Diplomatiyamızın incələri: Xanım səfirlərimiz - SİYAHI
Bəs Azərbaycanın müstəqillik tarixində onun davamçısı olan xanım səfərlərimiz kimlərdir?
Müstəqillik dövrünün ilk xanım səfiri Eleonora Hüseynova olub. O, 1994–2004 Azərbaycan Respublikasının Fransadakı fövqəladə və səlahiyyətli səfiri, 2004–2013-cü illərdə Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi kimi çalışıb.
Növbəti xanım səfirimiz 2007-2011-ci illərdə Azərbaycanı Litvada təmsil edən Nairə Şaxtaxtinskayadır. Həmin dövrdə xaricdəki yeganə qadın səfirimiz olan Nairə Şaxtaxtinskaya eyni zamanda 1995-2005-ci illərdə I və II çağırış Milli Məclisin deputatı olub. O, həmçinin AŞ PA Monitorinq komitəsinin məruzəçisi seçilmiş ilk azərbaycanlı parlamentaridir .
Xanım İbrahimova beynəlxalq münasibətlər və diplomatiya sahəsində 20 illik iş təcrübəsinə malikdir. O, 2017-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Eyni zamanda Lixtenşteyn Knyazlığında akkreditə olunub.
Hazırda səfir kimi fəaliyyət göstərən 3, konsul olan 2 diplomat xanımımız var. Onlardan biri Nərgiz Qurbanovadır.
O, 2001-2010-cu illərdə Xarici İşlər Nazirliyində İqtisadi Əməkdaşlıq və İnkişaf İdarəsində müxtəlif vəzifələrdə çalışıb. Həmçinin 2004-2007-ci illərdə Azərbaycanın Avstriya səfirliyində, 2010-2013-cü illərdə isə Azərbaycanın ABŞ səfirliyində işləyib. Nərgiz Qurbanova 2016-2021-ci illərdə Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub. 2021-ci ildən bu günə qədər isə ölkəmizin Polşadakı fövqəladə və səlahiyyətli səfiri kimi vəzifəsinə davam edir.
Digər xanım səfirimiz Elmira Axundova 2020-ci ildə Prezident İlham Əlyevin müvafiq sərəncamı ilə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Elmira Axundova III, IV və V çağırış Milli Məclisin deputatı olub.
Dünən Prezident İlham Əliyevin sərəncamı ilə Fransaya səfir təyin olunan Leyla Abdullayeva 2002-ci ildən etibarən Xarici İşlər Nazirliyində çalışır. Azərbaycanın NATO yanındakı nümayəndəliyində və Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik fəaliyyət göstərib. Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyində (AİDA) direktor müavini vəzifəsində çalışıb. 2008-ci ilin oktyabrında Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi təyin olunub. Qeyd edək ki, səfir xanımın həyat yoldaşı da diplomatdır. O, Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Cəlal oğlu Hüseynovdur.
Daha bir azərbaycanlı xanım diplomat 2016-ci ildə Azərbaycanın Avstraliya İttifaqındakı fəxri konsulu təyin olunan Aydan Atif qızı Rzayevadır. Azərbaycan Dillər Universitetində təhsilini müvəfəqqiyyətlə başa vurduqdan sonra ailə həyatı qurub və Avstraliyaya köçüb.Orada diaspor fəaliyyətilə məşğul olub.
Nərminə Mustafayeva 2020-ci ildə Azərbaycanın İstanbuldakı baş konsulu təyin olunan növbəti xanım diplomatımızdır. O, daha əvvəllər jurnalist kimi fəaliyyət göstərib. 1990-cı illərin sonu-2000-ci illərin əvvəllərində ANS televiziyasında müxbir kimi çalışıb, “Xəbərçi” proqramının aparıcısı olub. Daha sonra Prezident Administrasiyasının Protokol xidmətində işləyib.
Aytən Zəhra
AzVision.az