Katana qılıncı: Onunla məhbusların qolunu, ayağını doğrayırdılar

      Katana qılıncı:    Onunla məhbusların qolunu, ayağını doğrayırdılar
  19 Oktyabr 2022    Oxunub:5072
Katana qılıncı - bir tapança gülləsini ikiyə böləcək qədər iti və davamlı, bir saç telini hissələrə ayıracaq qədər həssas olan bu silah Yapon xalqının dünyaya bəxş etdiyi ən möhtəşəm əsərlərindən biridir.
Katana qılıncı Yapon xalqı üçün qürur, mənəvi güc və itaətkarlığı təmsil edirdi. Lakin bir çox insanın qorxulu yuxusuna çevrilmişdi. İnsan bədənini bir hərəkətlə yarıya bölən qılınc müasir dövrümüzdə çox az miqdarda istehsal olunur və qiyməti beş min dollarla əlli min dollar arasında dəyişir. Dünyanın ən iti qılıncı adını daşıyır.

Kökləri X əsrə çıxan Samuraylar aristokratlar (zadəganlar) arasından seçilirdi. Onların təlimləri uzun illər davam edirdi. Bu döyüşçülər üçün qılıncları mənəvi gücü, qüruru və şərəfi ifadə edirdi. Onlar arasında "harakiri" adlanan bir söz vardı. Bu söz samurayların intihar etməsi mənasını daşıyırdı.

Bir samurayın müəlliminin ölümü, döyüşdə baş verən məğlubiyyət və Yapon cəmiyyətində xoş qarşılanmayan hərəkətlər və buna bənzər hallar samurayın harakiri etməsi ilə nəticələnirdi. Onlar müşahidəçi yanında dini rituallar yerinə yetirərək intihar edirdilər. Samuray bir bıcaq vasitəsi ilə qarnını xaç şəklində deşərək həyatına son qoyurdu. Harakiri kəliməsinin tərcüməsi də “qarın deşmək” mənasını verir.



Yaponiya tarixində 1603-1868-ci illəri əhatə edən Edo dövründə yalnız samuraylar qılınc daşıya bilərdilər. Üzərində qılınc daşıyan kəndlilər ölümə məhkum olunurdular. Qılınc ilk dəfə hazırlanarkən onun kəskinliyini yoxlamaq məqsədi ilə məhkumların törətdikləri cinayət dərəcəsinə görə ya qolunu, ya ayağını, ya da boynunu vururdular. Bir samuray düşməni ilə döyüşdüyü zaman ilk dəfə ox, nizə və ən son olaraq Katana qılıncından istifadə edirdi. Katanadan istifadə etmək düşmənə “səni öldürmək istəyirəm” demək idi.

Gassan Sadakazu və Gassan Sadakatsu o dövrün ən yaxşı qılınc ustaları idilər. Onlar möhtəşəm tələbələr yetişdirmişdilər. 1934-cü ildə Yaponiya öz ordusunu Şin Gunto adlanan yeni ordu qılıncı ilə təchiz etmişdi. Bu qılınclardan İkinci Dünya Müharibəsində də istifadə edilib. Amerika Birləşmiş Ştatlarının Yaponiyanı işğal etməsi nəticəsində Katana qılıncının istehsalına qadağa qoyulmuşdu. Qılıncın hazırlanması yalnız polisin icazəsi ilə həyata keçirilirdi. Bir müddət sonra bir neçə dəyərli ustanın səlahiyyətli şəxslərlə görüşü nəticəsində Gunto qılınc sinfi yox edilərək, yenidən Katana istehsalına başlanılmışdı.

Beləliklə, bu istehsal bir çox insanın çox ucuz qiymətə satılan Katanadan istifadə etməsinə və oğurlanmasına yol açmışdı. İkinci Dünya Müharibəsi bitdikdən sonra Yapon qılınclarının çoxu ABŞ-ın əlinə keçdi. Daha sonra qılınclar toplanaraq mühafizə altına götürüldü.

Katana qılıncının hazırlanma mərhələləri:

Katana qılıncı odun kömürü, karbon və dəmir qumundan hazırlanırdı. Daxilində olan bu maddələr 3 gün və 3 gecə müddətində əridilirdi. 36 saat müddətində 26 ton saf dəmir və odundan istifadə olunurdu. Məqsəd “tamagahane” adlandırılan dəmirin yaranması idi. 1000 °C -də isidildikdən sonra sərt polad və yumşaq dəmir metal formasını alırdı. Bu qılıncın karbon balansını saxlamaq üçün bərabər miqdarda karbon buraxılır. İki metal element olan saf dəmir və saf poladdan hazırlanır. Saf polad qılıncın ucunu iti etmək üçün istifadə olunur.
Daxilində mövcud olan sulfat, dəmir və karbon qarışımı qılınca elastiklik və sərtlik verir.



Katananın hazırlanmasına başlamadan öncə dualar oxunurdu. Onun hazırlanma müddəti 3 aydan çox davam edirdi. Dəmir parçaları əridilir və qılıncın paslanmaması üçün onu yaş bir kağızın üzərinə qoyaraq üstünə gil və kül sürtülürdü. Buradaki əsas məqsəd qılıncın paslanmasının və itiliyini itirməsinin qarşısını almaq idi. Dəmirlər üst-üstə qoyularaq bir neçə dəfə döyülür və gil-kömür qarışımı onun üzərinə sürtülürdü. Burada qılıncı hazırlayan ustanı təmsil edən bir xətt meydana gəlir. Qılıncın keyfiyyətini öyrənmək üçün usta onu bir dəqiqə müddətində orta səviyyədə yanan odda saxlayıb dərhal suya salırdı. Qılıncın hazırlanma mərhələsinin ən son pilləsi cilalanmadır. Hər bir Katananın özünə maxsus xüsusi daşı mövcuddur. 10 gün davam edən cilalanma prosesindən sonra ən çətin və ən riskli “jizuya daşı”ndan istifadə olunurdu. Bu daş düyü dənəcikləri qədərdir. Ən son olaraq ağartma prosesi başladılır və Katana qılıncının hazırlanma prosesi başa çatırdı.

Şəms Şahinli
AzVision.az


Teqlər:





Xəbər lenti