`Azərbaycanın ən böyük bəlası hikkədir` - MÜSAHİBƏ

`Azərbaycanın ən böyük bəlası hikkədir` - MÜSAHİBƏ
  12 Aprel 2014    Oxunub:3015
AzVision.az-ın müsahibi texnika elmləri doktoru, professor Rafiq Əliyevdir.

- Müsahibəmizə hazırlaşarkən sizin bir fikrinizə rast gəldim: “Həqiqət qütblərdə yox, onların arasındadır. Amma insanlar bu həqiqətin yanında deyillər” deyirsiniz. Bəs siz 70 ildə bu aralıqda qalmış həqiqətə necə yaxınlaşdınız ?

- Vallah , adamın özü haqqında danışması, nəsə deməsi çətindir. Bir onu deyə bilərəm ki, təvəzökarlıqdan uzaq olmasın, həyatımda yalan danışmamışam. Hətta xırda şeylərdə də. Mənim üçün ən böyük senzor daxilimdəki senzordur. Gərək o, insanı qoymasın ki, yalana getsin. Bu baxımdan, həmişə çalışmışam ki, həqiqətin yanında olum. Və həyatda ondan düzgün yol görmürəm.

Mənim elmi istiqamətim həmişə, indi də “qərar qəbuletmə nəzəriyyəsi” olub. Ən düzgün yol və qərar həqiqətin yanında olmaqdır. Maddi zənginliyi, şəhvət hissini, başqa bir şeyi müvəqqəti əldə edə bilərsən. Ancaq o, düzgün yol deyil, gərək insan həqiqətin yanında olsun.

Yəqin soruşacaqsınız ki, həmin aralıqda mən haradayam? Sağ qütbdə - 1-in yanında ancaq Tanrıdır. Mütləq həqiqət tanrıya məxsusdur. Mən çalışmışam ki, həmişə 1-ə yaxın olum.

- Buna yaxınlaşmaq üçün çoxmu qüvvə lazım oldu sizə?

- Oy, nə qədər... Mən bəzən buradakı və Amerikadakı tələbələrimə də deyirəm ki, baxın, mənim üzüm gömgöydür. Deyirlər ki, professor, axı göy deyil. Deyirəm, siz fiziki rəng axtarırsınız, mənəvi zərbələri görmürsünüz axı! O mənəvi zərbələrin də əsas səbəbi həqiqətin yanında olmaqdır.

Bu gün cəmiyyətimiz belədir: düz sözü qəbul etmirlər. Özü də heç bir qütb. Nə o tərəf, nə də bu tərəf. Həqiqət deyəndə ancaq belə deyirlər, iki alternativ var: “Biri səhvdir, biri mən dediyimdir”. Yəni ki mən dediyim mütləqdir. Bax, bütün çətinliklər də bundadır. Mən də bundan çox əziyyətlər çəkmişəm. Ancaq bu yola gedən gərək heç bir əziyyətdən qorxmasın.



- Belə bir deyim var ki, doğru qərarlar təcrübədən, təcrübə də yanlış qərarlardan yaranır. Siz bu mərhələlərdən necə keçmisiniz?

- Mənim həyatda Tanrıya ən çox buna görə şükr edirəm ki, məni nəfsimə qul etməyib. Həmişə nəfsimdən yuxarı durmuşam. Nəfs tək maddi tərəf deyil, şöhrəti, şəhvəti, nəfsin maddiyatı və müxtəlif tərəfləri var.Ən böyük sərkərdə odur ki, nəfsi ilə cihadda qalib olsun. Ondan böyük sərkərdə yoxdur.

Mən, düzü, heç bir riyazi formuldan istifadə etməmişəm nəfsə qalib gəlməkdə. Görünür, genetik olan bir şeydir. Atam Ağdamda idarə rəhbəri olub. Ancaq mənim, qardaşımın, bacımın məktəb kitabını almağa maaşı çatmırdı.Bizim Novruzlu kəndində evimiz var idi, orada barama qurdu saxlayırdıq, böyüdürdük, aparıb təhvil verirdik. Onunla da mən kitab-dəftər alırdım. Bu şəraitdə böyümüş bir adamam. O vaxt maaş 90 manat idi. Həmin 90 manatdan başqa həyatımda bir dənə şey görməmişəm. Bu, görünür, genetik yaddaşdan gələn bir şeydir.

İkincisi isə, mən həyatımda müəllimlərimə çox minnətdaram. Xüsusən də iki nəfərə. Çox saf , dürüst insanlar olublar. Onun biri SSRİ Elmlər Akademiyasının vitse –prezidenti, akademik Boris Nikoloyeviç Petrov çox böyük şəxsiyyət idi. Birdən işə gəlmirdi, o saat bilirdik ki, sabah Baykonurdan bir gəmi qalxacaq. Yəni son sözü bu deyərdi. O qədər yüksək çinli bir adam idi. Amma o qədər də təmiz, düz, nəfssiz bir adam idi.

Digər müəllimim isə Lütfizadə olub. Mən yazımda da bildirmişəm, onun evi orta statistik azərbaycanlının evindən də aşağı səviyyədədir. Daim mətbəxdə çörəyini yeyərdi. İki stulu olardı: biri özü, digəri isə həyat yoldaşı üçün. Əlavə, lazımsız heç nəyi yoxdur.



Uşaq vaxtdan mən əgər bu mühitdə böyümüşəmsə, necə nəfsimin qulu ola bilərdim?!

- `Qərarqəbuletmə nəzəriyyəsi`nin yaradıcısı olan bir insan kimi həyatınızda necə, qəbul etdiyiniz qərarların nəzəriyyəsində az da olsa, dəyişiklik etmək istəmisinizmi?

- Bir insan elmin hansısa sahəsilə uzun müddət məşğul olursa, artıq onun düşüncəsi dəyişir. Düşüncə tərzim, fikrim, həyat fəlsəfəm qeyri- səlis fəlsəfədir. Əfsuslar olsun ki, bu gün bizim ictimaiyyətdə çoxu ikili – ağ-qara məntiqlə düşünür.

Hər bir qərarı qəbul edəndə gərək biləsən ki, hansı situasiyada edirsən. Ona elmi dildə “təbiətin vəziyyəti necədir” deyirlər. “Təbiət” deyəndə biz başa düşdüyümüz təbiət yox, yəni baxılan məsələnin təbiəti nəzərdə tutulur. Lütfüzadənin, mənim, bəzi kolleqalarımızın əlavə etdiyimiz, isbat etdiyimiz fikir budur ki, qərar qəbul olunanda nəticə təkcə o situasiyadan, şəraitdən asılı deyil. Hansı insan o qərarı qəbul edir, o insanın determinantları, xüsusiyyətləri nədir? Yəni bu insan risklidir, ya risksizdir, dürüstdür , ya deyil, başqası haqqında fikirləşəndir, yoxsa yox? Bunlardan çox şey asılıdır. Burada da tolerantlıq lazımdır. Belə demək olmaz ki, filankəs dürüstdür ya deyil, hər şeyin dərəcəsi var, bir Tanrıdan başqa.

Və üstəgəl, qərar qəbul edəndə bir şeyi də nəzərə almaq lazımdır ki, səndə olan informasiyanın dürüstlüyü nə qədərdir? Həmin informasiyaya nə qədər inanırsan? Bu təzə hesab, təzə riyaziyyat, yeni bir yanaşma tələb edir.

Bunlar artıq mənim düşüncə tərzimə dönüb. Qəraralar qəbul edəndə riski, dürüstlüyü, şəraiti, şəraitdə olan qeyri- müəyyənliyi çalışaram çox vaxt nəzərə alım.

- Hər bir səs tezliyi müəyyən rəngə çalır, deyirlər. Sizin səsiniz hansı rəngə çalır ?

- Yaman suallar verirsiniz ha... Vallah, bilirsiniz , ömrün rəngləri var, qızım. Bax, indi sizin rənginiz, ömrünüzün rəngi başqadır, səs də ömrün bir parçasıdr. Gözəl çələngdir. Orada hər bir rəng, ətir var. Ömür keçdikcə isə bu rənglər dəyişir. Orta yaşa çatanda yaşıllaşır. İndi mənim rəngim payız rəngidir. Düşünürəm ki, səsimdə də bir payız rəngi var.



Yəni bilirsiniz, üfüqün sonu görünür, 3-5 il, Tanrının verdiyi nə ömürdüsə, o qalıb. Siz gənclərin üstünlüyünüz ondadır ki, ömrünüz uzundur , hələ qabaqda çox var. Çox işlər görə biləcəksiniz. Allahdan da arzulayıram ki, heç belə payız rəngi gəlməsin. Sizə hallı qocalıq versin, həmişə də yaşıl çələng qalsın.

- Geriyə dönüş etmək istəsəydiniz, keçmişə qayıtmaq istəsydiniz, hansı çalardan digərinə keçid etmək istərdiniz?

- Təbii ki, uşaqlığımda müxtəlif rənglər olub. Əsasən lalələr, başqa çiçəklər, yəni rənglərin simbiozu, çələngi olub. Sonra isə gənclik gəlir, bənövşəyi rəngə çalır. Amma hətta mən indi deyirəm e, bənövşəyi olub, bu rəngin özünün də minlərlə çaları var. Baxır kim necə yaşayıb. Ondan sonra bir az ahıl vaxtı gəlir gənclikdən sonra, yaşıllaşmış rəng. “Bir az da yaşıllaşmış” o baxımdan deyirəm ki, Allaha yaxınlaşırsan. Cavan, uşaq vaxtı bir o qədər dərk edə bilmirsən. Ondan sonra isə payız gəlir. Amma istəmərəm kiminsə ömrünə qış gəlsin.

- Çəhrayı rəngi sevirsiniz, bu rəngin içində nələr var, hansi sirlər gizlənib?

- Yaman hazırlaşmısınız siz... Heç bu sualları mənə verən olmamışdı...
Bu ayın 21- də mənim həyat yoldaşımın dünyasının dəyişməsinin 3 ili tamam olur. Bir yazı hazırlayıram. Keçən il isə bir yazı hazırladım: “Qara paltarlı qadınım olmadın, niyə”. Ona “Mediaforum” saytında belə başlıq qoydular: “Çəhrayı palatarlı qadın” . Çünki orada çəhrayı paltar barədə bir epizod var idi. Mənim də, həyat yoldaşımın da sevdiyi çəhrayı rəng idi. Adətən çəhrayı paltar geyinərdi. Və orada yazdım ki, “Bir gün gələcək, səninlə görü-şəndə, qara paltarda yox, sənin və mənim çox xoşumuza gələn cəhrayı paltarında qarşıma gəlib əllərimdən tutanda, qəbrimə daması qəmli göz yaşların sevinc yaşı kimi ovucuma töküləcək”. O rəng mənə bütün gəncliyimi, həyatımı xatırladır.

- “Kaş ki”lər hər gün ruhumu bədənimdən qoparır” yazmısnız Aida xanımla bağlı yazınızda. Nələrdir bu “kaş ki”lər? İndi ruhunuzun vəziyyəti necədir?

- Vallah, ruhum çox da yaxşı durumda deyil. O barədə ki, ruh tam öz yerində deyil. Vallah, sormasanız yaxşıdır. Burada söhbət hansısa sentimental hisslərdən getmir. Başqa bağlılıqlardan, həyatdan, sədaqətdən söhbət gedir.



Mən bu boyda dünyada , öz dünyamda özümü qərib hiss edirəm. Öz içində kimsəsiz olmaq ən ağır bir şeydir. Allah heç kimə qismət etməsin. Ən ağır şey odur ki, həyatda içərində tək olasan. Dostlarım da var, allaha şükür, tələbələrim də var, qohumlar da... Ancaq içəridə tək olmaq çox çətin məsələdir.

- Dostluq demişkən, bilirəm ki, Ramiz Rövşənlə sıx dostluq edirsiniz. Ramiz Rövşəni Allahın sevgisinə tuş gəlmiş bir adam kimi təqdim edirsiniz. Bəs Allahın sizə münasibəti necədir? Siz bu sevgi çəmbərinə düşə bilmisinizmi?

- Onu mən özüm qiymətləndirə bilmirəm. Ramizə bir dəfə sual verdilər ki, kimi özünüzə ən yaxın dost hesab edirsiniz? O da dedi, “Mənim həyatda bir dostum var, o da Rafiq Əliyevdir”. Bu, simmetrikdir. Həyatda ümumiyyətlə, hər bir şey - ailə də, dostluq da simmetrik olmalıdır. Belə bir deyim var ki, “əyri xurcun yükü başa vurmaz”. Yəni bir gözü əyilsə, hökmən aşıb düşəcək. Dostluq da belədir. Baxın həyata, Allah Xudu Məmmədova rəhmət etsin. O , bütün kristallarda olan simmetriyanı görürdü. Ornamentlərdə, muğamda və s. olan simmetriyaları görürdü. Ailədə, dostluqda simmetriya dağılanda, xurcunun gözü pozulur. Ramiz, doğurdan da, Allahın sevgisinə tuş gəlmiş adamdır. Ona görə ki , Ramizn ömrü uzundur. Bilirsiniz, nə qədər? Nizaminin ömrünü kim deyə bilər, Fizulinin ömrünü kim deyə bilər? Bioloji ömür deyil ki?! Nə qədər bu xalq, millət, dünya var, Ramizin ömrü o qədərdir. Amma mənimki nə qədərdir, bilmirəm.

- Çoxmu rast gəldiniz başqalarına “0”, özlərinə isə “1” kimi baxan insanlara? Necə dayanıqlıq göstərdiniz ?

- “Başqalarına “0”, özlərinə isə “1” deyən, nə gözəl tapıntıdır. Mən xahiş edirəm, bu sözümü yazın, bu, Şahanənin müəllifliyidir, çəkinməyin, təvazükarlıq etməyin.

Bəs məni həyatda yandıran əsas budur da. Bu gün Azərbaycanın ən böyük bəlası hikkədir. İnsanların hikkəsi. Bu gün və sabah astronomik olaraq demirəm, bizim bugünki durumumuzda hər tərəfdən bu qədər ki, basqılar var və çoxalacaq bu basqılar, onun qarşısında bircə şey dura bilər. Nə Qərbin köməyi, nə Şərqin köməyi, yalnız milli birlik, barış. Başqalarına “0”, özlərinə isə “1” deyənlər isə buna imkan vermir.

- AL1, AL2, AL3 qeyri–səlis məntiqi Rusiya kosmik texnikasında, aparatlarında, xüsusən də naviqasiya cihazlarında idarə etmənin qurulmasında əsas götürülüb. “Çin bumu”nun kökündə qeyri- səlis məntiqin durduğunu deyirlər. Sizin həyat gəminizi idarə etməkdə bu məntiqin nə qədər yararlı oldu?

- Təbii ki, o məntiq ağ–qara məntiqindən uzaqdır. Həmin məntiqlər həyat informasiyasını, şəraitini düzgün qiymətləndirə bilir. O da mənim həyat tərzimə çevrilib. Mənim də yadıma gəlmir ki, bir dəfə səsimin tonunu qaldırm. Auditoriyaya girəndə tələbə ayağa dursun - belə şeylər ömründə olmayıb. Biz tələbə ilə dost olmuşuq, hüquqmuz eyni olub. Mənim bir azadlıq çevrəm var, onun bir azadlıq çevrəsi var. Onun azadlığı mənim azadlığım başlayan yerdə qurtarır.

- Bəxtiyar Vahabzadə deyirdi ki, şairi şair edən dərd, kədərdir. Siz deyirsiniz ki, dərdsiz insanı bütöv insan hesab elemək olmaz. Geriyə baxanda sizi bütöv edən o dərdləri yox etmək istəyiniz olubmu?

- Dərdi qazanmırlar ki, qızım... Onu yox etmək də mümkün olmur. Dərd qismətdir.



Mənim imanım dinimdən yüksəkdir. Bəzi dini atriubutları etmirəm. Amma o iman, daxili vicdan senzoru ki var, o, çox vacibdir. Bu baxımdan, qismətə inanıram. Mən namizədlik disertasiyası müdafiə edən gün, 1967- ci ildə oğlumu itirmişəm. Bu, mənim qismətim olub. Qarabağı, torpağımı itirmişəm, doğulduğum komamı, həyat yoldaşımı itrmişəm, bunun qarşısını ala bilməzdim. Mən həyatda bütün gücümlə çalışmışam ki, bunlar olmasın, amma qismətdən qaçmaq çətindir.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti