zeynəb xanım illərlə oğul yolu gözləyə-gözləyə həyatla vidalaşıblar. Bacısı Fatma xanımın isə 29 il keçməsinə baxmayaraq, ürəyindəki qardaş yarası qaysaqlamır, hər gecə yuxusunda Rəhimi əsir görür. O, hələ də ümid edir ki, qardaşı sağdır və xilas ediləcəyi günü gözləyir.


Fatma Rəhimova: "1993-ci ildə qardaşım döyüşmək üçün hərbi komissarlığa könüllü müraciət etmişdi. Ağdərə rayonunda bir ay müharibədə iştirak edib. Qonşularımızdan da yanında olub. Döyüş yoldaşları ona atəşi davam etdirməyi və yaralıları çıxaranları qorumağı tapşırıb. Rəhim erməni tankını vurub, bu zaman tankın arxası ilə gələn ermənilər onu ayağından yaralayıb, əsir götürüblər.
Əsir düşəndən 10 gün sonra atama dedilər ki, uşağın ermənilərin əlinə keçib. Atam inanmadı, müharibənin içində 4 gün gedib onu Ağdərədə axtardı, ancaq tapmadı. Bundan beş gün sonra evimizə ermənilərdən zəng gəldi. Dedilər ki, "sizin uşağınız bizim əlimizdə girovdur. Bizim Jora adlı əsgərimiz sizinkilərə əsir düşüb. Siz onu tapıb qaytarın, biz də sizin oğlunuzu təhvil verək".


Əbdülkərim kişi 10 günə yaxın müddətdə Jora adlı ermənini axtarıb. Ancaq sonradan xəbər tutub ki, o, əsirlikdə ölüb. Çətin vəziyyətdə qalan ata ermənilərə Joranın öldüyünü deyə bilməyib və qaçması ilə bağlı yalan danışıb.
- Atam Joranın öldüyünü ermənilərə deyə bilməzdi. Onlar bunun qisasını qardaşımı öldürməklə alardılar. Çıxılmaz vəziyətdə idik. Bir müddət ermənilərlə əlaqəmiz kəsildi. Ondan sonra ikinci dəfə zəng gəldi. Onlardan qardaşımı soruşduq. Dedilər, "sizin oğlunuz da qaçıb".
Bundan sonra atam qardaşımın şəklini götürüb, birbaşa Bakıya, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinə getdi. Orada qardaşımın şəklini miliyyətcə alman olan bir qadına verdi. Onlar da şəkli götürüb Ermənistana yollandılar. Gedib axtaranda görüblər ki, divar lövhəsində qardaşımın şəkli var və sağdır. Komitə Rəhimə məktub yazdırtdırıb bizə gətirdi. Məktubda "Ata, yaxşıyam, məni incitmirlər, qurban olum, dedikləri Joranı tap, məni onunla dəyişsinlər" deyilirdi.


Biz onun xəttini tanıdıq. Çünki məktəbi pis oxumuşdu, çətinliklə yazırdı. Növbəti dəfə komitəyə müraciət edəndə isə onların cavabı bu oldu ki, "qardaşınız ermənilərin əlindən qaçıb. Onun harada olduğu bilinmir".


Həmin zamanlarda Orenburqdan da teleqrama gəlmişdi. Orada yenə deyilirdi ki, "Joranı verin, Rəhimi qaytaraq". Atam həmin ünvana teleqram vurdu. Ancaq bizə cavab gəldi ki, siz deyən erməni burada yaşamır, köçüb gedib.


Atam illərlə qardaşımı axtardı, tapa bilmədi, dərddən, qubardan öldü. Anam vəfat edəndə dedi, "bala, o uşağı tapın, məzarımda rahat yatım".


Dövlət Rəhimə şəhid statusu verib. Ancaq ailəsi onun öldüyünə inanmır.

"Ürəyim deyir ki, o sağdır, yuxularımdan çıxmır. Hər gecə "bacı, məni buradan qurtar" pıçıldayır. Fevralın 20-də doğum günüdür. Yaxınlaşdıqca həmin illəri xatırlayıram".

Xatırladaq ki, bu il fevralın 4-də Fransa prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Emmanuel Makronun, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirildi. Azərbaycan Prezidenti birinci Ermənistan-Azərbaycan müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla, ümumilikdə 3890 Azərbaycan vətəndaşının taleyi barədə məlumat verilməsi və onların basdırıldığı kütləvi məzarlıqların yerlərinə Ermənistan tərəfindən aydınlıq gətirilməsinin vacibliyi diqqətə çatdırdı. Bu məsələyə Fransa və Avropa İttifaqı Şurasının prezidentləri tərəfindən dəstək ifadə olundu. İtkin düşmüş 4000-nə yaxın Azərbaycan vətəndaşlarının taleyinə aydınlıq gətirilməsinə görə məsuliyyət daşıyan Ermənistan tərəfi isə bu məsələdə əməkdaşlıq edəcəyinə vəd verdi.









Şahanə Rəhimli
AzVision.az


Teqlər: İtkin   əsir  





Xəbər lenti